Məhkəmə qərarları › İş №2(103)-10222/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10222/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10222/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3432/2021 saylı 30 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "FİNCA Azerbaijan" MM QBKT Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh əsas borc üzrə 1325,00 ABŞ dolları əsas, faiz borcu üzrə 192.48 ABŞ dolları, cərimə borcuna görə 82,81 ABŞ dolları olmaqla cəmi 1600,29 (min altı yüz dollar iyirmi doqquz sent) ABŞ dolları borcun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKTnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 07.06.2016-ci il tarixli **********0976 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25% faiz dərəcəsi olmaqla 15 ay müddətinə 1500 (min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 118 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilinəsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 07.05.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh borc məbləği əsas borc üzrə 1325.00 ABŞ dolları əsas, faiz borcu üzrə 192.48 ABŞ dolları, cərimə borcuna görə 82.81 ABŞ dolları olmaqla cəmi 1600.29 (min altı yüz dollar, iyirmi doqquz sent) ABŞ dolları təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3432/2021 saylı 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla 1325,00 (bir min üç yüz iyirmi beş) ABŞ dolları məbləğində əsas, 192,48 (bir yüz doxsan iki dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində faiz və 5 (beş) ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 1522,48 (bir min beş yüz iyirmi iki dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində vəsait və 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia müddətinin üzürsüz səbəbdən ötürülməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaə iddia tələbinin təmin olunan hissəsində qanunsuz, əsassız və ədalətsiz olduğundan, həmin hissədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul olunduğundan apellyasiya instansiya məhkəməsində mütləq ləğv olunmalı və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni, qanuni və əsaslı qətnamə qəbul olunmalıdır. Belə ki, iddiaçı qanunvericiliyin tələbinə zidd olaraq 3 (üç) il iddia müdətini üzürsüz səbəbdən ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Lakin bu halı hüquqi şəxs üçün qanunla yol verilməzdir. İddia tələbinin dəlilləri ilə bağlı Qətnamədə yazılmışdır ki, "FİNCA Azerbaijan" MM QBKT ilə Cavabdeh arasında bağlanmış 07.06.2016-cı il tarixli **********0976 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün ilkin 25 faiz dərəcəsi olmaqla 15 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 118 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borc alan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə 07.05.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh borc məbləği əsas borc üzrə 1325,00 ABŞ dolları əsas, faiz borcu üzrə 192,48 ABŞ dolları, cərimə borcuna görə 82,81 ABŞ dolları olmaqla cəmi 1600,29 ABŞ dolları təşkil edir. İddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin nümayəndəsi Heydərov Ramin Nüsrət oğlu iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün iddiaçı banka heç bir ödəniş edə bilməmişdir. O, iddia tələbini məhkəmədə qəbul etməmiş və iddia tələbinə qarşı öz etirazını bildirmişdir. Çünki, iddiaçı qanunla nəzərdə tutulmuş müqavilədən irəli gələn 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Ona görə də iddia tələbinə qarşı iddia müddəti tətbiq olunmalıdır. Belə ki, "FİNCA Azerbaijan" MM QBKT ilə Cavabdeh arasında bağlanmış 07.06.2016-cı il tarixli **********0976 saylı kredit müqaviləsi 15 ay müddətinə bağlanmış, 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin vaxtı 07.11.2017-ci ildə başa çatmışdır. Onun ödədiyi kreditlər tam nəzərə alınmamış və düzgün hesablanmamışdır. Ona qanunsuz olaraq 192,48 ABŞ dolları faiz borcu və 5 ABŞ dolları cərimə hesablanmışdır. İddiaçı "FİNCA Azerbaijan" MM QBKT Müqavilənin bağlandığı tarixdən 5 ildən çox vaxt keçəndən sonra məhkəməyə müraciət etmişdir. Eyni zamanda müqavilənin vaxtının bitməsindən 4 ilə yaxın vaxt keçmişdir. Belə bir vəziyyətdə iddia müddəti üzürsüz səbəbdən ötürüldüyü üçün iddia tələbi tamamilə rədd edilməli idi. Apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdıracaq, iş üzrə toplanmış subutları düzgün, obyektiv qiymətləndirəcək, iddia tələbinin təmin olunmaması barədə, yeni qanuni və əsaslı qətnamə qəbul edəcəkdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq ərizə ilə müraciət edərək iddia müddətinin üzürsüz səbəbdən ötürülməsi ilə əlaqədar iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin vəkili Əliyev Mehman Qardaşxan oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3432/2021 saylı 30 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında 07.06.2016-ci il tarixli **********0976 saylı kredit müqaviləsindən görünür ki, "FİNCA Azerbaijan" MM QBKT ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borclana illik 25% faiz dərəcəsi olmaqla 15 ay müddətinə 1500 (min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında "FİNCA Azerbaijan" MM QBKT-nin 07.06.2016-cı il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh iddiaçıdan 1500 ABŞ dolları məbləğində kredit vəsaitini qəbul etmişdir. İş materiallarında 07.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 1325,00 ABŞ dolları məbləğində əsas, 192,48 ABŞ dolları məbləğində faiz və 82,81 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 1600,29 (min altı yüz dollar iyirmi doqquz sent) ABŞ dolları məbləğində borcu yaranmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabdeh illik 25% faiz dərəcəsi olmaqla 15 ay müddətinə 1500 (min beş yüz) ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 1325,00 ABŞ dolları məbləğində əsas, 192,48 ABŞ dolları məbləğində faiz və 82,81 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 1600,29 (min altı yüz dollar iyirmi doqquz sent) ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə həmçinin haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdehə qarşı 82,81 ABŞ dolları manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürülsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 5 ABŞ dolları miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə eyni zamanda iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının qanunvericiliyin tələbinə zidd olaraq 3 (üç) il iddia müdətini üzürsüz səbəbdən ötürdükdən sonra məhkəməyə müraciət etdiyini qeyd etməklə, apellyasiya icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə versə də, kollegiya hesab edir ki, apellyasiya şikəyətinin qeyd edilən dəlili əsassızdır, həmçinin hazırki halda iddia müddətinin tətbiqi barədə ərizə də təmin edilə bilməz. Belə ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verilir. Bu ərizə iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə bilər. Mülki Məcəllənin 375-ci maddəsinin mənasına görə iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsinə verilmədikdə apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrinə verilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsnə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki işdən isə görünür ki, Cavabdeh birinci instansiya məkhkəməsində iştirak etmiş və iş üzrə izahat verərək iddia tələbini qəbul etmiş və maddi vəziyyəti ağır olduğu üçün iddiaçı banka heç bir ödəniş edə bilmədiyini bildirmişdir. (səhifə 45) Göründüyü kimi Cavabdeh birinci instansiya məkhkəməsində iştirak etməklə iddia müddətini tətbiqi barədə ərizə vermək imkanında olmuş, lakin cavabdeh bu hüququndan istifadə etməmiş, bununla da apellyasiya icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət hüququnu itirmişdir. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikəyətinin qeyd edilən dəlili əsassızdır və iddia müddətinin tətbiqi barədə ərizə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3432/2021 saylı 30 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3432/2021 saylı 30 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar