Məhkəmə qərarları › İş №2(103)-1023/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1023/2022

10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1023/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(001)-7723/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 29.05.2012-ci il təvəllüdlü X1 üçün hər ay 175 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 01 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 29.05.2012-ci il təvəllüdlü X4 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən X4 18 yaşına çatanadək onun yanında qalmalı və onun saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyir. O, cavabehə alimentin artırılmasını məhkəmədən öncə mediasiya prosesində həll etməyi təklif etsə də, qarşı tərəf bu təklifini cavabsız qoymuş və vaxtı öncədən müəyyən olunmuş mediasiya prosesində iştirak etməmişdir. Ona görə də o, minimum aliment miqdarının 175 manat məbləğində müəyyən edilməsinin, cavabdehin gəlirlərinin, daimi və əlavə iş yerlərinin olmasının nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(001)- 7723/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, uşağın saxlanılması hər iki valideynin borcudur, hazırda məktəbdə oxuyan və səhhətində problem olan uşağın saxlanılması üçün 160 manat kifayət etmir. Cavabdeh rəsmi maaş alır və bundan əlavə də gəlir yeri var, sadəcə bunu sübut etməsi mümkün deyil. O, hazırda heç bir yerdə işləmir və qazanc əldə etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 29.05.2012-ci il təvəllüdlü X3 iddiaçının yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 2(001)-7197/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə 29.05.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılmış və alimentin miqdarı 160 manat məbləğində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat və Xüsusi Texniki İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 29 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən də 31 may 2019-cu il tarixdən adıçəkilən idarədə avtomobil sürücüsü işləyir və onun aylıq əmək haqqı 493 manatdır. Cavabdeh yenidən nikaha daxil olmuş və həmin nikahdan da bir uşağı dünyaya gəlmişdir. İddiaçı hazırda həmin məbləğin artırılmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, hazırda cavabdehdən tutulan alimentin miqdarının ölkə üzrə uşaqlara görə 2021-ci il üçün müəyyən edilmiş yaşayış minimum dolanacaq xərclərinə yaxın olduğunu, cavabdehin aldığı əmək haqqının məbləğini, onun yenidən ailə həyatı qurduğunu və həmin nikahdan bir uşağının dünyaya gəldiyini, hər iki nikahdan olan uşaqların mənafelərini nəzərə alaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti əsassız olmuşdur. Kollegiya qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2019-cu ildə 160 manat, 2020-ci ildə 170 manat olmuş, 2021-ci il üçün isə 175 manat müəyyən olunmuşdur. Hazırda isə 2022-ci il üçün uşaqlar üçün mimimum yaşayış məbləği 193 manat nəzərdə tutulmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən 160 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu artmışdır. Hazırda bir uşağın saxlanması üçün 160 manat vəsait yetərli sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. İstinad etdiyi hallar onu azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir, təyin olunan aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 175 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(001)- 7723/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. 29 may 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 2(001)-7197/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq 175 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar