Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10257/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(011)-1024/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 09.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 28066,45 manat əsas, 2027,17 manat faiz borcu olmaqla, cəmi 30093,62 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən 09.08.2019cu il tarixli baş kredit müqaviləsinə əsasən, 100.000 manat kredit limiti ayrılmışdır. X1 09.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 20 faizlə, 36 ay müddətinə 35.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 09.08.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01.10.2020-ci ilədək Cavabdeh1 banka 09.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 28.066,45 manat əsas, 2.027,17 manat faiz borcu olmaqla, cəmi 30.093,62 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(011)-1024/2021-006 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(011)-1024/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətin təmin olunaraq qətnamənin ona aid hissəsində zaminlik müqaviləsini etibarsız hesab etməklə həmin hissədə qətnaməyə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(011)-1024/2021-006 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, maddi imkanı yoxdur və pulu ödəyə bilmir. Kredit borcundan isə 13.000 manat ödəniş etmişdir. Cavabdeh2 teleqram ilə müraciət edərək səhhətində baş vermiş problemlərlə əlaqədar məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kolegiyası onun vəsatətini təsdiqedici sübut olmadığına görə rədd etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı şikayət birinci instansiya məhkəməsi qətnaməsinin qismən, Cavabdeh2 aid hissədə ləğv olunmasına yönəldiyinə görə qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavbdehlərin müştərək qaydada borclu olmasını müəyyən edərək hər cavabdehin nə qədər pul verməli olduğunu müəyyən etməmişdir. Bundan əlavə onunla bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmiş, kreditor iddia tələbini zaminin onun təmin etdiyi öhdəliyin icrası müddəti başa çatmamış irəli sürmüşdür. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq aşağıdakıları müəyyən etmişdir: "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 09.08.2019-cu il tarixdə bağlanmış baş kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, illik 30%-lə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 20 faiz geri ödənilmək şərti ilə 35000 manat məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.08.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, sonuncu borclu Cavabdeh1 "xxxx" İKB ASC ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün bank qarşısında zamin durmuşdur. Cavabdeh1 qeyd edilən müqavilə üzrə "xxxx" İKB ASC-yə 28066,45 manat məbləğində əsas, 2027,17 manat faiz olmaqla, cəmi 30093,62 manat məbləğində kredit borcu vardır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. "xxxx" X2 Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakılara istinad etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin faktiki halları düzgün müəyyən etməsi və mübahisəli hüquq münasibətinə maddia hüquq normalarını düzgün tətbiq etməsi ilə razılaşır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkçən müəyyən edilir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh2 apellyasiya şikayətində hər bir cavabdehin ödəməli olduğu pul məbləğinin məhkəmə tərəfindən müəyyən edilmədiyini bildirsə də, məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 472.1-ci maddəsinin tələblərinə görə, bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu isə o deməkdir ki, cavabdehlər iddiaçıya olan borc məbləğini birgə şəkildə ödəməlidirlər və bu zaman hər bir cavabdehin ödəməli olduğu məbləğin müəyyən edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası Cavabdeh2 bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab edir. Belə ki, Cavabdeh2 zaminlik müqaviləsinin ləğv edilməsinə əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(011)-1024/2021 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-10257/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10257/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver