Məhkəmə qərarları › İş №2(103)-10212/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10212/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10212/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3490/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" BOKT ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" BOKT ASC, Cavabdeh2 və Cavabdeh3nə qarşı “alqısatqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi əsası olmayan 13.09.2019-cıı il tarixli, Y-232 və Y-233 protokollar əsasında "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında iddia ərizəsinin məzmununda göstərilən avtomobilin və yarımqoşqunun alqı-satqısına dair 28.09.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, 2004-cü il buraxılışlı, Cavabdeh2 adına qeydə alınmış (99UK.14 Şəhadətnamə AD630007, Şəhadətnamənin verilmə tarixi 28.09.2019), **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “SCİİMİTZ” markalı yarımqoşqu (bundan sonra yarımoşqu) və “MERCEDES BENZ” 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin (bundan sonra yük avtomobili) üzərinə həbs qoyulması və həmin avtomobilin yerinin müəyyən edilərək DYP-nin xüsusi dayanacağına saxlanca qoyulmasına və istifadəsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli 2(005)- 3490/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, yarımqoşqu və avtomobilin üzərinə həbs qoyulmuşdur. Daha sonra İddiaçı məhkəmə şikayət ərizəsi təqdim edərək, məhkəmənin 10.08.2021-ci il tarixli 2(005)-3490/2021 saylı qərardadının qismən - iddianın təmini tədbirinə dair ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın təmini tədbiri kimi yarımqoşqu və yük avtomobilinin üzərinə həbs qoyulması ilə yanaşı, onların istifadəsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, sözügedən yarımqoşqu və avtomobilin yerinin müəyyən edilərək DYP-nin xüsusi dayanacağına saxlanca qoyulmasına barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli 2(005)- 3490/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli 2(005)-3490/2021 nömrəli qərardadın ləğv edilməsi, yarımqoşqu və yük avtomobilinin üzərinə həbs qoyulmaqla istifadəsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, həmin yarımqoşqu və avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xüsusi dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Cavabdeh "xxxx" BOKT ASC-nin nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli 2(005)- 3490/2021 nömrəli qərardadından şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli 2(005)-3490/2021 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin həmin qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 şikayəti müdafiə edərək bildirdi ki, rayon məhkəməsi iddiaçının iddianın təmin tədbiri barədə bir ərizəsi iki qərardad qəbul edib, birinci qərardadı ləğv edərkən də prosessual qanunvericiliyin tələblərini pozmuş, həmçinin rayon məhkəməsi tərəfindən iddianın təmin tədbirinin iddia tələblərinə mütənasib olması tələbi də pozulmuşdur. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 şikayətlə razılaşmayaraq qeyd etdi ki, rayon məhkəməsi iddiaçının iddianın təmin tədbiri barədə ərizəsini 10.08.2021-ci il tarixli qərardadı ilə qismən təmin etmiş, sonra onların şikayəti əsasında idianın təmin tədbirinə dair həmin 10.08.2021-ci il tarixli qərardadı ləğv edərək, iddianın təmin tədbirinə dair ərizəni tam təmin etmişdir. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Şikayətə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə gəlmiş tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalı, rayon məhkəməsinin 08.09.2021-ci il tarixli 2(005)- 3490/2021 nömrəli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Həmin qərara əsasən, təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Bu baxımdan, Kollegiya hesab edir ki, rayon məhkəməsi 10.08.2021-ci il tarixli 2(005)- 3490/2021 nömrəli qərardadı ilə ərizəni qismən təmin edərək, yarımqoşqu və yük avtomobilinin üzərinə həbs qoymaqda haqlı olmuşdur. Bununla belə, daha sonra iddiaçının həmin qərardaddan verdiyi şikayətə rayon məhkəməsi baxaraq 08.09.2021-ci il tarixli qərardadı ilə bundan əvvəlki 10.08.2021-ci il tarixli qərardadını iddianın təmin tədbirinə dair ərizənin təmin olunmuş və mübahisələndirilməyən hissəsində də ləğv edərək yenidən iddianın təmin tədbirinə dair iddiaçının ərizəsini tam təmin etmiş, bununla da, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, bu halda rayon məhkəməsi iddiaçının 10.08.2021-ci il tarixli qərardadından verdiyi şikayətinə baxaraq ərizənin təmin olunmayan hissəsinə münasibət bildirə bilə, ya təmin edə, ya da MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilərdi. Rayon məhkəməsi isə prosessual qanunvericiliyin bu tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in hazırda qüvvədə olan 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən, eləcə də mütənasibliklə bağlı tələbi gözləmədiyindən cavabdehin 08.09.2021-ci il tarixli 2(005)- 3490/2021 nömrəli qərardadından verdiyi şikayət təmin edilməli, həmin qərardad ləğv edilməli, iddiaçının 10.08.2021-ci il tarixli 2(005)-3490/2021 saylı qərardadından verdiyi şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3490/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" BOKT ASC-nin verdiyi şikayət təmin edilsin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3490/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3490/2021 saylı, 10.08.2021-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar