Məhkəmə qərarları › İş №2(103)-10213/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10213/2021

01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10213/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, iddiaçı “Azəriqaz”İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Azəriqaz”İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-774/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 2509,30 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2539,30 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İbnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3050,40 manat dəymiş zərərin və 30,40 manat dövlət rüsumunun ümumilikdə 3080,40 manat məbləğin cavabdehdən tutularaq iddiaçı “Azəriqaz” İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB 06 mart 2020-ci il tarixli, 2020B52 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00090 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq, aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıdakı aktlar tərtib edilmişdir. 28.02.2019- cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarili ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019- cu il tarixli ******* saylı, 29.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı aktlar əsasında ümumilikdə cavabdehə 2188,40 mnat borc hesablanmışdır. Həmçinin cavabdehin borcu 541,10 manat artaraq 30 iyun 2021-ci il tarixinə 3050,40 manat olmuşdur. Belə ki, 06 mart 2020-ci il tarixdə quraşdırılmış “ Zenner G4T Mexaniki” tipli, **********4 nömrəli qaz sayğacı üzrə 01 iyul 2021-30 iyun 2021-ci il tarixləri üçün 541,10 manat sərfiyyat borcu yaranmışdır. Belə ki, 2020-ci ilin iyul ayı üzrə 7,20 manat, avqust ayı üzrə 6,20 manat, sentyabr ayı üzrə 5,50 manat, oktyabr ayı üzrə 13,70 manat, noyabr ayı üçün 52,30 manat,yeni tarifə keçid zamanı 34,20 manat, dekabr ayı üzrə 133 manat, 2021-ci ilin yanvar ayı üzrə 76,10 manat, fevral ayı üzrə 75,50 manat, mart ayı üzrə 75,20 manat- yeni tarifə keçid 6,80 manat, aprel ayı üçün 40 manat (illik 2200 kub.m sərfiyyatı keçdiyi üçün 0,20 qəpik) , 2021-ci ilin may ayı üçün 15,40 manat (illik 2200 kub.m sərfiyyatı keçdiyi üçün 0,20 qəpik) hesablanmışdır. Ümumi olaraq 3050,40 manatbundan 151,20 manat 03/2014-cü il tarixdən qalan məbləğ, 2188,80 manat aktlar üzrə borc 710,40 manat isə sayğac üzrə sərfiyyat borcudur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğini könüllü ödəməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərcinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-774/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 710,4 (yeddi yüz on manat, qırx qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-774/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmaması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “Azəriqaz” istehsalat Birliyinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-774/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmamış hissəsində qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı şikayət birinci instansiya məhkəməsi qətnaməsinin qismən, iddia tələbinin təmin olunmayan hissədə ləğv olunmasına yönəldiyinə görə qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi üş üzrə təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, tərəflər arasında 06.03.2020-ci il tarixli, 2020B52 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə qədər Cavabdeh məxsus mənzildə təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi ilə bağlı fakt ilk dəfə 28.02.2019-cu il tarixində aşkar edilmiş, bununla bağlı ******* saylı akt tərtib edilmiş, cavabdehə 604,80 manat həcmində borc hesablanmışdır. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları bir neçə dəfə yenidən cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə aktlar tərtib etmişlər. 28 fevral 2019-cu il tarixindən 30.03.2020-ci il tarixinədək qanunsuz qoşulma faktı ilə bağlı 14 akt tərtib edilmişdir. Həmin aktlara əsasən zərərin məbləğin hesablandıqda cəmi 2188,80 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən tərtib edilmiş aktlar əsasında 2188,80 manat, 03/2014-cü il tarixində qaz sərfiyyatına görə hesablanmış 151,20 manat borcun, 2020-ci il üçün hesablanmış 169,30 manat borcun və 2020-ci ilin iyul ayından 2021-ci ilin may ayına kimi olan dövr ərzində hesablanmış 541,10 manat borcun ümumilikdə isə 3050,40 manat borcun tutulmasını xahiş edir. Məhkəmə tərəfindən sayğaca qanunsuz qoşulma faktının olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2021-ci il tarixli, 10/3982 saylı ekspert rəyi ilə, Cavabdeh abonenti olduğu ünvan 2 ünvanınnda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulmanın, eləcə də, qoşulmaya xarakterik əlamətlərin /qaynaq/ və s. olması halı aşkar edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdehdən 3 müxtəlif əsaslarla hesablanmış borc məbləğlərini tələb edir. Belə ki, tələb edilən borc məbləğini ayrı-ayrılıqda aşağıdaki kimi qeyd edilməlidir. - 28 fevral 2019-cu il tarixindən 30.03.2020-ci il tarixinədək cavabdeh barəsində tərtib edilən 14 akt əsasında ona hesablanmış 2188,80 manat borc; - 03/2014-cü il tarixində qaz sərfiyyatına görə hesablanmış 151,2 manat borc, 2020- ci il üçün hesablanmış 169,3 manat borc; - 2020-ci ilin iyul ayından 2021-ci ilin may ayına kimi olan dövr ərzində qaz sərfiyyatına görə hesablanmış 541,10 manat borc. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin ədalətli həlli üçün sayğaca qanunsuz qoşulma faktının olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2021- ci il tarixli, 10/3982 saylı ekspert rəyi ilə, Cavabdeh abonenti olduğu ünvan 2 ünvanınnda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulmanın, eləcə də, qoşulmaya xarakterik əlamətlərin /qaynaq/ və s. olması halı aşkar edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, həmin aktlarda cavabdeh tərəfindən hansı formada iddiaçıya məxsus qaz xəttinə qoşulma barədə məlumat da qeyd edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin aktlar mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehdən tələb edilən 03/2014-cü il tarixində qaz sərfiyyatına görə hesablanmış 151,20 manat borca münasibətdə ddia həmin hissədə əsaslı hesab edilmədiyindən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçı cavabdehdən 2014-cü ilin mart ayına kimi hesablanmış 151,20 manat borcun tutulmasını tələb edir. Lakin məhkəmə hesab edir ki, borc məbləği 5 il, yəni 30 sentyabr 2015-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək (iddia verilən tarixə) olan dövr üçün 5 illik müddəti ötürməməklə tələb edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, iddiaçı 2014-cü il mart ayına olan borc məbləğini tələb etmək hüququnu 5 il müddət keçdiyinə görə itirmişdir. Birinci instansiya məhkəməsi cavabdehdən tələb edilən 2020-ci il üçün (hansı tarix) qaz sərfiyyatına görə hesablanmış 169,3 borca münasibətdə qeyd etmişdir ki, iş materialarında həmin borcun yaranma əsasını abonentin saldosundan açıq şəkildə müəyyən etmək olur. Belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərkən iddia tələbini cavabdehdən 2020-ci ilin iyul ayından 2021-ci ilin may ayına kimi olan dövr ərzində qaz sərfiyyatına görə tələb edilən borca münasibətdə artırmışdır. Deməli, cavabdehdən tələb edilən 169,3 manat məbləğində borc 2020-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayına kimi olan dövrü əhatə edir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən 2020-ci ilin yavar ayı üçün 0, fevral ayı üçün 0, mart ayı üçün 73,40 , aprel ayı üçün 70,40, may ayı üçün 17,10, iyun ayı üçün 8,40 manat olmaqla ümumilikdə 169,30 manat məbləğində qaz sərfiyyatı olmuşdur. Odur ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasının əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 12 may 2011-ci ildə qəbul edilmiş “Qazdan istifadə Qaydaları”na və digər maddi hüquq normalarına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlar əsasında işin faktiki hallarını müəyyən edərək hüquqi aktlara söykənərək qeyd etmişdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 710,4 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Azəriqaz” istehsalat Birliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qusmən ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Cavabdeh abonent olduğu ünvan 3 ünvanda ekspertiza 12 aprel 2021-ci il tarixdə keçirilmişdir. Həmin tarixdən bir il əvvəl, 2020-ci ilin 06 mart tarixində göstərilən ünvanda əvvəllər quraşdırılmış sayğac çıxarılmış yerinə yeni sayğac quraşdırılmışdır. Bu zaman mövcud olmuş qeyri-qanuni qoşulma əməkdaşlar tərəfindən aradan qaldırılmışdır. Bu səbəbdən 12 aprel 2021-ci il tarixli ekspertiza zamanı təxminən bir il əvvəl aradan qaldırılmış qeytriqanuni qoşulma halının aşkar edilməməsi təbii bir haldır. Apellyasiya şikayətionin həmin qəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində istinad olunan ekspertiza məhz “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 vəsatəti əsasında “cavabdehə məxsus ünvanı təbii qazla təmin edən “Azəriqaz” İB-yə məxsus ümumi qazpaylayıcı xəttinə (küçə qaz xəttinə) cavabdeh tərəfindən qeyri-qanuni qoşulma əlamətlərinin olub-olmamasının müəyyən edilməsi” məqsədi ilə təyin edilmişdir (bax iş vərəqə 94). Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin və bu cür qoşulmanın mövcudluğunu əsaslandıran digər dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz”. Məhkəmə kollegiyası həmin iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-774/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “Azəriqaz” istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-774/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar