Məhkəmə qərarları › İş №2(103)-1023/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1023/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1023/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Ramil Əhmədovun iştirakı ilə, İddiaçı MMC-nin (“xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisi) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, lizinq müqaviləsi üzrə əsas borc kimi 11.652,93 ABŞ dolları, faiz kimi 4.985 ABŞ dolları məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi rədd olunsun. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamə 2-ci cavabdehə aid hissədə ləğv edilməli və ona qarşı yönəlmiş tələb rədd olunmalıdır. Belə ki, 2-ci cavabdeh lizinq münasibətində zamindir, zaminliyin müddəti keçdiyinə görə zaminlik xitam olunub. Zaminlik müqaviləsi xx.xx.2013-cü ildə bağlanıb, onun müddəti göstərilməyib. Zaminlik öhdəliyin icrasının təmini üsuılu kimi müəyyən edilib, həmin öhdəlik eyni tarixdə 1-ci cavabdehlə bağlanmış müqavilədən əmələ gəlib. Bu öhdəliyin müddəti isə 36 aydır, həmin müddət xx.xx.2016-cı il tarixdə başa çatıb. İddia ərizəsi isə 2 il sonra – xx.xx.2018-ci il tarixdə verilib. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin 4.1-ci bəndində müddətlə bağlı şərt belə qeyd olunub ki, bu müqavilə lizinq müqaviləsi üzrə bütün öhdəliklər tam icra edilənədək qüvvədədir. Lakin həmin şərt “müddət” anlayışına uyğun deyil, ona görə də zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: 1) təqvim tarixi ilə müəyyənləşdirmə; 2) illər, aylar, həftələr, günlər və ya saatlar ilə müəyyənləşdirmə; 3) hökmən baş verməli olan hadisə ilə müəyyənləşdirmə. Baxılan iş üzrə zaminlik müqaviləsində 1-ci və 2-ci formadan istifadə olunmayıb, bu mübahisəsizdir. Əgər iddiaçı hesab edirsə ki, müddət 3-cü formadan istifadə edilməklə, yəni hökmən baş verməli olan hadisə göstərilməklə müəyyənləşdirilib və hökmən baş verməli hadisə kimi öhdəliklərin tam icra edilməsi nəzərdə tutulub, bu mövqe yanlışdır. Lizinq müqaviləsi üzrə öhdəliyin icrası hökmən baş verməli olan hadisə hesab edilə bilməz, çünki öhdəlik müxtəlif əsaslarla xitam oluna bilər. Hökmən baş verməli olan hadisə deyiləndə elə hadisə nəzərdə tutulur ki, onun baş verib-verməyəcəyi insan iradəsindən asılı deyil, mütləq baş verəcək. Zaminliyə xitam verildiyinə görə 2-ci cavabdeh (zamin) qətnamənin 1-ci cavabdehə aid hissəsini mübahisələndirmək hüququna malik deyil. Ona görə də hazırkı işdə qətnamənin yalnız zaminə aid hissəsinin əsaslılığı apelyasiya qaydasında yoxlanıldı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilsin və ona qarşı yönəlmiş tələb rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar