Məhkəmə qərarları › İş №2(103)-10229/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10229/2021

29.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10229/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4170/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 03.04.2008-ci il təvəllüdlü X2 və 01.10.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin tutulub ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4170/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3055/2018 nömrəli, 25.04.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İsmayil oğlundan 03.04.2008-ci il təvəllüdlü X5 və 01.10.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi; Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və alimentin tutulmasının qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu olan apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində əlavə olaraq bildirmişdir ki, Cavabdeh “VİTTA” elmi-texniki şirkətində işləyir. Kifayət qədər qazancı vardır. Onun aldığı əmək haqqının müəyyən edilməsi məqsədilə işlədiyi şirkətə sorğu ilə müraciət etmişdir. Hesab edir ki, cavabdehdən tələb etdiyi hər uşağa görə 200 manat məbləğini ödəməyə imkanı vardır. Uşaqların böyüməsi ilə əlaqədar xərcləri artıb. O, təkbaşına həmin xərclərin öhdəsindən gələ bilmir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə yazılı etirazda göstərilənləri təsdiq etdi və şikayətin təmin edilməməsini xahiş etdi. Etirazda göstərilir ki, cavabdeh aliment ödəyəndən sonra 840 manat əmək haqqı qalır və qoca anasına, ona, həyat yoldaşı və azyaşlı uşağı, hərəsinə 210 manat pul düşür. İddiaçı isə iş yerindən arayışından məlum olur ki, Suraxanı rayonu 196 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir, 866,39 manat əmək haqqı alır. Yanındakı uşağına 210 manat pul düşdüyü halda, iddiaçıdan olan uşağına 405 manat pul düşür. Burada hansı ədalətdən söhbət gedə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya icraatı mərhələsində cavabdehin nümayəndəsi və vəkili “VİTTA” elmitexniki şirkəti tərəfindən verilmiş 191D-2021 №li, 29.10.2021-ci il tarixli arayış təqdim etmişdir. Həmin arayışdan görünür ki, Cavabdeh 10.10.2005-ci il tarixdən bu günə kimi həmin şirkətdə mühəndis vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1330 AZN təşkil edir və bu məbləğdən 300 manat aliment və 140 manat DSMF və İcbari Tibbi Sığorta tutulmaları aparılır. Nəticədə Cavabdeh əmək haqqı kartına hər ay 890 manat köçürülür. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2 (103)-11013/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh İddiaçı xeyrinə 03 aprel 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat və 01 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat miqdarında alimentin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75, 78.1, 112.1-ci maddələrinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il Qərarına və «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanuna istinad edərək qənaətini bununla əsaslandırılmışdır ki, iddiaçı tələb etdiyi 200 manat məbləğində alimenti cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, tərəflərin birgə nikahdan 03.04.2008-ci il təvəllüdlü X5 və 01.10.2009-cu il təvəllüdlü X4 adlı övladları vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 175 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin qismən ləğv edilməsi və iddianın alimentin miqdarı hissəsində tam təmin edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir. Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən(artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur. Hazırki işdədə iddiaçı tərəfindən cavabdehin qazancının arnmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmiş, eləcə də iddiaçı alimenti cavabdehin qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində istəmişdir. Əlbətdə ki, iddiaçının cavabdehin daha artıq qazancının və digər gəlirlərinin olması barədə mötəbər sübut əldə edərsə sabit pul məbləğində yaxud da aylıq qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi yenidən məhkəməyə müraciət etməyə hansısa maneə mövcud deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4170/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar