Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10234/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5761/2021 saylı, 23.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.07.2019-cu il tarixli, 2(011)- 4426/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək birgə nikahdan doğulmuş 12 iyun 2005-ci il təvəllüdlü X7 və 19 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin onun, yəni İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabadeh Cavabdeh ilə 27 avqust 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 12 iyun 2005-ci il tarixdə X7, 19 sentyabr 2009-cu il tarixdə isə X6 anadan olmuşlar. Xətai Rayon Məhkəməsinin 23.07.2019-cu il tarixli, 2(011)-4426/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, övladları – 12 iyun 2005-ci il təvəllüdlü X7 və 19 sentyabr 2009-cu il təvəllüdlü X2 onun yanında saxlanılmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Maddi cəhətdən çətinlik çəkdiyinə görə həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X8 şöbə rəisi işləyir, yüksək maaş alır.
3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5761/2021 saylı, 23.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4426/2019 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh 12 iyun 2005-ci il təvəllüdlü X5 və 19 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi, alimentin yeni məbləğdə tutulması qətnamənin qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 20 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir (sədrlik edən: İlahə Abbasova).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5761/2021 saylı, 23.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 23.07.2019-cu il tarixli, 2(011 >-4426/2019 saylı qətnaməsinə əsasən mənimlə iddiaçı arasında bağlanmış nikah pozulmuş, övladlarımız - 12 iyun 2005-ci il təvəllüdlü X7 və 19 sentyabr 2009-cu il təvəllüdlü X3 iddiaçının yanında saxlanılmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin məndən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırıb ki, maddi cəhətdən çətinlik çəkdiyinə görə aliment qismində ödənilən 320 (üç yüz iyirmi) manat uşaqların saxlanılması üçün kifayət etmir, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pcnitensiar Xidmətin X8 şöbə rəisi işləyirəm və yüksək əmək haqqı alır. Göründüyü kimi iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iddiasını yalnız iki arqumentlə əsaslandırıb və həmin arqumentlərinin mötəbərliyini təsdiq edən hər hansı dəlillə sübuta yetirməyib. Birincisi, iddiaçı iddiasını maddi cəhətdən çətinlik çəkdiyinə görə aliment qismində ödənilən 320 (üç yüz iyirmi) manatın uşaqların saxlanılması üçün kifayət etməməsiylə əsaslandırsa da maddi çətinliyinin nədən ibarət olması, bu çətinliyin müvəqqəti və ya daimi olması, çətinliyin uşaqların saxlanmasına nə kimi təsiri olması və s. faktlar barədə heç bir məlumatı və bunun doğrulunu təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. İkincisi, cavabdeh dövlət idarəsində işləyir və ilk dəfə alimentin ödənilməsi vəzifəsi üzərimə qoyulandan barəsində şikayət verdiyim məhkəmə qətnaməsinin (aliment məbləğinin artırılması barədə) çıxarıldığı vaxta qədər gəlirlərim qətiyyən artmayıb. Əksinə iddiaçının mənə qarşı irəli sürdüyü çoxsaylı iddialarla bağlı borc alaraq ona ödədiyi 29000 (15000+14000 manat) və məhkəmə xərcləri qismində vəkilə ödədiyi böyük məbləğdə məsrəflər, “COVİD-19’* pandemiyasının fəsadları, səhhətində yaranmış problemlərlə bağlı müalicə xərclərim, kommunal xidmətlərə görə tarif dərəcələrinin, həmçinin avtomobilin yanacaq tariflərinin artması nəticəsində xərclərimin artması məni daha ağır maddi duruma salıb. Üçüncüsü, iddiaçı əvvəlki məhkəmə işləri üzrə iddia ərizələrində də etiraf edib ki, o, ibtidai sinif müəlliməsi vəzifəsində çalışır, eyni zamanda uşaq hazırlığı ilə məşğul olaraq kifayət qədər yüksək gəlir əldə edir. Pandemiyanın başlanmasından sonra üzbəüz təhsilin demək olar ki, olmadığı dövrdə iddiaçı müəllimə kimi məktəbdə əyani çalışmasa da hazırlığa gələn uşaqların sayının bir neçə dəfə artması onun da gəlirlərinin daha da yüksəlməsiylə nəticələnib. Dördüncüsü, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Mənim dövlət idarəsində işləməyimi, təqribən 900 (doqquz yüz) manat məbləğində olan əmək haqqımı fasiləsiz və sabit məbləğdə almağımı nəzərə alsaq, övladlarımızın saxlanması üçün aliment öhdəliyimin məbləği təqribən iki uşağa görə 300 (üç yüz.) manat təşkil edir. Lakin məhkəmə qətnaməsiylə iki uşağa görə 320 (üç yüz) manat aliment ödədiyim halda və qeyd etdiyim faktlar mövcud olduğu halda iddiaçının heç bir tutarlı arqumentə və sübuta əsaslanmadan aliment məbləğinin artırılmasını tələb etməsi qanunvericilikdə nəzərdə tutulan hüquqlardan sui-istifadədir, məhkəmənin bu halda iddianı təmin etməsi qanunvericiliyin tələblərini səhv təfsir etməsi və işə birtərəfli qaydada, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsinin nəticəsidir. Beşincisi, Ailə Məcəlləsinin tələblərinə əsasən, uşaqlarının saxlanması, tərbiyə edilməsi, xərclərinin ödənilməsi və s. məsələlərdə valideynlərin hüquq və öhdəlikləri bərabərdir. Lakin iddiaçının maddi vəziyyəti cavabdehdən dəfələrlə daha yaxşı olduğu halda bütün xərclərin cavabdehin üzərinə qoyulması və bu xərclərin heç bir tutarlı arqument, sübut və əsas olmadan mütəmadi olaraq artırılması tamamilə qanunsuz və əsassızdır. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4426/2019 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 27 avqust 2004-cü il tarixdə bağlanmış nikah pozulmuş, boşanmadan sonra 12 iyun 2005-ci il təvəllüdlü X5 və 19 sentyabr 2009-cu il təvəllüdlü X2 anaları X1 yanında qalmaları və Cavabdeh onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
11. İş materiallarında olan AZ-T seriyalı 089446 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 12 iyun 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X4r.
12. İş materiallarında olan AZ-T seriyalı 089447 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 19 sentyabr 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X4r. Hüquqi dəyərləndirmə:
13. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur;
14. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
15. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;
16. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
18. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
20. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
21. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur;
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
24. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
25. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir.
26. Kollegiya hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4426/2019 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləğinin artırılaraq, Cavabdeh 12 iyun 2005-ci il təvəllüdlü X5 və 19 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmasından ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
27. Cavabdeh apellyasiya şikayətində iddiaçının da işləməsi və uşaqlara baxmağın onun da vəzifəsi olması halına istinad etmişdir. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, valideynlərin hər ikisi uşaqlara münasibətdə eyni hüquq və vəzifələrə malikdir. Lakin bu hal cavabdehi uşaqları üçün yaşayış minimumu həddində aliment ödəmək öhdəliyindən azad etmir.
28. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, o dövlət işində işləyir, 900 manat maaş alır və aliment sabit pul məbləğində deyil, 2 uşağa görə maaşın 3/1 hissəsi məbləğində pul tutulmalıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh dövlət işində işlədiyini və 900 manat maaş aldığını bildirsə də, bununla bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sənəd təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.
29. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
32. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
Cavabdeh Ələmşah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5761/2021 saylı, 23.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev