Məhkəmə qərarları › İş №2(103)-1024/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1024/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1024/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: “pul tələbi, əsassız varlanma, etirafedici ifadə, sübutetmə yükü”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-902/2024 saylı, 16 aprel 2024cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı Cavabdeh arasında olan xx.xx.2023-cü il tarixinə aid “votsap” yazışmalarının və səs yazısının məzmunu ilə Cavabdeh İddiaçı ümumilikdə 7000 manat ödəməli olduğunu qəbul etmişdir.

2. Cavabdeh həmin yazının ona aid olduğunu etiraf etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6840 manatın və 89 manat dövlət rüsumuna görə xərcin əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul ediılməsini xahiş etmişdir.

4. Tələbdə göstərilib ki, cavabdehin iddiaçıya 6840 manat borcu vardır. Həmin pulu 2022-ci ilin dekabr ayında götürərək qaytarmamışdır. İddiaçı dəfələrlə pulun qaytarılmasını tələb etsə də, cavabdeh pulu geri qaytarmamışdır. Cavabdeh dəfələrlə aralarında olan votsap yazışmalarında iddiaçıdan pulu aldığını və tezliklə qaytaracağını bildirmişdir. Bundan başqa, aralarında olan vatsap səs yazısında da cavabdeh iddiaçıdan pulu aldığını etiraf etmişdir. Cavabdeh pulu qaytarmamaqla iddiaçıya ziyan vurmuşdur. Cavabdeh ona zəng edərək Nabat adlı tanışının nömrəsini vermiş və bildirmişdir ki, anası xəstədir, müalicəsi üçün pul lazımdır. Lotereyadan oyun qurmasını istəyərək, oyundan yığılan pulu anasının əməliyyatına verməli olduğunu bildirmişdir. Bundan sonra cavabdeh onun təşkil etdiyi lotereya oyununa qoşulmuşdur. Eyni zamanda, cavabdeh müxtəlif məbləğlərdə olan həftəlik və aylıq lotereya oyununa qoşulmuşdur. Aralarında olan razılaşma belə olmuşdur ki, pul məbləğləri onun istifadəsində olan bank kartına göndərilməli və o, da kartdan pulları çıxararaq sahiblərinə çatdırmalı idi. Cavabdeh əvvələr özünü yaxşı göstərmiş, hətta başqa bir şəxsi də qardaşı adı ilə lotereya oyununa qoşmuşdur. Həmin oyun heç bir faiz hesablanmadan, sadəcə olaraq oyunçuların öz pulları hesabına müxtəlif vaxtlarda və razılaşdırılmış vaxtda ödənilməsi ilə aparılmışdır. Oyunlar aylıq olanda hər ayın sonu, həftəlik olanda isə hər həftənin son günü pul götürülərək onun tərəfindən iştirakçı şəxslərə ödənilmişdir. Cavabdeh özü müxtəlif aylıq və həftəlik lotereyalarda iştirak etmişdir. 2022-ci ilin sonunda cavabdeh lotereyada aylıq ödənişlərdən birini götürmüş və həftəlik məbləğləri ödəsə də, imkansızlıq səbəbindən həmin ödənişi ödəməmişdir. Həmin məbləğ artıq 2023cü ilin aprel ayında 7000 manat təşkil etmişdir. Məcbur qalıb, həmin məbləği öz hesabına başqa şəxslərə ödəmişdir. Cavabdeh isə ona hər dəfə pulu ödəyəcəyini bildirmişdir. Bu barədə aralarında vatsap danışıqları və səsyazıları mövcuddur. 2023-cü ilin aprel ayında Cavabdeh ilə onun arasında aparılan danışıq zamanı cavabdeh 7000 manat məbləğində borcu olduğunu təsdiq etmiş, yəni həmin məbləği özü yazaraq onun telefonuna göndərmişdir. Məhkəmənin hazırlıq iclasında da Cavabdeh həmin yazının ona məxsus olmasını və həmin vaxt borcu olmasını etiraf edərək, iyun ayında pulları guya qaytararaq haqq-hesablarını başa çatdırdığını bildirmişdir. Lakin bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf 2023-cü ilin aprel ayınadək olan müddətdə məhkəməyə qəbzlər təqdim etmiş, hər bir qəbzi saxladığını bildirmişdir. Əgər qəbzlərlə nəyi isə sübut etmək istəyirsə, 2023-cü ilin aprel ayının 1-dən sonra ona pul ödəməyi barədə də qəbz təqdim etməlidir. Bunu təqdim edə bilməmişlər, çünki belə bir qəbzin olması mümkün deyildir. Cavabdeh 7000 manat puldan əlbəəl may ayında ona 160 manat ödəmişdir. Dini inanclı və düzgün insan olması səbəbindən, həmin ödənişi etiraf edir və onu 7000 manat borcdan çıxır. Hazırda Cavabdeh ona 6840 manat borcu vardır. Həmin borc 2023-cü ilin aprel ayında etiraf edilmişdir. Həmin pulu Cavabdeh 2023-cü ilin dekabr ayında götürmüşdür. Bir daha qeyd etmək istəyir ki, Cavabdeh onunla birlikdə başqa həftəlik və aylıq bir neçə lotereya oyununda iştirak etmişdir. Cavabdehin təqdim etdiyi qəbzlər başqa həftəlik və aylıq lotereya ilə bağlıdır. Eyni zamanda cavabdehin özünün ondan götürdüyü pullarla bağlı 2023-cü ilin aprel ayında etirafı var. Həmin tarixdə və bundan sonra da dəfələrlə o, pulunu istəmişdir, lakin cavabdeh pulunu qaytarmamışdır. Məhkəmə iclasında həm özü, həm də nümayəndəsi olan həyat yoldaşı bildirmişlər ki, 2023-cü ilin iyul ayında 3200 manat məbləğində pulu ödəyərək onunla haqq-hesab etmişlər. Əgər doğrudan da, həmin ödəniş vardırsa, bu halda, qəbzləri təqdim edərdilər. Dəfələrlə cavabdeh aralarında olan votsap yazışmalarında ondan pulu aldığını və tezliklə qaytaracağını bildirmişdir. Ümumiyyətlə, cavabdeh heç vaxt pulu danmayacağını bildirsə də, məhkəmədə pulu danmaq istəyərək öz etirafları bir daha ona borclu olduğunu təsdiq etmişdir. Bundan başqa, aralarında olan votsap səs yazısında cavabdeh ondan pulu aldığını etiraf edir. Cavabdeh pulu qaytardığını bildirsə də, bunu sübut edə bilməmişdir. Məhkəmə iclasında telefon tədqiq olunarsa, səsyazıların məhz 2023-cü ilin aprel ayından sonra olması müəyyən edilər ki, həmin tarixdə cavabdeh pulun qaytarılması üçün möhlət istəmişdir. Bu barədə davamlı səsyazılar mövcuddur.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-902/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbinin təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 6840 (altı min səkkiz yüz qırx) manat pul və 89 (səksən doqquz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6929 (altı min doqquz yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş tərəflər arasında olan xx.xx.2023-cü il tarixinə aid votsap yazışmalarının məzmunundan müəyyən olunur ki, Cavabdeh İddiaçı ümumilikdə 7000 manat ödəməli olduğunu qəbul etmişdir. Məhkəmə iclasında ona verilən suala cavabında Cavabdeh həmin yazının ona aid olduğunu etiraf etmişdir. Cavabdeh tərəfindən həmin pulun ödənildiyini təsdiq edən bank kartlarına köçürmələri təsdiq edən qəbzlər məhkəməyə təqdim edilsə də, təqdim edilmiş qəbzlər xx.xx.2023-cü il tarixindən əvvəlki dövrləri əhatə edir. Digər tərəfdən də, bank kartlarına köçürülmüş həmin pul vəsaitlərinin məhz hazırda tələb olunan 6840 manatın ödənilməsinə yönəldiyini müəyyən etmək mümkün deyil. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, tərəflər arasında lotereya oyununa görə həftəlik və aylıq ödənilməli pullar iddiaçının bank kartına köçürülmüş, daha sonra şərtləşdirilmiş qaydalara uyğun olaraq hər həftənin və ayın sonu növbə ilə iştirakçılardan biri tərəfindən götürülmüşdür. Cavabdeh növbəsinə uyğun olaraq 7000 manatı qəbul etmiş, lakin oyunun şərtlərinə uyğun olaraq davam etdirməyərək, oyun nəticəsində əldə etdiyi pullardan 2023-cü ilin mart ayından ödənişlər etməməyə başlamışdır. Cavabdehin votsap yazışmasında borcunun 7000 manat olduğunu etiraf etmişdir. İddiaçı, cavabdehin həmin puldan 160 manat qaytardığını bildirərək, qalan 6840 manat pulun ödənilməsini tələb edir. İş üzrə dindirilmiş şahid də tələb olunan pulun məbləği və yaranma səbəbləri barədə məhkəməyə ətraflı ifadə vermiş, onun ifadəsini şübhə altına alacaq məqam aşkar edilməmişdir. Cavabdehin tələb olunan pulu qaytarması ilə bağlı hər hansı sübut iş materiallarında mövcud deyil. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Onun iddiası və təqdim etdiyi sübutlar işin faktiki halları ilə uzlaşıb, iddanın təmin edilməsi üçün mötəbər və yetərli hesab olunmalıdır. Cavabdeh 6840 manat məbləğində pulu əldə etməyə nə qanuni, nə də müqavilə üzrə əsası olmuş, həmin pulu əldə etməklə əsassız varlanmışdır. Odur ki, iddia əsaslı olduğundan, təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh (nümayəndəsi Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən onunla cavabdeh arasında pul tələbi ilə məhkəməyə müraciət ediləcək bir əqdin, bir razılaşmanın olub-olmaması ümumiyyətlə araşdırılmamışdır. Belə ki, onunla cavabdeh arasında mübahisə predmeti olan məbləğ barədə hər hansı bir razılıq və ya əqd olmamışdır. Həmçinin, Mülki Məcəllənin qeyd edilən normasına əsasən tələb üç mindən artıqdırsa bu halda mütləq tərəflər arasında yazılı formada əqd bağlanmalıdır. Lakin məhkəmə tərəfindən bu hala ümumiyyətlə nəzər yetirilməmiş, mübahisə predmetinin həqiqətən mövcudluğu heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə sadəcə iddiaçının təqdim etdiyi votsap mesajına istinad edərək qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş əsassız qətnamədə maddi norma olaraq yalnız Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad edilmişdir. Lakin həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Lakin məhkəmə proseslərində tərəfindən təqdim edilmiş ödəniş sənədləri onun əsassız varlanmış şəxs olmadığını öz təsdiqini tapır. Belə ki, o, ilk məhkəmə prosesindən etibarən özü və ya nümayəndəsi vasitəsilə mübahisənin həlli ilə əlaqədar bütün mötəbər sübutlar təqdim edilsə də, məhkəmə heç birinə düzgün hüquqi qiymət verməmişdir. İddiaçı məhkəməyə müraciət edərək ondan 6840 manat pulun və 89 manat dövlət rüsmunun tutulmasını xahiş etmişdir. Qeyd etmişdir ki, cavabdeh guya iddiaçıdan 2022-ci ilin dekabr ayında pul götürərək qaytarmayıb. Lakin bu qeyd edilənləri təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Cavabdeh tərəfindən isə 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər həmin məbləğ iddiaçıya ödənilmişdir. Bu barədə müxtəlif bank çıxarışları məhkəməyə təqdim edilsə də, məhkəmə onlara hüquqi qiymət verməmiş, hətta qətnamədə belə həmin sənədlərin təqdim edilməsi öz əksini tapmamışdır. Bu hal özlüyündə belə məhkəmənin işə obyektiv baxmadığını sübut edir. Bu da onu deməyə əsas verir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, bunun nəticəsi olaraq isə əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

19. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

22. Əvvəla, öhdəlik yalnız hansısa razılaşma yaxud əqd bağlanması nəticəsində yaranmır. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi cavabdehin iddiaçı qarşısında olan öhdəliyi əsassız varlanmadan yaranmışdır. Başqa sözlə, cavabdeh sonradan aradan qalxmış əsasa görə iddiaçının hesabına varlanmışdır. Buna görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Çünki cavabdehin əməli gözlənilən məqsədə uyğun olmamışdır. Burada iddiaçının cavabdehə verdiyi vəsaitin üç min manatdan artıq olmasına görə sadə yazılı formada əqdin bağlanmasına da zərurət olmamışdır. Çünki onlar arasında borc münasibətləri olmamışdır. Hətta borc münasibətləri olmuş olsa belə, yazılı əqdin bağlanmaması cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyinin icra etməsini istisna etmir.

23. İddiaçının təqdim etdiyi yazıların sübut kimi qiymətləndirilməsi ilə əlaqədar məhkəmə tərkibi qeyd edir ki, səs və digər yazılardan sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi yazılar iddiaçı ilə cavabdeh arasında olan danışıqları əks etdirir və onlar arasında yaranmış mülki hüquq münasibətləri ilə bağlıdır. Bu səbəbdən həmin sübuta istinad edilməsi qanunvericiliklə yolveriləndir.

24. Cavabdehin təqdim etdiyi ödəniş sənədləri də hazırkı iddia üzrə öhdəliyin icrasını təsdiq edən sübut hesab edilə bilməz. Bununla əlaqədar, birinci instansiya məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmışdır. Yəni, təqdim edilən qəbzlər xx.xx.2023-cü il tarixindən əvvəlki dövrləri əhatə edir. Cavabdeh isə qeyd olunan tarixdə iddiaçıya 7000 manat borcunun qaldığını etiraf etmişdir. Ona görə də cavabdeh tərəfindən 2023-cü ilin mart ayına qədər edilən ödənişlərin hazırkı iddia ilə heç bir əlaqəsi yoxdur. Belə olmasa idi, cavabdeh xx.xx.2023-cü ildə və ondan sonrakı səs yazısında iddiaçıya təmin edilən məbləğdə borcu qaldığını etiraf və təsdiq etməzdi. Demək ki, cavabdehin etirafedici izahatı iddiaçını bu halları sübut etmək yükündən azad edir. Cavabdeh bu dəlili ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmiş, mövqeyini yalnız apellyasiya şikayətində yazılı ifadə etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qət olunan məbləğin qaytarıldığını sübut etmək yükü isə təbii ki, cavabdehin üzərinə düşür. Ancaq cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmir.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-902/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-902/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar