Məhkəmə qərarları › İş №2(103)-10236/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10236/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10236/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin vəkili X11 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, X9 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(005)-274/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 157.842 manat borcun, gecikməyə görə 15000 manat məbləğində əlavə faizin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisi olduğu müddətdə ayrı-ayrı vaxtlarda borc müqavilələri əsasında cəmiyyətə ümumilikdə 157.842 manat məbləğində pul vəsaitini cəmiyyətin Rabitəbank ASC-də bank hesabına köçürmək yolu ilə borc vermişdir. Belə ki, 1) 16.03.2018-ci il tarixli 01 saylı borc müqaviləsi üzrə 31900 manat; 2) 09.04.2018-ci il tarixli 02 saylı borc müqaviləsi üzrə 11000 manat 3) 17.04.2018ci il tarixli 03 saylı borc müqaviləsi üzrə 500 manat; 4) 25.04.2018-ci il tarixli 04 saylı borc müqaviləsi üzrə 2300 manat 5) 14.05.2018-ci il tarixli 05 saylı borc müqaviləsi üzrə 17000 manat; 6) 04.07.2018-ci il tarixli 06 saylı borc müqaviləsi üzrə 16000 manat 7) 06.07.2018ci il tarixli 07 saylı borc müqaviləsi üzrə 15000 manat 8) 16.07.2018-ci il tarixli 08 saylı borc müqaviləsi üzrə 7000 manat; 9) 20.09.2018-ci il tarixli 09 saylı borc müqaviləsi üzrə 14692 manat; 10) 21.11.2018-ci il tarixli 10 saylı borc müqaviləsi üzrə 16000 manat; 11) 03.12.2018-ci il tarixli 11 saylı borc müqaviləsi üzrə 20000 manat 12) 17.12.2018-ci il tarixli 12 saylı borc müqaviləsi üzrə 15000 manat 13) 10.01.2019-cu il tarixli 13 saylı borc müqaviləsi üzrə 650 manat. 14.05.2018-ci il tarixli 05 saylı borc müqaviləsi üzrə verdiyi 17000 manat məbləğində borc müqaviləsinin surəti onda olmadığından iddia tələbinə əlavə edə bilməmişdir. Cavabdeh aldığı borcu müqavilədə qeyd olunmuş tarixdə qaytarmaq öhdəliyini götürsə də, bu günə kimi müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Borcun geri qaytarılması ilə bağlı çoxsaylı şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq cavabdeh hələ də mənə məxsus pul vəsaitinin qanunsuz olaraq öz istifadəsində saxlamaqla ona maddi və mənəvi ziyan vurmaqdadır. Hesab edir ki, cavabdeh vaxtında qaytarmalı olduğu borcla yanaşı bu günə kimi pul vəsaitlərini qanunsuz istifadəsində saxladığına görə illik 5% olmaqla əlavə faiz də ödəməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(005)- 274/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 150042 manat manat məbləğində borcun İddiaçı xeyrinə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" MMC-dən mülki iş üzrə ödənilmiş 26 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun 04 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, göstərmişdir ki, qeyd etdiyi məbləğin borc verilməsi ilə bağlı iş materiallarına əlavə etdiyi mötəbər sübut hesab edilən qəbz cavabdehin həqiqətən də o, pulu qəbul etdiyini göstərir. Cavabdeh MMC-nin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, iddiaçı sahibkarlıqla məşğul olan fiziki şəxsdir, cavabdeh isə hüquqi şəxsdir, mübahisə kommersiya mübahisəsidir və ümumi məhkəmə icraatında baxılması yolverilməzdir. İddiaçı hüquqi şəxsin təsisçisi olmuş olsa da, pul məbləğləri ona məxsus olmamış, üçüncü şəxs olan Zöhrab Əliyevə məxsus olmuş, onun tapşırığı əsasında iddiaçıya verilmiş pul məbləğləri MMC-nin bank hesabına mədaxil edilmişdir. Mötəbər sübut kimi iddiaçının və atasının DİN BMCMİ-də vermiş olduqları izahatlar təqdim edilmişdir. Həmin izahatlarda iddiaçı müqavilələrdə göstərilən pul məbləğinin ona məxsus olmadığını, həmin pulların Zöhrab Əliyevə məxsus olduğunu, iddiaçının sürücü işləməklə tələb olunan pul vəsaitinə malik olmadığı və MMC-dən hər hansı məbləğdə tələbinin olmadığı göstərilmişdir. Faktiki olaraq alqı-satqı predmeti olan əmlak hər bir yüklülükdən azad olmuş, hətta borc münasibətləri vardırsa belə onun digər şəxsə keçməsi, kreditor tələbinin iddiaçıda saxlanılması ilə bağlı heç bir razılaşma, qeyd-şərt olmamışdır. MMC-də olan paylarını satan şəxs qarşısında MMC-nin hər hansı öhdəliyinin saxlanması üçün ayrıca razılaşma olmalı və təhvil-təslim zamanı bu xüsusi qeyd olunmalıdır. Alqı-satqı zamanı faktik olaraq satıcı bütün öhdəliklərdən azad olan əmlakın satılmasını həyata keçirmiş və tam yüklülükdən azad əmlakı özgəninkiləşdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdeh MMC-nin apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Cavabdehin vəkili MMC-nin apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İş materiallarında olan fiziki şəxs İddiaçı və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC, həmin MMC-nin direktoru İddiaçı arasında bağlanmış: 16.03.2018-ci il tarixli 01 saylı müqaviləyə əsasən 31900,00 manat; 09.04.2018-ci il tarixli 02 saylı müqaviləyə əsasən 11000 manat; 17.04.2018-ci il tarixli 03 saylı müqaviləyə əsasən 500 manat; 25.04.2018-ci il tarixli 04 saylı müqaviləyə əsasən 2300 manat; 04.07.2018-ci il tarixli 06 saylı müqaviləyə əsasən 16000 manat; 06.07.2018-ci il tarixli 07 saylı müqaviləyə əsasən 15000 manat; 16.07.2018-ci il tarixli 08 saylı müqaviləyə əsasən 7000 manat; 20.09.2018-ci il tarixli 09 saylı müqaviləyə əsasən 14692,25 manat; 21.11.2018-ci il tarixli 10 saylı müqaviləyə əsasən 16000 manat; 03.12.2018-ci il tarixli 11 saylı müqaviləyə əsasən 20000 manat; 17.12.2018-ci il tarixli 12 saylı müqaviləyə əsasən 15000 manat; 10.01.2019-cu il tarixli 13 saylı müqaviləyə əsasən 650 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 19.03.2018-ci il tarixli, 10.04.2018-ci il tarixli, 17.04.2018-ci il tarixli, 25.04.2018-ci il tarixli, 04.07.2018-ci il tarixli, 06.07.2018-ci il tarixli, 16.07.2018-ci il tarixli, 20.09.2018-ci il tarixli, 21.11.2018-ci il tarixli, 03.12.2018-ci il tarixli, 17.12.2018-ci il tarixli və 10.01.2019-cu il tarixli qəbzlərdən görünür ki, İddiaçı "xxxx" MMC-nin hesabına müvafiq olaraq 31900 manat, 11000 manat, 500 manat, 2300 manat, 16000 manat, 15000 manat, 7000 manat, 14.692,25 manat, 16000 manat, 20000 manat, 15000 manat və 650 manat pul köçürülməsi üçün nağd ödənişlər etmişdir. Hazırda iddiaçı borc müqavilələri üzrə verdiyi pul vəsaitini geri tələb edir, cavabdeh isə iddia tələbini qəbul etməyərək, İddiaçı tərəfindən "Borc müqavilələri"nə əsasən Cavabdeh MMC-nin cari bank hesabına mədaxil etdiyi pul vəsaitinin iddiaçıya məxsus olmadığını bildirir, habelə qeyd edir ki, mübahisə edilən pul vəsaiti X5 və X4 məxsus olmuş, bu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-də aparılan araşdırma materialları ilə də təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. İş materiallarından görünür ki, İddiaçı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatında göstərmişdir ki, X9 qayınatasıdır, 2018-ci ilin mart ayında Zöhrab Əliyev və şəriki Rəfael Qasımov şərikli olaraq Azərbaycanda dartma tavan işi ilə məşğul olmaq üçün onun adına Cavabdeh MMC-ni təsis etmişlər. O, MMC-nin həm təsisçisi, həm də direktoru olmuşdur. MMC təsis olunandan sonra onlar Masazır qəsəbəsində icarəyə yer götürmüş, orada kiçik fabrik yaratmışlar və bütün avadanlıqları, bütün dəzgahları Rusiya Federasiyasından alıb gətirmişlər. Bundan başqa dartma tavan işini öyrənmək üçün X8 və X3 Rusiya Federasiyasına göndərmişlər. Onun həmin fabrikdə heç bir işi olmadığı üçün öz işi ilə məşğul olmuş, ancaq müəssisə onun adına olduğu üçün sənədləri imzalamaq lazım olanda ona deyilmiş, gedib imzalamışdır. Həmçinin MMC onun adına olduğu üçün hansısa bank hesabına pul köçürmək lazım olanda pulu verirdilər, o, aparıb ödəyirdi. Yəni onun işi ancaq sənədləri imzalamaqdan və bank hesabına onların verdikləri pulları ödəməkdən ibarət olmuşdur. Lakin 2018-ci ilin noyabr ayından sonra onunla Zöhrab Əliyevin qızı arasında narazılıqlar yarandığı üçün, Zöhrab Əliyevlə də münasibətləri pozulmuşdur. Bir müddət sənədləri yenə də imzalasa da, 2018-ci ilin sonlarından sonra o, sənədləri imzalamaqdan imtina etmiş və demişdir ki, MMC ona məxsusdur. Hazırda MMC onun adınadır, ancaq həmin MMC qeyd etdiyi kimi Zöhrab Əliyev və Rəfael Qasımova məxsusdur. MMC sadəcə kağız üzərində onun adınadır, o, həmin MMC-nin təsis edilməsinə və sonradan fəaliyyət göstərməsinə heç bir sərmayə qoymamış, yəni onun həmin MMC-də heç bir vəsaiti yoxdur. Onun MMC-yə və MMC-nin həqiqi sahibləri Zöhrab Əliyevə və Rəfael Qasımova qarşı heç vaxt heç bir tələbi, iddiası olmamış, hazırda da onun heç bir tələbi və iddiası yoxdur. 15.03.2019-cu il tarixli İddiaçı ilə X10 arasında bağlanılmış müqaviləyə əsasən Cavabdeh MMC-nin təsisçisi İddiaçı Cavabdeh MMC-nin nizamnamə kapitalında ona məxsus olan 5 payını 5 manat qiymətində X1. Müqaviləyə əsasən İddiaçı MMC-nin nizamnamə kapitalında özünə məxsus olan bütün hüquqlarını itirmiş olur. Müqaviləyə əsasən payın satışının satıcı üçün nəticələri: hazırki müqavilə imzalandığı andan satıcı İddiaçı Cavabdeh MMC 5 payı üzərindəki iştirakçısı statusu ilə bağlı malik olduğu bütün hüquq və vəzifələrini itirmiş hesab olunur. İddiaçı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində izahatı hədə-qorxu nəticəsində, təzyiq altında verdiyini, həmçinin MMC-dəki payının satılması barədə müqaviləni də təzyiq altına fiziki zor tətbiq edilərək bağlandığını iddia etsə də, Lerik Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı 15.03.2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirərək, etibarsızlığını tələb etmiş, lakin iddiaçının iddia etdiyi hallar müəyyən edilməmiş və iddia tələbi təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1062/2020 saylı 25.06.2020-ci il tarixli qətnaməsi ilə Lerik Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-546/2021 saylı 01.02.2021-ci il tarixli qərarı ilə apelyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının özü tərəfindən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verilmiş izahatda MMC-nin formal olaraq onun adına təsis edildiyi, əslində isə Zöhrab Əliyev və şəriki Rəfael Qasımov tərəfindən təsis edildiyi, həmin MMC-nin təsis edilməsinə və sonradan fəaliyyət göstərməsinə heç bir sərmayə qoymadığı, yəni onun həmin MMC-də heç bir vəsaitinin olmadığı göstərilmişdir. Məhkəmə cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-də aparılan araşdırma materialları ilə hüquqi şəxsin iddiaçıya məxsus olmaması faktının təsdiq edilməsi və s. ilə bağlı istinad etdiyi hallarla bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyin müddəalarına əsasən, MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya qeyd edir ki, məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməmişdir, belə ki, MPM-nin qeyd edilən norması yalnız qanuna və normativ hüquqi aktlara əsasən müəyyən edilməli olan halları nəzərdə tutur ki, hazırda da bu hallar olmadığından qeyd edilən normaya istinad edilməsi əsassızdır. İddiaçının qeyd olunan izahatı təzyiq altında verməsi, həmçinin müqaviləni hədəqorxu nəticəsində bağlaması barədə iddia etdikləri öz təsdiqini tapmamış, əksinə iş materialları ilə təkzib edilmişdir. Beləliklə göründüyü kimi iddiaçının MMC-yə təsisçiliyi formal xarakter daşımış, onun MMC-də hər hansı bir vəsaiti olmamışdır, tələb edilən pul məbləğləri də ona məxsus olmamışdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının istinad etdiyi dəlillər təsdiqini tapmış olsa idi belə, yenə də hazırki tələbi əsassızdır, yuxarıda qeyd olunduğu kimi 15.03.2019-cu il tarixli müqavilə əsasında iddiaçı MMC-də ona məxsus payını X2 və həmin müqaviləyə əsasən İddiaçı MMC-nin nizamnamə kapitalında özünə məxsus olan bütün hüquqlarını itirmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Cavabdeh apelyasiya şikayətində hazırki mübahisənin kommersiya mübahisəsi olduğunu qeyd etmiş, apelyasiya baxışı zamanı isə məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır: - Müflisləşmə ilə bağlı (banklar istisna olmaqla) tələblər; - Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər); - Bankın öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı işlər; - Sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı tələblər (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla). Göründüyü kimi kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər aiddir. Baxılan iş üzrə tələb kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə aid deyildir, belə ki, cavabdeh hüquqi şəxs olsa da, iddiaçı göstərilən şəxslər sırasında olmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, X9 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar