Məhkəmə qərarları › İş №2(103)-10246/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10246/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10246/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(010)-165/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(010)-165/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13178 (on üç min yüz yetmiş səkkiz) manat məbləğində pul və 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə 21.10.2021-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə göndərərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 13178,15 manat məbləğində pul və 15 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbindən imtina etdiyini, cavabdehlərlə barışdığını, bu məsələ ilə əlaqədar gələcəkdə heç bir iddia, tələb və şikayətinin olmayacağını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, tərəflər arasında barışıq olduğu üçün, iddiaçı iddiasından imtina edərək, işin icraatına xitam verilməsini xahiş edir. Eyni zamanda da, cavabdeh apellyasiya şikayətindən imtina edir. Xahiş etdi ki, qətnamə ləğv olunaraq, işin icraatına xitam verilsin. İş üzrə İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləəyib, ərizələri və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(010)-165/2021 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. Həmin Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 19-20ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(010)-165/2021 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.4, 391, 400, 402-403, 405.0.2, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(010)- 165/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar