Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10232/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat əsas borcun, 2550 (iki min beş yüz əlli) manat gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 11 080 (on bir min səksən) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-3668/2021) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 may 2015-ci il tarixdə iş üzrə Cavabdeh 8500 (səkkiz min beş yüz) manat borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh aldığı pulu 1 ay müddətinə qaytarmalı idi. Lakin cavabdeh ötən müddətdə aldığı pulu qaytarmaqdan imtina edib. Pulu qaytarmasını cavabdehdən dəfələrlə xahiş etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edib. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilib. Lakin, cavabdeh yenə də borcunu ödəməkdən imtina edib. Aşağıda göstərilənlərə əsasən Cavabdeh 8500 (səkkiz min beş yüz) manat əsas borcun, həmin pulun qaytarılmalı olduğu 18 iyun 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 24 iyun 2021 -ci il tarixədək olan 6 il müddətində 2550 (iki min beş yüz əlli) manat pulun (8500 manat/100%~85 x 5%=425 manat, 425 manat x 6 il =2550 manat), gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi cəmi 11080 (on bir min səksən) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin halları ondan ibarətdir ki, İddiaçı o, 2013-cü ilin fevral ayından tanıyır. Tanışlığa səbəb, ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi işlədiyi hüquq şirkəti tərəfindən ofıs məqsədi ilə ondan icarəyə götürülmüşdür. İddiaçının həmin vaxtlar gəlir mənbəyi icarəyə verdiyi əmlaklardan əldə etdiyi icarə haqqı olmuşdur və eyni zamanda faizə pul verirdi. Kirayəşinlərlə və borclularla aralarında yaranan mübahisə ilə bağlı hüquqşünas olduğunu bildiyindən dəfələrlə ofisə gəlib ona yardım etməyini istəmişdir. Onun tənha, iki övlad anası olduğunu, onları tək başına xaricdə oxutduğunu bildiyi üçün hər dəfə çalışmışdır ki, ona təmənnasız hüquqi yardım göstərsin. İddiaçının borclularla mübahisəsi çox olduğundan ona faizə pul verməməsini təklif etmiş və həmin pulu o vaxtlar aktual olan məişət avadanlıqlarının rayonlarda səyyar satışına sərmayə qoymasını təklif etmişdir ki, problemli adamlardan uzaq dursun. Aralarında olan şifahi razılaşmaya əsasən 6 ay müddətində geri götürməmək şərti ilə iddiaçı 1 ay ərzində 30000 manat həmin işə vəsait qoymalı idi. Bu razılaşmada qoyulan pula üç nəfər öhdəlik daşıyırdı; iddiaçı, o və rayonlarda satışı həyata keçirən şəxs. İddiaçı üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyi üçün, yəni tələb olunan 30000 manat vəsaitin yalnız 19000 manatını işə cəlb etdiyi üçün və işə başladıqdan 2 ay sonra dərhal pulunu geri tələb etdiyi üçün planlaşdırılmış iş alınmadı. İşin axsamaması məqsədi ilə 10000 manatdan artıq vəsait özü işə cəlb etmişdir, halbuki, razılaşmaya əsasən bütün vəsaitin cəlb olunmasım iddiaçı öz üzərinə götürmüşdür. Nəticədə iddiaçının tez-tələsik pulunu geri tələb etməsi, sərf etdiyi 19000 manat vəsaitdən yalnız 15000 manatını geri götürmək mümkün olmuşdur. Qalan pulların yığılması rentabilliyini itirdiyi üçün, yəni nəqliyyat xərci hər gün yığılan qalıq puldan yüksək olduğu üçün ərazilərə çıxıb pulları yığmağın mənası olmadı. Hazırda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 8500 manata dair 18.05.2015-ci il tarixli razılaşma, iddiaçının ilkin ödədiyi pulun təminatda olduğunu sübut etmək üçün aralarında etiraf müqaviləsi olmuşdur. Çünki, işə başladıqdan sonra hər dəfə iddiaçıdan pul istədikdə problem yaradırdı. İşlərin yaxşı getdiyi vaxtda hansısa falçının sözlərinə inanaraq gələcəkdə qoyduğu pulu geri götürə bilməyəcəyi qorxusu ilə pulları tez-tələsik geri istəmiş və bununla da şərikli işləri sona çatmışdır. Bu səbəbdən, nəticədə iddiaçı 4000 manat, o isə 3800 ABŞ dolları ziyanla üzləşmişdir. İddiaçıya satılmayan malları təklif etmiş, lakin iddiaçı onlardan da imtina etmişdir. Bütün bu dediklərini iddiaçı özü də təsdiq edə bilər. Həmçinin eyni tarixdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək İddiaçı ilə aralarında 18.05.2015-ci il tarixli borcun verilməsinə dair razılaşma əsasında iddia tələbi üzrə iddia müddətini tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayəti iddia müddətinin düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cvabdehdən 8500 (səkkiz min beş yüz) manat əsas borcun, 2550 (iki min beş yüz əlli) manat gecikdirilmiş faiz borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 11 080 (on bir min səksən) manat pulun tutulması barədədir. İddiaçı tələbinin əsası kimi sadə yazılı formada tərtib olunmuş 18.05.2015-ci il tarixli qəbzə istinad etmiş və həmin qəbzə əsasən cavabdehin ona 8500 manat borcu olduğunu, həmin borcu bir ay müddətinə qaytarmalı olsa da öhdəliyi vaxtında yerinə yetirmədiyini, bununla da ona ziyan vurduğunu bildirmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək tələbi təmin etməmiş və qeyd etmişdir ki, tərəflər arasında iddiaçının iddia ərizəsində göstərdiyi kimi 1 ay müddətinə 18.05.2015-ci il tarixdə 8500 manat məbləğində pulun verilməsinə dair şifahi borc müqaviləsi bağlanılmışdır. Belə olduqda müqavilənin bitmə tarixi 18.06.2015-ci il hesab olunur. İddiaçı məhkəməyə 6 ildən sonra 02.07.2021-ci il tarixdə iddia ilə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən MM-nin 373.2, 375.2, 739.1-ci maddələri və s. normalarla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin düzgün tətbiq olunmaması barədədir. Apelyator bu dəlili onunla əsaslandırmışdır ki, 8500 manat borcun etirafı haqqında 18.05.2015-ci il tarixli razılaşmada borcun qaytarılacağı gün göstərilməmişdir. Bu səbəbdən mübahisəyə iddia müddətinin tətbiq olunması doğru deyil. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, 18.05.2015-ci il tarixli razılaşmada borcun qaytarılacağı gün göstərilməsə də, hazırkı iş üzrə iddia ərizəsində iddiaçı özü 8500 manat borcu bir ay müddətinə qaytarmaq şərtilə verdiyini təsdiq etmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi həmin 18.05.2015-ci il tarixli razılaşmanın məzmununun ziddiyyətli olduğuna da diqqəti cəlb edir. Belə ki, həmin qəbzdə Cavabdeh borc aldığını yox, borc verdiyini göstərmişdir (i.v.12). Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları və apellyasiya şikayətinin iddia müddətinin ötürülməməsi ilə bağlı dəlilini sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10232/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10232/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver