Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10242/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyul 2020-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın adından çıxış edən Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun cavabdehə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.12.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Eyni zamanda o, ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmamış hesab edilməsi barədə qərardad qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. Ərizəyə və apelyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.07.2020-ci il tarixli qərardad ilə ərizəni təmin etməmiş və apellyasiya şikayətini, prosessual müddətin ötürülməsi və “ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətin verilməməsi” əsası ilə apellyasiya şikayətini qaytarmışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmamış hesab edilməsi əsası ilə apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.09.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və apellyasiya şikayəti, prosessual müddətin ötürülməməsi əsası ilə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 130.1-ci maddəsinə görə isə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Rayon Məhkəməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qaytararkən hesab etmişdir ki, cavabdeh, apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və “ötürülmüş prosessual müddətin bərpası barədə vəsatət” verməməşdir. Rayon Məhkəməsini bu mövqeyi ilə razılaşmayan cavabdeh, qərardaddan verdiyi şikayət onunla əsaslandırılmışdır ki, o artıq 7 ildən çoxdur ki, qeydiyyatda olduğu ünvanda yaşamır. İş materiallarında olan məhkəmə qəbzlərində olan imzalardan və xəbərnaməli poçt qəbzlərində olan imzalardan göründüyü kimi imzalar fərqlidir, yəni işdəki poçt xidmətinin qəbzlərində olan imzalar ona məxsus deyil. Rayon Məhkəməsi tərəfindən ona qeydiyyatda olduğu yer üzrə göndərilən qətnamə və qərardadları ona təqdim etməmişdir. Qanunvericiliyin tələblərinə əsasən bu növ işlərdə şikayət vermə müddəti rəsmi məhkəmə qətnaməsini və ya qərardadını əldə edilən andan əmələ gəlir. İş materiallarından göründüyü kimi apellyasiya şikayəti vermək üçün üzürlü səbəb yoxdur, çünki rəsmi olaraq onun qətnamə və ya qərardadın təqdim edilməsinə dair sənəd və imza məhkəmə aktının götürməsinə dair rəsmi sənəd mövcud deyildir. Onun qeydiyyatda olduğu yer üzrə 7 ildən çox yaşamaması barədə dövlət orqanının rəsmi sənədi şikayətə əlavə edildiyindən bundan əlavə ədalətli məhkəmə araşdırması hüququndan məhrum edildiyindən, məhkəmə qərardadının ləğv edilməsi və verilmiş apellyasiya şikayətinin baxılmasına və işə mahiyyəti üzrə araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməlidir. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, 17.12.2019-cu il tarixli qətnamə cavabdehə çatdırılması üçün onun ünvanı üzrə ünvan 1mişdir. Həmin ünvana xidmət göstərən 58 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli, 209 saylı arayışından görünür ki, cavabdeh qeyd edilən ünvanda 7 ildən çoxdur ki yaşamır. Məhkəmə bildirir ki, qətnamənin çatdırılması barədə qəbzdə qətnaməni qəbul edən şəxsin adı, soyadı, ünvana sahibinə (cavabdehə) münasibəti qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 135-ci maddəsinin mənasına görə, ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3.). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər (maddə 135.4.). Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir ( maddə 135.5.). Göründüyü kimi, Rayon Məhkəməsi poçt sənədində qətnaməni almış şəxsin imzasına əsaslanaraq yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Lakin bu zaman sənədi imza edən şəxsin cavabdehə münasibətini, cavabdehin həqiqətən də həmin ünvanda yaşayıb yaşamamasını araşdırmamışdır. İş üzrə heç bir tərəf (hazırki halda isə cavabdeh) məhkəmə qətnaməsinin ona rəsmi qaydada təqdim edilməməsini sübuta yetirməyə borclu deyil, bu vəzifə qətnaməni ünvana göndərmiş məhkəmənin üzərinə düşür. Lakin işdə qətnamənin cavabdehə çatdırılmasını təsdiq edən sənəd mövcud deyil. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsinin qətnaməsi 29.12.2019-cu il tarixdə cavabdehə verilməmişdir və o, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Lakin apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli (İş № 2(009)-3235/2019) qətnaməsindən verdiyi apellyasiya şikayəti, prosessual müddətin ötürülməməsi əsası ilə qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10242/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10242/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver