Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10249/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnamə əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli qətnaməsinə (İş № 2(015)- 2427/2017) əsasən 1 uşağın – 07.09.2015-ci il təvəllüdlü Dilşadın yetkinlik yaşına çatana kimi cavabdehdən onun xeyrinə tutulmalı olan 100 manat məbləğində alimentin artırılaraq 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikahda olmuşlar. Nikahdan onların 1 övladları var. İddiaçı ilə cavabdehin münasibətləri əvvəllər normal olsa da, daha sonra pozulmuş və onlar ayrılmışlar. Ağstafa Rayon Məhkəməsinin 13.12.2017ci il tarixli qətnaməsi ilə nikahın pozulması, nikahın pozulmasından sonra uşağın anasının (iddiaçının) yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Uşaq böyüdükcə uşağın xərcləri artır. Eyni zamanda nəzərə alınmalıdır ki, ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. 2017-ci ildə müəyyən edilmiş alimentin məbləği artıq uşağın xərclərini ödəmir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.07.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli qətnaməsinə (İş № 2(015)-2427/2017) əsasən 1 uşağın – 07.09.2015-ci il təvəllüdlü Dilşadın yetkinlik yaşına çatana kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan 100 manat məbləğində alimentin artırılaraq 175 manat məbləğində müəyyən edilməsini, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və alimentin 110 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hazırda işsizdir, İİİ qrup əlildir, 110 manat məbləğində pensiya alır. Başqa gəliri yoxdur. Bu səbəbdən cavabdeh 175 manat məbləğində aliment ödəyə bilmir. Lakin aldığı pensiyanı tam həcmdə aliment olaraq ödəməyə razıdır. Tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin olunsa da, iş üzrə iddiaçı, Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə sabit pul məbləğində ondan tutulmalı olan alimentin məbləğini mübahisələndirir və xahiş edir ki, alimentin məbləği artırılsa da, Rayon Məhkəməsinin müəyyən etdiyi kimi 175 manat məbləğində deyil, 110 manat məbləğində müəyyən edilsin. Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiyanın həcmini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh nikahda olmuşlar. Nikahdan onların 1 övladları var – 07.09.2015-ci il təvəllüdlü Dilşad. İddiaçı ilə cavabdehin münasibətləri əvvəllər normal olsa da, daha sonra pozulmuş və onlar ayrılmışlar. Ağstafa Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli qətnaməsi (İş № 2(015)- 2427/2017) ilə nikahın pozulması, nikahın pozulmasından sonra uşağın anasının (iddiaçının) yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş üzrə tərəflər arasında mübahisə doğurmur ki, yuxarıda qeyd edilən qətnamə əsasında cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləği artırılmalıdır. İşə baxmış Rayon Məhkəməsi də, hesab etmişdir ki, alimentin məbləği artırılmalıdır və 175 manat məbləğində müəyyən edilməlidir. Rayon Məhkəməsinin müəyyən etdiyi məbləğ ilə razılaşmayan cavabdeh bildirir ki, o hazırda işləmir, İİİ qrup əlildir və 110 manat məbləğində pensiya alır. Başqa gəliri yoxdur. Bu səbəbdən cavabdeh 175 manat məbləğində aliment ödəyə bilmir. Lakin aldığı pensiyanı tam həcmdə aliment olaraq ödəməyə razıdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, cavabdeh, bir valideyn kimi, iddiaçının yanında qalan uşağını saxlamağa borcludur. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır. Eyni zamanda nəzərə alınmalıdır ki, ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, cavabdehin təklif etdiyi məbləğdə alimentin artırılması (cəmi 10 manat məbləğdə artırılma) formal xarakter daşıyacaq və uşağın artmış tələbatlarını təmin etməyəcək. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin əlil olması, işləməməsi, az miqdarda pensiya alması iddiaçı ilə nikahdan doğulmuş uşağını ümumiyyətlə saxlamaqdan, saxladıqda isə uşağın əvvəlki təminat səviyyəsində saxlamaqdan azad etmir. O, sağlamlıq imkanlarına uyğun işdə işləməli və uşağı, uşağın əvvəlki təminat səviyyəsində saxlamalıdır. Belə ki, “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü Fəslinin mənasına görə, əlillərin müraciətinə əsasən dövlət, əlilləri, onların sağlamlıq imkanlarına uyğun işlə təmin etməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-10249/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10249/2021
05.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver