Məhkəmə qərarları › İş №2(103)-1021/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1021/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1021/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı2, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakları ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-1124/2021 saylı iş üzrə qəbul etdiyi 17 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müştərək qaydada 11670 manatın, mənəvi zərərə görə 10000 manat, hüquqi yardımla əlaqədar ödənilmiş 500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar heyvan satıb ailələlərini dolandırırlar. 2016-cı ilin dekabr ayında Cavabdeh2 vasitəsilə tanıdıqları Cavabdeh1 heyvan alıb satmaq üçün İddiaçı2 6000 manat pul verib. Bir neçə gün sonra Məzahir yenidən evlərinə gələrək 6000 manat dəyərində 60 baş xırda buynuzlu heyvan hər biri 100 manat dəyərində götürərək yaxın müdətdə verəcəyinə söz versə də, pulu qaytarmamışdır. Cavabdeh1 12 000 manat borcun olmasına dair yazılı iltizam vermişdir. Cavabdehlərin hərəkətləri nəticəsində 10000 manat mənəvi zərər dəymişdir və həmin zərər də cavabdehlərdən tutulmalıdır. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 öldüyündən ona aid hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı sonradan tələbin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim edilmiş, iddiaçı qismində yalnız İddiaçı2 göstərilmiş, tələb isə Cavabdeh1 11670 manat maddi və hüquqi yardımla əlaqədar 500 manat, həmçinin Cavabdeh2 1000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun tutulmasından ibarət olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-1124/2021 saylı iş üzrə qəbul etdiyi 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 həqiqətən də iddiaçıdan borc olaraq 6000 manat pul və 6000 manatlıq quzu götürdüyünü etiraf etməsini lakin quzuları da satıb bütün məbləği artıqlaması ilə qaytardığına dair gətirdiyi dəlillərə dair məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyinə düzgün qiymət verməmişdir. Bundan başqa cavabdeh ilk məhkəmə iclasında göstərilən iltizamı imzaladığını bildirsə də hakimlə prosesdən sonra apardığı söhbətdən sonra yadına gəlmədiyini bildirmişdir. İşə əlavə olunmuş, Xəzər RPİnin 2-ci PB-nin 27 iyun 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərarına əsasən İddiaçı2 22.06.2020-ci il tarixli ərizəsinə əsasən Cavabdeh1 ona 12000 manat borcu olduğu, lakin qaytarmamağı barədə şikayət araşdırılmışdır. Beləliklə, məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 iddiaçının atasına 12000 manat borcu olmuşdur. Bu hal Cavabdeh1 polisdə və məhkəmədə verdiyi izahatı ilə təsdiq edilir. Onun izahatından başqa hər hansı bir sübut mövcud olmamışdır. Borc müqaviləsi qanunvericiliyin tələbinə əsasən yazılı şəkildə tərtib edilməli olduğu halda, buna riayət edilməmişdir. Halbuki, məhkəmə zamanı əlavə sübut kimi İddiaçı1 cavabdehlə olan telefon səs yazısı da məhkəməyə təqdim edilmiş, səs yazısı dinlənilmiş və həmin audio səs yazısında cavabdeh onun atasına olan 12000 manat borcunu etiraf etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bunu qətnamədə göstərməyərək qiymət verməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, borcun qaytarılmaması iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, Cavabdeh2 dair ümumiyyətlə hər hansı bir məlumat məhkəməyə təqdim edilməmişdir. Halbuki, borcun qaytarılmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə borcun qaytarılması barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, atası ilə birlikdə heyvan satmaqla ailələrini dolandırmışlar, cavabdehə verilmiş pul isə ailənin ümumi büdcəsindən olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh1 birinci instansiya məhkəməsi baxışı zamanı verdiyi izahatında eləcə də polisdə gedən araşdırma zamanı iddiaçıdan 6000 manat pul və 6000 manat dəyərində quzu almasını etiraf etməsinə baxmayaraq birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməyərək, borc müqaviləsinin müddəalarını tətbiq etməklə iddia tələbini rədd etmişdir. Həmçinin hazırki vəziyyətdə cavabdehin imza etdiyi iltizamın əsli itdiyindən onun təqdim edilməsi qeyri-mümkündür. Bundan başqa cavabdehin iddiaçıdan pul alması onlar arasında olan telefon danışığı zamanı da öz təsdiqini tapmış, bununla bağlı səs yazısı da təqdim edilmiş lakin həmin sübuta da qiymət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, İddiaçı1 6000 manat və 6000 manat dəyərində quzu götürmüş və şahidlərin yanında pulları qaytarmışdır. Hazırki iddia tələbi isə əsassızdır. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Belə ki, Cavabdeh1 iddiaçının atasına 12000 manat borcu olmuşdur. Bu hal Cavabdeh1 polisdə və məhkəmədə verdiyi izahatı ilə təsdiq edilir. Onun izahatından başqa hər hansı bir sübut mövcud olmamışdır. Borc müqaviləsi qanunvericiliyin tələbinə əsasən yazılı şəkildə tərtib edilməli halda, buna riayət edilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçı tərəfin istinad etdiyi iltizamı mötəbər sübut kimi qəbul etməmişdir, belə ki, həmin iltizamın əsli məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş kserosurətdə düzəlişlər edilmişdir. Eyni zamanda, borcun qaytaralmasını da yenə də Cavabdeh1 polisdə və məhkəmədə verdiyi izahatında qeyd edir. Borcun qaytarılmaması iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, Cavabdeh2 dair ümumiyyətlə hər hansı bir məlumat məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı2 22.06.2020-ci il tarixdə Xəzər RPİ-nin 2-ci bölməsinə ərizə ilə müraciət edərək, Cavabdeh1 ona 12000 manat borcu olduğu, lakin qaytarmamağı barədə şikayət etmişdir. Araşdırma zamanı Cavabdeh1 İddiaçı2lə heç bir əlaqəsinin olmadığını, borc olaraq İddiaçı1 faizlə 6000 manat pulu və 6000 manatlıq quzunu götürdüyünü etiraf etmiş, quzuları iki ayın içində satıb pulu qaytardığını, faizə götürdüyü pulu isə ayda 300 manat verməklə, borcunu bağladığını, ona inandığı üçün qaytardığı pulları rəsmiləşdimədiyi barədə izahat vermişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə 12 000 manat borcun etirafına dair Cavabdeh1 adından tərtib edilmiş əllə yazılmış iltizamın kserosurəti təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı həmin iltizamın əslinin təqdim edilməsi təklif edilsə də, iltizamın əslinin itməsi səbəbindən təqdim edilməmiş, cavabdeh isə həmin qəbzin onun tərəfindən imzalanmadığını bildirmişdir. Göründüyü kimi tərəflər arasında hər hansı müqavilə münasibətləri olmamışdır. Həmin münasibətlər isə cavabdehin əsassız varlanmasına dəlalət etmişdir. Həmçinin Cavabdeh1 apellyasiya baxışı zamanı izahatında İddiaçı1 6000 manat pul və 6000 min manatlıq quzu götürməsini qəbul etmişdir. Bununla bağlı məhkəməsi kollegiyası qeyd edir ki, iddia ərizəsində ilk olaraq İddiaçı1 ilə yanaşı İddiaçı2 da iddiaçı kimi çıxış etməklə, qeyd etmişlər ki, heyvan satmaqla ailələrini dolandırmışlar, iddia ərizəsinin məzmununa görə Ələkbər Məzahirə göstərilən dəyərdə quzu və pul vermiş, sonradan İddiaçı1 öldüyündən iddiaçı kimi İddiaçı2 məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Apellyasiya baxışı zamanı isə İddiaçı2 izahatında bildirmişdir ki, atası ilə birlikdə heyvan satmaqla ailələrini dolandırmışlar, cavabdehə verilmiş pul isə ailənin ümumi büdcəsindən olmuşdur. Göründüyü kimi Cavabdeh1 verilmiş 6000 manat pul və 6000 min manat dəyərində quzu iddiaçıların ailə büdcəsi vəsaiti hesabından olmuşdur ki, hazırda İddiaçı2 həmin pul vəsaitini tələb etmək hüququ yaranmışdır. İstinad edilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi isə yanlış olaraq tərəflər arasında olan münasibətləri - borc münasibətləri kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; həmin Məcəllənin 1092-ci maddəsinə əsasən isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki Cavabdeh1 iddiaçıdan 6000 manat pul və 6000 manatlıq quzu götürməsini qəbul etmiş, lakin 6000 manat məbləğində pul vəsaitini, eləcə də 6000 manatlıq quzunu iddiaçıya qaytarmamışdır. Həmçinin iş materiallarından görünür ki, tərəflər arasında müqavilə də olmamışdır. Göründüyü kimi tərəflər arasında müqavilə olmadığı halda birinci instansiya məhkəməsinin tərəflər arasındakı münasibətləri borc münasibətləri kimi qiymətləndirilməsi əsassızdır. Göründüyü kimi Cavabdeh1 hüquqi əsas olmadan iddiaçıdan götürdüyü 6000 manat pul və 6000 manatlıq quzunu özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Digər tərəfdən cavabdeh həmin məbləği iddiaçıya qaytarmasını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kolelgiyası həmçinin qeyd edir ki, hazırki iddia tələbi cavabdehdən 11670 manat vəsaitin tutulmasını xahiş etdiyindən MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə iddiaçının xeyrinə 11670 manat maddi zərərin tutulması hissəsində əsaslı olmaqla iddia tələbi həmin hissədə təmin edilməli, iddia tələbi qalan hissədə isə öz təsdiqini tapmadığından rədd edilməlidir. Belə ki, iddiaçı, Cavabdeh2 1000 manat mənəvi zərərin əvəzini eləcə də Cavabdeh1 hüquqi yardımla əlaqədar 500 manat vəsaitini tutulmasını tələb etsə də, hüquqi yardımla bağlı 500 manat xərc çəkməsi barədə hər hansı sübut təqdim etməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı Cavabdeh2 iddiaçıya mənəvi ziyan vurması öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-1124/2021 saylı iş üzrə qəbul etdiyi 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 11670 (on bir min altı yüz yetmiş) manat məbləğində pul 30 (otuz) manat dövlət rüsumu alınaraq, İddiaçı2 verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar