Məhkəmə qərarları › İş №2(103)-10256/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10256/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10256/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(001)-2374/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Az **-EO-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı evakuatorun yararsız hala salınmasına görə iddiaçıya vurulmuş maddi zərərin əvəzi kimi 3000 manat məbləğində pulun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3030 manat pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətçi X2 tərəfindən Az **-EO-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı evakuator 05 iyun 2017-ci il tarixli icarə müqaviləsi ilə MMC-yə icarəyə verilmişdir. Müqavilənin 2.4-cü maddəsini rəhbər tutaraq MMC tərəfindən həmin nəqliyyat vasitəsi yükdaşımanın həyata keçirilməsi və sifarişlərin yerinə yetirilməsi məqsədilə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh ilə MMC arasında 27 noyabr 2017-ci il tarixində xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh həmin avtomobildən təyinatına uyğun istifadə etmək və avtomobili mühafizə etmək, avtomobilin idarə olunmasında təhlükəsizlik texnikası qaydalarına riayət etmək, yaranan hər hansı nasazlıq barədə sifarişçini, yəni İddiaçı MMC-ni vaxtında xəbərdar etmək öhdəliyini öz üzərinə götürmüş, sifarişin yerinə yetirilməsi zamanı icraçı tərəfindən sifarişçiyə maddi ziyan dəydiyi hallarda tərtib edilmiş akta əsasən dəymiş ziyan məbləğinin icraçının xidmət haqqından tutulmasına razılıq vermiş və bu ziyanı ödəməkdən boyun qaçırmayacağını bildirmişdir. Lakin həmin nəqliyyat vasitəsi Cavabdeh etinasız istifadəsi nəticəsində istifadəyə yararsız hala düşmüş və cavabdeh vurduğu ziyanı dərk etdiyindən öhdəlikdən yayınmaq məqsədilə həmin nəqliyyat vasitəsini 31 mart 2019-cu il tarixində təhvil-təslim qaydalarına əməl etmədən sahibsiz qoyaraq getmişdir. Hadisə ilə əlaqədar olaraq nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və 02 aprel 2019-cu il tarixli akta əsasən nəqliyyat vasitəsinə 3000 manat məbləğində maddi ziyan dəydiyi aşkarlanmışdır. Cavabdehə dəfələrlə vurulmuş ziyanın ödənilməsi barədə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, bu günə qədər cavabdeh zərəri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(001)- 2374/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu dövrdə yararsız vəziyyətə düşməsi və bunun nəticəsində iddiaçı təşkilata 3000 manat məbləğində ziyan dəyməsi iş materialları ilə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(001)-2374/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X2 ilə İddiaçı MMC arasında bağlanmış 05 iyun 2017-ci il tarixli icarə müqaviləsi ilə X2 mülkiyyətində olan "xxxx" Yük markalı, Az **-EO-*** dövlət qeydiyyat nişanlı evakuatoru müqavilə müddəti sonradan uzadılmaqla İddiaçı MMCyə icarəyə vermişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xidməti müqaviləyə əsasən MMC icarəsində olan "xxxx" Yük markalı, Az **-EO-*** dövlət qeydiyyat nişanlı evakuatoru yol vərəqəsi əsasında idarə etməsi üçün Cavabdeh vermişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evakuatordan istifadə etdiyi dövrdə onu vurmaqla yararsız hala saldığını və MMC-yə vurulmuş zərəri ödəmədən yararsız halda təhvil verdiyini bildirmiş, vurulmuş zərərin həcmi "xxxx" MMC tərəfindən tərtib olunan akta əsasən 3000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak edərək, evakuatoru vaxtilə vurduğunu, həmin vurulmanın hazırki iddia tələbi ilə heç bir bağlılığının olmadığını, həmin hadisədən sonra 8 ay müddətində MMC-də işləməyə davam etdiyini bildirmişdir. Cavabdeh həmçinin vurduğu zərərə görə əmək haqqından tutulmalar olduğunu, idarə etdiyi evakuatoru MMC-yə təhvil verməklə işdən çıxdığını, rəhbərliyin isə bütün sənədləri lazımi qaydada imzaladığını bildirmişdir. İddiaçı ilə X2 arasında bağlanmış 05 iyun 2017-ci il tarixli icarə müqaviləsinin 5.3cü bəndinə əsasən icarəçi onun səlahiyyətli nümayəndəsi və ya üçüncü şəxslər tərəfindən icarə predmeti olan nəqliyyat vasitəsinə vurulmuş ziyanı birbaşa səlahiyyətli nümayəndəsindən və ya üçüncü şəxsdən müstəqil tələb edə bilər. İddiaçı cavabdeh tərəfindən sonuncunun idarə etdiyi "xxxx" Yük markalı, Az **-EO- *** dövlət qeydiyyat nişanlı evakuatoru vurmaqla ona 3000 manat məbləğində zərər dəyməsini iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yalnız vurulmuş zərərin həcmini müəyyən edən aktı məhkəməyə təqdim etməklə kifayətlənmişdir. Ekspertiza tədqiqatı da yalnız iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktı əsasında aparılmışdır. Yəni mülki işin ekspertiza tədqiqatında olduğu müddət ərzində iddiaçı tədqiqat predmetini və ya avtomobilin qəzalı hala düşməsi zamanı çəkilən şəkilləri və s. materialları nə məhkəməyə, nə ekspertə təqdim etməmişdir. İddiaçı tərəf həmin sənədlərin təqdim edilməsinin mümkünsüzlüyünü məhkəməyə təqdim edilmiş 11.06.2021-ci il tarixli arayışla əsaslandırmışdır. Həmin arayışda qeyd olunmuşdur ki, müvafiq görüntülər 3 ay müddətində saxlanıla bilir. Hər bir halda zərərin vurulmasını təsdiq edən şəkillər mövcud olmuş olsaydı belə, kollegiya hesab edir ki, bu fotoşəkillər zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiqləyən mötəbər sübut kimi qiymətləndirilə bilməzdi. Eyni zamanda qeyd olunmalıdır ki, avtomobilin müəyyən müddətlərdə cavabdeh tərəfindən yol vərəqəsi əsasında istifadə edilməsi, avtomobilə dəymiş istənilən zərərin onun tərəfindən vurulmuş olmasına dəlalət etmir. Belə ki, avtomobilin idarə edilməsinə dair yol vərəqəsinin 27.03.2019-27.04.2019-cu il müddət üçün verilməsi və müvafiq qüsur aktının 02.04.2019-cu ildə tərtib edilməsi avtomobilə zərər vurulmuşsa, vurulmuş zərərin birbaşa cavabdehin hərəkətləri nəticəsində vurulmasını təsdiq etmir. Eyni zamanda tərəflər arasında müqavilənin müddəti 27 noyabr 2017-ci ildən 2 il müddətinə bağlanmışdır. Lakin iddiaçı 02 aprel 2019-cu il tarixdə belə bir akt tərtib etməklə faktiki olaraq müqavilənin akt tərtib edilən vaxta qədər ləğv edilmiş olmasını təsdiq edir. Lakin cavabdeh tərəflər arasında münasibətlərin daha əvvəl xitam verildiyini bildirir. İddiaçı tərəf isə avtomobilin həmin tarixdə cavabdehin sahibliyində və istifadəsinə olduğunu mötəbər sübutlarla təsdiq edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə tamamilə əsassız olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(001)- 2374/2021 saylı qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar