Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1020/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh “xxxxxxxxxxxx” MTK-nın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxx” MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4586/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxx” MTK-nın nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 31 ünvanında tikilən MTK-da 1-ci mərtəbə, 1-ci blokda yerləşən 40 kv.m.-lik qeyri-yaşayış sahəsi üçün ödənilmiş 64000 manat vəsaitin iddiaçıya geri qaytarılmasına, 18 000 (on səkkiz min) manat məbləğində əldən çıxmış faydanın və iddiaçıya vurulmuş 20 000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın “xxxxxxxxxxxx” MTK tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında tikilən MTK-da 1-ci mərtəbə, 1-ci blokda yerləşən 40 kv.m.-lik qeyri-yaşayış sahəsi üçün ödənilmiş 64 000 manat vəsaitin iddiaçıya geri qaytarılmasına, 18 000 (on səkkiz min) manat məbləğində əldən çıxmış faydanın və iddiaçıya vurulmuş 20 000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın Cavabdeh1 və “xxxxxxxxxxxx” MTK tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia icraata qəbul edilmiş və “xxxxxxxxxxxx” MTK ikinci cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4586/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxxxxxxxxxx” MTK-dan Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 31 ünvanında tikilən MTK-da 1-ci mərtəbə, 1-ci blokda yerləşən 40 kv.m-lik qeyri-yaşayış sahəsi üçün ödənilmiş 64.000 (altmış dörd min) manat, vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat olmaqla, cəmi 66.000 (almış altı min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxxxxxx” MTK-nın nümayəndəsi X3 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamə-sinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkan cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bundan əlavə, İddiaçı ilə cavabdeh “xxxxxxxxxxxx” MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli 178 saylı müqavilədən görünür ki, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 31 ünvanında tikilən MTK-ya məxsus binanın 1-ci mərtəbə, 1-ci blokunda yerləşən 40 kv.m.-lik qeyri-yaşayış sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, müqavilədə qeyri-yaşayış sahəsinin 15 ay müddətində iddiaçının istifadəsinə verilməsi qeyd olunmuşdur. Cavabdeh “xxxxxxxxxxxx” MTK tərəfindən müqavilədə qeyd olunan şərtlər pozulmamış, həmin bina tikildikdən sonra qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verilmişdir. Lakin, iddiaçı bu günə kimi qeyri-yaşayış sahəsi ilə maraqlan-mamış, qeyri-yaşayış sahəsini təhvil almamış, cavabdehə pretenziya ilə müraciət etməmişdir. İddiaçı pretenziya qaydalarına riayət etmədən, cavabdehə məlumat vermədən, tamamilə əsassız və uydurma bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddiaçının 7 il sonra qeyri-yaşayış sahəsinin alınması üçün ödədiyi pul məbləğini geri istəməsi absurddur. Çünki, iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasını sübut edən sənədini məhkəməyə təqdim etməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi heç bir delikt aşkar olunmadığı halda, cavabdehdən vurulmuş mənəvi zərərə görə 2000 manat məbləğində pulun iddiaçıya ödənilməsini qət etmişdir. Cavabdeh “xxxxxxxxxxxx” MTK-nın nümayəndəsi X3 apelyasiya şikayətinə əlavə verərək, göstərmişdir ki, iddiaçı cavabdeh ilə bağladığı xx.xx.2012-ci il tarixli, 178 saylı müqaviləni mübahisələndirmədən, yalnız Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 31 ünvanında tikilən MTK-ya məxsus binanın 1-ci mərtəbə, 1-ci blokunda yerləşən 40 kv.m.-lik qeyri-yaşayış sahəsinin alınması üçün ödədiyi 64000 manat pulun və 2000 manat mənəvi zərərin əvəzinin iddiaçıya ödənilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qaldığı halda, qətnamə icra olunan zaman cavabdeh həm qət edilən pulu iddiaçıya ödəyəcək, həmdə qüvvədə qalan 178 saylı müqavilə üzrə qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olacaqdır ki, belə olan halda qətnaməni əsaslı və ədalətli hesab etmək olmaz. Eyni zamanda, məhkəmə araşdırması müddətində iddiaçı həm iddianın predmetini, həmdə əsasını dəyişmiş, birinci instansiya məhkəməsi qeyd olunan hala hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxx” MTK-nın nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin təmin olunan hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən iddia tələbləri iki hissədən ibarətdir: 1) cavabdeh “xxxxxxxxxxxx” MTKdan Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 31 ünvanında tikilən MTK-da 1-ci mərtəbə, 1-ci blokda yerləşən 40 kv.m-lik qeyri-yaşayış sahəsi üçün ödənilmiş 64.000 (altmış dörd min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi; 2) vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pulun cavabdeh “xxxxxxxxxxxx” MTK-dan alınaraq İddiaçı ödənilməsi. Birinci instansiya məhkəməsi pulun tutulması ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə MTK tərəfindən tikilən binanın 1-ci mərtəbə, 1-ci blokda yerləşən 40 kv.m.-lik qeyri-yaşayış sahəsi 15 ay müddətində iddiaçıya təhvil verilməlidir, lakin cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl edilməmiş, nəticədə iddiaçıya ziyan vurulmuşdur. İşin faktiki hallarından göründüyü kimi, “xxxxxxxxxx” MTK öhdəlik haqqında müqavilədə göstərilən şərtlərlə razılaşaraq İddiaçı ilə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə öhdəlik götürmüşdür. Belə olan halda, məhkəmə hesab etmişdir ki, vurulmuş zərərə görə müqavilənin tərəfi olan cavabdeh “xxxxxxxxxx” MTK məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə iddianı təmin etməkdə haqlı olmamışdır. Hazırkı vəziyyətdə 64000 manat məbləğində pulun ödənilməsi barədə iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulub-pozulmamasına qiymət verilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı (payçı) ilə cavabdeh “xxxxxxxxxxxx” MTK arasında xx.xx.2012-ci ildə bağlanmış 178 saylı müqaviləyə əsasən, sonuncu Gəncə şəhəri, H.Əliyev küçəsi, 31 ünvanda tikilən “xxxxxxxxxxxx” MTK-da 1-ci mərtəbə, 1-ci blokda yerləşən 40 kv.m qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə qeyri-yaşayış sahəsinin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə qeyri-yaşayış sahəsini qəbul etməyi öz üzərinə götürmüşlər (müqavilənin 1.1 və 1.2-ci bəndləri). Qeyri-yaşayış sahəsi payçıya müqavilə bağlanan andan 15 ay müddətində müqavilədə göstərilən razılaşma əsasında təhvil verilir (1.3-cü bənd). Müqavilənin 1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin hər kv.m 1600 manat həcmində qiymətləndirilməklə, cəmi 64000 manat təşkil edir (2.1-ci bənd). İşdə olan xx.xx.2012-ci il tarixli 88 saylı kassa mədaxil orderindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2012ci il tarixli 178 saylı müqavilə üzrə 64000 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxx” MTK-ya ödənilmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 1/68 saylı məktubdan və poçt göndərişlərinin izlənməsi barədə çıxarışdan müəyyən olunur ki, xxxxxxxxxxxx” MTK həmin məktubla tərəflər arasında xx.xx.2012-ci ildə bağlanmış 178 saylı müqavilə əsasında Gəncə şəhəri, H.Əliyev küçəsi, 31 ünvanda 1-ci mərtəbə, 1-ci blokda yerləşən 40 kv.m lik qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən təhvil götürülməsi ilə bağlı faktiki sahiblik etməsini və həmin qeyri-yaşayış sahəsinin açarlarını götürməsini iddiaçıya təklif etmiş, həmin məktub xx.xx.2020-ci ildə iddiaçının ünvanına çatdırılmışdır. Bu baxımdan kollegiya məhkəmə baxışında müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, tərəflər arasında mövcud olan xx.xx.2012-ci il tarixli 178 saylı müqavilə üzrə cavabdeh “xxxxxxxxxxxx” MTK tərəfindən hər hansı öhdəliklərin pozulması, eləcə də müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin iddiaçıya verilməməsi barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmadığına görə, qeyri-yaşayış sahəsinin alınması üçün ödənilmiş pul vəsaitinin iddiaçıya geri qaytarılması əsassızdır. İddia tələbinin 2000 manat mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2002-ci il tarixli qərarına əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə- hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı cavabdeh “xxxxxxxxxxxx” MTK-nın iddiaçıya ziyan vurulmasına gətirib çıxaran hər hansı hüquqazidd əmələ yol verməsi müəyyən olunmamışdır. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddaçı iddia ərizəsində dəyərini ödədiyi qeyri-yaşayış sahəsinin ona verilməməsi əsası ilə 64000 manat məbləğində pulun qaytarılmasını və cavabdeh tərəfindən ona vurduğu mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, tələbin əsaslı olması barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, işə cavabdehin iştirakı olmadan baxılması barədə apelyasiya şikayətindəki dəlillərlə məhkəmə kollegiyası razılaşmır. Belə ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılma-dığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən apelyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxxxxxxxxxx” MTK-nın nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4586/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi “xxxxxxxxxxxx” MTK-ya münasibətdə mübahisələndirilən hissədəiddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-1020/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1020/2020
04.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver