Məhkəmə qərarları › İş №2(103)-10224/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10224/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10224/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Mahmudov Cahangir Fəxrəddin oğlunun, Cavabdeh1, onun vəkili Kərimov Siracəddin Allahverdi oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı BOKT ASC) Cavabdeh1 qarşı “borc və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı BOKT ASCnin xeyrinə 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas, 35434.79 ABŞ dolları hesablanmış faiz, 53005.96 ABŞ dolları dəbbə pulu, cəmi 135431.85 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmin məbləğin 01.06.2015-ci il tarixli, 119/15/PB/YF-G nömrəli girov müqaviləsinə əsasən girova yönəldilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 əvvəlki "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC) “Yasamal” filialından 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit (borc) müqaviləsinə əsasən illik 19 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 47969 ABŞ dolları borc almışdır. Bu borcun təminatı olaraq Cavabdeh2 firması ilə Cavabdeh1 arasında bağlanmış 11.04.2013-cü il tarixli, 6189a nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən sıra 12, korpus 3, 89/91 saylı, Sədərək ticarət mərkəzində yerləşən sıra 12, korpus 3, 90/92 saylı ümumi 200 m2 ibarət qeyri-yaşayış sahəsinə (dükana) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar 01.06.2015-ci il tarixli, 119/15/PB/YF- G nömrəli girov müqaviləsi ilə yüklü edilmişdir. 22.08.2017-ci il tarixədək Cavabdeh1 İddiaçı BOKT ASC-yə 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas, 35434.79 ABŞ dolları hesablanmış faiz, 53005.96 ABŞ dolları dəbbə pulu, cəmi 135431.85 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Daha sonra, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 firmasından müştərək qaydada 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas, 35434.79 ABŞ dolları faiz, 53005.96 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 135431.85 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi barədə məhkəmə tərəfindən ASC-yə heç bir məlumat verilməmiş və ümumiyyətlə keçirilən məhkəmə xətşünaslıq ekspertizasından xəbərsiz olmuşlar. Məhkəmə öz qətnaməsinin 4-cü səhifəsinin 4-cü abzasında qeyd edilir ki, “Cavabdeh1 ilə bağlanmış 2013-cü il tarixli müqavilələri məhv edildiyi üçün məhkəməyə təqdim edilə bilmir”. Dəfələrlə məhkəməyə bildirmişdir ki, 2013-cü il tarixində bağlanmış müqavilənin 2015-ci il tarixli müqaviləyə heç bir aidiyyatı yoxdur. 2015-ci il tarixində tərəflərin iradəsi əsasında köhnə müqavilə üzrə də cavabdeh borc kapitallaşdırılaraq yeni müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə də cavabdeh borc öhdəliklərinin bir qismini icra etmişdir. Əgər həmin müqavilədən xəbəri yox idisə və ya həmin müqaviləni cavabdeh imzalamamışdırsa nəyə görə müqavilə üzrə pul ödəmişdir. Məhkəmə yenə qətnaməsinin 4-cü vərəqinin 5-ci abzasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad edərək bildirmişdir ki, 01.06.2015-ci il tarixli, müqavilənn 2-3-cü vərəqlərində Kredit alan və girov qoyan qrafalarındakı imzalar və 01.06.2015-ci il tarixli, 119/15/PB/DG saylı girov müqaviləsinin 2-ci vərəqəsində “borclu və girov qoyan” qrafasındakı imzalar-eyni şəxs tərəfindən icra olunmuşdur”. Daha sonra isə göstərilir ki, 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı müqavilənin 1-ci vərəqəsində “kredit alan və girov qoyan” qrafasındakı imzalar, 01.06.2015-ci il tarixli, 119/15/PB/DG saylı girov müqaviləsinin 2-ci vərəqəsində “borclu və girov qoyan” qrafasındak imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Başa düşülmür ki, “eyni şəxslər” dedikdə kim nəzərdə tutulur?, müxtəlif şəxslər dedikdə kimlər nəzərdə tutulur? Ümumiyyətlə Cavabdeh1 həmin müqavilələrdə imzası varmı? Məhkəmə ekspert rəyinə istinad etsə də qeyd etdiyi kimi Bağırovun imza nümunlərini harada və kimlərin iştirakı ilə alındığı da onlar məlum deyildir. Odur ki, ekspert rəyinin etibarilə olması onlarda şübhə doğurmaya bilməz. 5-ci abzaslarında tərəflər arasında bağlanan kredit müqaviləsi və ona edilmiş 1 saylı əlavənin mövcudluğunu qeyd edir. Lakin həmin müqavilənin cavabdeh Cəlilov Kənan Yaqub oğlu tərəfindən imzalanmadığı göstərilmişdir. Həmçinin tərəflərindən verilmiş vəsatətə əsasən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasına istinad edərək imzaların Cəlilov Kənan Yaqub oğlu tərəfindən icra edilməməsinə istinad etmişdir. Göstərilənlərdən başqa məhkəməyə təqdim edilən hesabdan çıxarış sənədlərindən görünür ki, Cavabdeh1 tərəfindən Banka xeyli miqdarda pullar ödənilmişdir. Bu ödənişlər borcun etirafı hesab edilir. Lakin təssüf ki, məhkəmə bu fakta da münasibət bildirməmişdir. Bankdan heç bir kredit götürməyən şəxs hansı səbəbdən Banka ödənişlər etməlidir? Göründüyü kimi məhkəmə iki əsas sübuta əhəmiyyət vermədən şübhə altında olan ekspert rəyinə əsaslanaraq kredit müqaviləsindəki və məktubdakı imzaların cavabdeh tərəfindən icra edilməməsinə istinad etmişdir. Halbuki, borc Bağırov tərəfindən etiraf edərək kredit müqaviləsi üzrə öhdəliklərinin bir qismini icra etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Mahmudov Cahangir Fəxrəddin oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kassa məxəric orderi itirildiyindən hazırda əslini təqdim edə bilmir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili Kərimov Siracəddin Allahverdi oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdi ki, cavabdeh veterandır və 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. İddiaçı ilə onun arasında 2013-cü ildə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləni də Sədərək Ticarət Mərkəzinin rəhbərliyini təziqi ilə bağlamış və həmin müqavilə üzrə pulu da Sədərək Ticarət Mərkəzinin rəhbərliyi almışdır. Lakin işini itirməmək üçün məcbur qalıb ödənişlər etmişdir. Ödəmiş olduğu sonuncu ödənişlər də, məhz həmin müqavilə üzrə borca görə ödəmişdir. İddiaçı ilə 2015-ci ildə hər hansı müqavilə ümumiyyətlə bağlamamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsinə əsasən Bank 47969 ABŞ dolları məbləğində krediti 60 ay müddətinə, 19 %-lə Borcluya verməyi, Borclu isə bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən kreditorun ona təqdim etdiyi ödəniş cədvəlinə əsasən hər ayın müvafiq günü əsas və faiz borclarına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 firmasının qanuni nümayəndəsi Qədimov Ənvər Qafar oğlu (girov qoyan 1), Cavabdeh1 (girov qoyan 2 və kredit alan) və "xxxx" ASC (girov saxlayan) arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF-G nömrəli girov müqaviləsinə əsasən bu müqavilənin predmeti borclu Cavabdeh1 ilə girov saxlayan "xxxx" ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsi üzrə illik 19% məzənnəsi ilə, 60 ay müddətinə aldığı 47969 ABŞ dolları kredit borc öhdəliklərinin icrasının təmin edilməsidir. Girov predmeti: Cavabdeh2 firması ilə Cavabdeh1 arasında bağlanmış 11.04.2013-cü il tarixli, 6189a nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən sıra 12, korpus 3, 89/91 saylı, Sədərək ticarət mərkəzində yerləşən sıra 11, korpus 3, 90/92 saylı ümumi 200 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükanlara) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar. İş materiallarında olan Cavabdeh1 (borclu və girov qoyan) və "xxxx" ASC (girov saxlayan) arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF-DG nömrəli girov müqaviləsinə əsasən bu müqavilənin predmeti borclu Cavabdeh1 ilə girov saxlayan "xxxx" ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsi üzrə illik 19% məzənnəsi ilə, 60 ay müddətinə aldığı 47969 ABŞ dolları kredit borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflərin qarşılıqlı razılığına əsasən 100 min manat dəyərində mal qalığını girov götürmək şərti ilə bağlanmışdır. İş materiallarında olan 22.08.2017-ci il tarixli maliyyə arayışından görünür ki, 01.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas borc, 35434.79 ABŞ dolları hesablanmış faiz borcu və 53005.96 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 135431.85 ABŞ dolları məbləğində borc hesablanmışdır. İş materiallarında olan 02.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 01.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 39713.10 ABŞ dolları əsas borc, 83294.06 ABŞ dolları hesablanmış faiz borcu və 62508.42 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 185515.58 ABŞ dolları məbləğində borc hesablanmışdır. İş materiallarında olan İddiaçı BOKT ASC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 11.11.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 və "xxxx" ASC arasında 2013-cü ildən bağlanmış müqavilələr üzərindən beş ildən artıq müddət keçdiyi üçün məhv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli, 4/648 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC və Cavabdeh1 adlarından olan 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit (borc) müqaviləsinin 2.3- cü vərəqələrində “Kredit (borc) alan və girov qoyan:” qrafalarındakı imzalar və 01.06.2015- ci il tarixli, 119/15/PB/DG saylı daşınar əmlakın girov müqaviləsinin 2-ci vərəqəsində “borclu və girov qoyan” qrafalarında imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" ASC və Cavabdeh1 adlarından olan 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit (borc) müqaviləsinin 1-ci vərəqəsində “Kredit (borc) alan və girov qoyan:” qrafasındakı imza ilə həmin müqavilənin 2-3-cü vərəqələrində “Kredit (borc) alan və girov qoyan:” qrafalarındakı imzalar, 01.06.2015-ci il tarixli, 119/15/PB/DG saylı daşınar əmlakın girov müqaviləsinin 2-ci vərəqəsində “Borclu və girov qoyan” qrafalarındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırki halda iddiaçı iddia tələbini sübut edəcək heç bir mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC (İddiaçı BOKT ASC) və Cavabdeh1 arasında 01.06.2015-ci il tarixli kredit müqaviləsi bağlanılmış, müqavilədə Bank tərəfindən 47969 ABŞ dolları məbləğində kreditin 60 ay müddətinə, 19 %-lə Cavabdeh1 verilməsi, Borclunun isə bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən ödəniş cədvəlinə əsasən onu ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. Eyni zamanda, müqavilə öhdəliklərinin icrasını təmin etmək məqsədilə tərəflər arasında həmin tarixli girov müqavilələri bağlanılmışdır. Lakin Cavabdeh1 müqavilə öhdəliklərini lazımınca icra etmədiyini bildirən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə iddianı qəbul etməmiş, iddiaçı tərəfindən 01.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə ona heç bir pul verilmədiyini, müqavilənin bəzi hissələrini Bankın və işlədiyi ticarət mərkəzinin nümayəndələrinin hədəsi ilə imzaladığını, lakin heç bir pul almadığını bildirmişdir. Göründüyü kimi İddiaçı BOKT ASC cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən cavabdehə 47969 ABŞ dolları məbləğində kredit verdiyini və cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini iddia edir. Cavabdeh isə bunu qəbul etməyərək iddia edir ki, o, iddiaçı ilə 01.06.2015-ci il tarixdə hər hansı kredit müqaviləsi bağlanılmışdır. Belə vəziyyətdə, məhkəmə ilk növbədə, müqavilədə göstərilən kredit məbləğinin həqiqətən cavabdehə verilib-verilmədiyini, beləliklə müqavilənin etibarlı olub-olmadığını müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleunumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarı) Cavabdehin mübahisələndirdiyi məqamlar ona kredit müqaviləsi üzrə heç bir pul verilməməsi və müqavilələrdəki imzaların həqiqiliyi olduğundan məhkəmə həmin məsələləri araşdırmışdır. Müəyyən edilmişdir ki, iddia ərizəsinə müvafiq kredit müqaviləsinin bağlanmasından dörd gün sonra Bankın kassasından çıxarılmış 47969 ABŞ dolları məbləğində pulun cavabdehin hesabına köçürüldüyünü göstərən xəzinə məxaric orderinin surəti əlavə edilmişdir. İş üzrə həlledici əhəmiyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müvafiq məxaric orderinin əsli iddiaçıdan tələb edilmiş, lakin iddiaçı həmin sənədin əslini məhkəməyə təqdim etməmişdir. Bundan sonra, cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatı üçün zəruri olduğundan həmin sənədin əsli ekspert tərəfindən iddiaçıdan tələb edilmiş, lakin iddiaçı bu sənədi ekspertizaya da təqdim etməmişdir. Eyni qaydada, müvafiq müqavilə üzrə ödəniş cədvəlinin əsli iddiaçıdan tələb edilsə də iddiaçı bu sənədi də məhkəməyə təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasına xəzinə məxaric orderinin əsli təqdim edilmədiyindən bu sənədlə bağlı hissədə heç bir rəy verilməsə də 01.06.2015-ci il tarixli kredit müqaviləsinin birinci vərəqində olan imzanın müqavilənin digər vərəqlərində olan imzalarla, eyni zamanda həmin tarixli girov müqaviləsindəki imzalarla eynilik təşkil etmədiyi, bu imzaların müxtəlif şəxslər tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq həmin rəyi iş üzrə əhəmiyyətli sübut hesab etmişdir. Belə ki, müvafiq imzalar arasındakı fərq həmçinin vizual baxış zamanı da aşkar şəkildə müəyyən olunur. Beləliklə, məhkəmə haqlı olaraq cavabdehin kredit və girov müqavilələrindəki imzaların onun tərəfindən icra olunmadığı ilə bağlı qeyd etdiklərin əsaslı hesab etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, imzaların həqiqi olmamasının müəyyən edilməsi müqavilənin bağlanması ilə bağlı mülki qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlərin pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Bundan başqa, məhkəmə tərəfindən tələb edilməsinə və iş üçün həlledici əhəmiyyət daşımasına baxmayaraq, iddiaçı tərəfindən müvafiq xəzinə məxaric orderinin əslinin nə məhkəməyə, nə də ekspertizaya təqdim edilməməsini nəzərə alaraq, məhkəmə həmin sənədin həqiqi olmadığı, beləliklə, cavabdehə müqavilə üzrə heç bir kredit verilmədiyi nəticəsinə gəlir. Məhkəmə bu cür nəticəyə gələrkən ilk növbədə onu nəzərə alır ki, sübutetmə yükünün bölünməsi baxımından müvafiq sənədlərin əslini təqdim etmək iddiaçının vəzifəsi idi. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanılmış 01.05.2015-ci il tarixli kredit və girov müqavilələri etibarsız (əhəmiyyətsiz) əqdlərdir. Belə ki, müqavilə bağlanarkən tərəflərin (cavabdehin) müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmamış, müqavilə üzrə ona heç bir kredit verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2-ci maddəsinə əsasən Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Hazırkı işdə isə əqd cavabdeh tərəfindən təsdiq edilməmiş, əksinə cavabdeh müqavilə üzrə ona heç bir kredit verilmədiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleunumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarı) Göründüyü kimi, iddiаçı İddiaçı BOKT ASC əhəmiyyətsiz əqdə əsaslanan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətində iş üzrə keçirilmiş ekspert rəyinin şübhəli olduğunu qeyd etsə də, bu halın nədən ibarət olmasını və bu halı təsdiq edəcək əsaslı dəlili məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiya xüsusi olaraq qeyd edir ki, kredit müqaviləsi üzrə pulun borcluya verilməsini təsdiq edən sənəd kassa məxaric orderidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Hazırki halda isə iddiaçıya kassa məxaric orderinin əslinin təqdim edilməsi təklif edilsə də, iddiaçı kassa məxaric orderinin əslini təqdim edə bilməmişdir. Kollegiyanın qənaətinə görə, bu halda iş üzrə digər sübutların iş üçün əhəmiyyətli olub-olmaması ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar