Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10266/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil3, Cavabdeh5 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-488/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən cəlb edilmiş üçüncü şəxslər X6, X2, X4, X7) yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət edərək yaşadığı ünvan 1 ünvandakı yaşayış evinin 2-ci mərtəbəsində 40 il müddətində faktiki istifadəsindəki, sahəsi 104.38 kv/m olan 3 otaqdan,sahəsi 5.36 kv/m olan mətbəxdən, sahəsi 19.5 kv/m olan eyvandan və həyətdə eyni müddətdə faktiki istifadəsində olan sahəsi 15.5 kv/m olan qarajdan və sahəsi 14.26 kv/m olan təsərrüfat təyinatlı tikilidən (tövlə) istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir - 2(001)-488/2021 saylı mülki iş. Cavabdeh2 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh5, övladları 2008-ci il təvəllüdlü X8 və 2010-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqdan ibarət (əvvəl) ikinci mərtəbəsinə köçürülmələri və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər - 2(001)-1679/2021 saylı mülki iş. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1679/2021 saylı, 05 mart 2021ci il tarixli qərardadı ilə 2(001)-1679/2021 saylı mülki iş həmin məhkəmənin icraatında olan 2(001)-488/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş və birləşdirilmiş mülki iş üzrə 2(001)-488/2021 qeydiyyat nömrəsi saxlanılmışdır. Mülki işlər bir icraatda birləşdirildikdən sonra birinci iddia üzrə İddiaçı nümayəndəsi və vəkili iddia tələbini azaldaraq, Cavabdeh1 cavabdehlər sırasından çıxartmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-488/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumları iddialar üzrə müvafiq olaraq iddiaçılara aid edilmişdir Cavabdeh5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və özünün iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları, təqdim edilmiş dəlillər birtərəfli qaydada birbaşa cavabdehin xeyrinə təhrif olunmaqla qiymətləndirilmiş, bu da qətnamənin təsviri, əsaslandırıcı və nəticə hissələri arasında uyğunsuzluğa gətirib çıxarmış, eyni zamanda qətnamə maddi və prosessual hüquq pozuntularına yol verməklə qəbul edilmişdir. Bu isə Konstitusiyada və mülki-prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Məhkəmə iclasında Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil3 oğlu ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edib təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X2, X4, X7 məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində iş materiallarındakı tədqiq olunmuş sənədlər sadalanamışdır. Mülki işin apellyasiya icraatı zamanı işdə iştirak edən şəxslər tərəfindən əlavə material təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1, 152.5, 228; 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123; qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddələrinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına istinad edərək qənaətini bununla əsaslandırılmışdır ki, hər iki iddia üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyətdə deyildir. Hər iki iddia üzrə iddiaçılar və cavabdehlər, hətta müstəqil tələb irəli sürməyən üçüncü şəxslər həmin ünvanda qeydiyyatdadırlar. Tələblərdə qeyd edilmiş ünvanda iki mərtəbəli yaşayış binası, binanın həyətində birmərtəbəli yaşayış binası və habelə qeyri-yaşayış sahəsi olan tikililər vardır. Bu fakt 15 mart 2021-ci il tarixli yerində müayinə protokolu ilə də təsdiq olunmuş, tərəflər bu halı mübahisələndirməmişlər. Belə ki, birinci iddia üzrə İddiaçı iki mərtəbəli yaşayış binasının digər qonşudan təcrid edilmiş ikinci mərtəbəsində yaşaması, ikinci iddia üzrə iddiaçıların isə həmin binanın həyətində yerləşən və yaşayış evi kimi istifadə olunan tikililərdə yaşaması mübahisənin faktiki vəziyyətidir. İkinci iddia üzrə iddiaçı olmayan, birinci iddia üzrə cavabdeh olan şəxslərin isə, yəni Cavabdeh3, Cavabdeh4 həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, orada yaşamaması da işin mübahisələndirilməyən halıdır. Birinci iddia üzrə İddiaçı 1980-ci ildən gəlin gələrək həmin ünvanda yaşaması da işin mübahisələndirilməyən halıdır. Eyni zamanda birinci iddia üzrə Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərkən İddiaçı istifadə hüququnun mövcud olmasını təsdiq etmiş, lakin həmin hüququnun məhkəmə qaydasında təsdiq olunmasına etiraz etmişdir. İşin mübahisələndirilən halı isə ikinci iddia üzrə iddiaçıların köçürülməsini istədikləri evdə yaşayıb-yaşamaması və eyni zamanda bir müddət yaşadıqdan sonra yaşayış sahəsindən məhrum edilib-edilməmələri olmuşdur. Bu məsələ ilə bağlı şahidlər dindirilmişdir. Məhkəmə şahid ifadələrinə onların tərəflərlə olan qohumluq münasibətlərinə və onlar arasında olan gərgin münasibətlərə görə tənqidi yanaşsa da, hadisələrin xronoloji ardıcıllıqla izah edilməsi və ifadələrin bir-birini tamamlaması məhkəmədə hadisənin faktiki vəziyyəti barədə fikir formalaşdırmışdır. Eyni zamanda ikinci iddia üzrə iddiaçıların məhkəmə iclasında şəxsən iştirak etməmələri, iddia etdiyi hala dair hər-hansı sübut(şahid ifadələri, yazılı sənəd, və.s) təqdim etməmələri onların uzun müddətdir yaşadıqları yaşayış sahəsindən məhrum edilməsi ilə bağlı dəlillərinin həqiqiliyini şübhə altına almışdır. Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi hüquqi mövqedən yanaşaraq məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə ilə bağlı münasibətlər 2000-ci ilədək yarandığından, mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Eyni zamanda məhkəmə mübahisə predmeti olan mənzilin hüquqi statusunun müəyyənləşdirilməsinin zəruriliyini də vurğulayır. Yuxarıda qeyd edildiyi kimi mübahisə predmeti olan yaşayış evi və faktiki tikililər, o cümlədən mübahisə ilə aidiyyəti olmayan qonşunun mənzili də eyni ünvan altındadır. Belə ki, ünvan 3 evin bir hissəsi X1 adına qeydiyyatdan keçməklə xüsusi mülkiyyətindədir. Həmin subyektin adına olan, lakin bütün binanın cizgisi təsvir olunan texniki pasport mövcuddur. Həmin texniki sənəddən müəyyən edilir ki, bina 1900-cü ildə tikilmişdir. Binanın hal-hazırda kimin balansında olması müəyyən edilmir. Bu səbəbdən mübahisə predmeti olan yaşayış sahəsi tərəflərin xüsusi mülkiyyətində olmasa belə, məhkəmənin müvafiq binaya özbaşına və ya qanunsuz tikili kimi yanaşması istisna edilir. Lakin məhkəmə birinci iddia üzrə irəli sürülən “istifadə hüququnun tanınması” tələbini əsaslı hesab etmir. Belə ki, İddiaçı yaşayış sahəsinə faktiki sahiblik etməsi və ondan istifadə etməsi işin mübahisəsiz halıdır. Lakin “istifadə hüququ” anlayışının hüquqi nəticəsi fərqlidir. Çünki hazırki halda irəli sürülən tələb məhdud əşya hüququ kimi “istifadə hüququ”-nun deyil, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ”nun təsbit edilməsi mahiyyəti daşıyır. Bu isə İddiaçı da iddia ərizəsində qeyd etdiyi kimi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53,123 maddələrinin tələbləri baxımından mümkündür. Lakin müəyyən edildiyi kimi həmin ünvan xüsusi mülkiyyətdə deyildir və həmin mənzilə dair fiziki şəxslə bağlanmış icarə müqaviləsinin mövcudluğu təsdiq olunmamışdır. Eyni zamanda İddiaçı tələbinin hansı səbəbə görə hazırki cavabdehlərə yönəlməsi müəyyən edilmir. Belə ki, həmin şəxslər mübahisəli əmlakın mülkiyyətçisi və ya icarədarı deyildir. Bundan başqa “yaşayış sahəsindən istifadə etmək hüququnun tanınması” məzmunlu iddia ərizəsinin kimə münasibətdə hüquqi nəticə doğuracağı da aydın deyildir. Belə ki, bu hüquq daşınmaz əmlakın reyestrində qeydə alınmalı hüquq olmamaqla, şəxsin həmin mənzilə köçürülməsi və ya qeydiyyata alınması üçün əsas yarada bilər. Halbuki, iddiaçı həmin mənzildə qeydiyyatda olmaqla, faktiki olaraq yaşayır və həmin mənzilə sahiblik edir. Əgər tərəflər arasında istifadəyə yaradılan mane ilə bağlı məsələ varsa, bu hal başqa mübahisənin predmetidir. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən cəlb edilmiş üçüncü şəxslər X6, X2, X4, X7) “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə iddiaçılar Cavabdeh2 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbini də əsassız hesab edir. Belə ki, iddiaçıların köçmələrini və istifadə qaydasının müəyyən edilməsini xahiş etdiyi mənzildə uzun müddətdir ki cavabdeh İddiaçı yaşayır. İddiaçıların həmin mənzilə köçürülmələri üçün hər hansı hüquqi əsas müəyyən edilmir. Eyni zamanda iddiaçıların yaşayış sahəsinə ehtiyacları olmamaqla, yuxarıda qeyd edilən birmərtəbəli tikilidə yaşayırlar. Bundan başqa məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi vəsiyyətnamə və ya vərəsəliklə bağlı dəlilinə əsasən qeyd edir ki, həmin məsələ qanunvericilikdə nəzərdə tutulmuş şəkildə qeydiyyata alındıqdan sonra hüquqi nəticə doğura bilər. Yəni, iddiaçıların həmin mənzildə paylarının olması müəyyən edildikdən sonra köçürülmə tələbi təmin oluna bilər. Məhkəmə eyni zamanda bildirməyi zəruri hesab edir ki, istifadə hüququ ilə bağlı yuxarıda qeyd etdiyi mövqe hazırki tələbə də aiddir. Belə ki, həmin ünvan xüsusi mülkiyyətdə deyildir və həmin mənzilə dair fiziki şəxslə bağlanmış icarə müqaviləsinin mövcudluğu təsdiq olunmamışdır. Odur ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələblərinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni Cavabdeh2 və Cavabdeh5 iddiasının təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, digər iddia tələbinin faktiki əsası(faktiki hallar) qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh5 iddia tələbinin qanuni əsası tapılmadığından, eləcə də tələbin faktiki əsası analoji münasibətləri tənzimləyən hüquq normalarının da şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, tikiliyə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarına uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Əvvəla, Cavabdeh5 köçmək istədiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə Cavabdeh5 hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, Cavabdeh5 evin məhz İddiaçı yaşadığı hissəsində yaşadığın qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə işdən görünür ki, Cavabdeh5 həmin evin birinci mərtəbəsində yerləşən başqa qeydə alınmayan hissəsində yaşayır. İkincisi, Cavabdeh5 İddiaçı ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, Cavabdeh5 iddiaçının bu istəyi ən azından İddiaçı bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evin İddiaçı yaşadığı hissəsin faktiki sahiblik edən və ondan istifadə etmək hüququ olan sonuncunu belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Məhz bu əsasa görə də Cavabdeh5 iddiasının təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Üçüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə Cavabdeh5 İddiaçı ailə üzvü deyil. Apellyasiya baxışı zamanı da müəyyən edildi ki, tərəflər qohum olsalarda onlar arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Demək Cavabdeh5 evin İddiaçı yaşadığı hissəsinə köçürüləcəyi vəziyyətində onların təhlükəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apelliyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh5 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-488/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslər tərəfindən rəsmi qaydada alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10266/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10266/2021
29.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver