Məhkəmə qərarları › İş №2(103)-1027/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1027/2023

15.03.2023 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1027/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı aylıq müavinət ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X19 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X20 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “aylıq müqavinət ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1619/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X14 ilə İddiaçı xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuşlar. xx.xx.1994-cü il təvəllüdlü X16 və xx.xx.1998-ci il təvəllüdlü X1 Rafiq Əhməd oğlunun himayəsində olmuşlar. X14 12 iyul 2009-cu il tarixində Mİ-8 MTV 1 vertolyotu (milli və qeydiyyat nişanı 4K-27038) qəzaya uğraması nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı X15 tərəfindən müvafiq təhqiqat aparılmış, hadisə qüvvədə olan qanunvriciliyə uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi “İZ” formalı aktla rəsmişdirilərək uçota alınmışdır. Bununla əlaqədar 21 fevral 2011-ci il tarixli “təhqiqat aktı” tərtib edilmiş, təqsirkar müəssisə kimi "xxxx" MMC tanınmışdır. Bu hallar Bakı Ağır Cinayətlər Məhkəməinin 27 dekabr 2010-cu il tarixli hökmü ilə təsdiq edilmişdir. Hadisə baş verdikdən sonra "xxxx" MMC tərəfindən iddiaçıya və ailə üzvlərinə bir sıra ödənişlər edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" (SW Helikopter Services”) MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri Rafiq Əhməd oğlunun ölümü nəticəsində zərər çəkmiş şəxs qismində əlli beş yaşı tamam olduğu üçün MMC-dən xx.xx.2020-ci il tarixdən ömürlük müavinətin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Xəzər X17 Dalğıc və Qəza-xilasetmə işləri idarəsinin 2 nömrəli sahəsinin 6-cı dərəcəli dalğıcı işləmiş mərhum əri X14, 12 iyul 2009-cu il tarixdə ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma idarəsinin 4 saylı özülündə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı X18 tərəfindən təhqiqat aparılmış və nəticədə Rafiq Nəhmədovun vəfatı ilə əlaqədar "xxxx" MMC tərəfindən işçinin arvadı kimi ona “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı, pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı çərçivəsində müvafiq ödənişlər edilmişdir. Bu baxımdan, tərəflər arasında mübahisəli hüquq münasibəti yarandığı zaman tətbiq edilməli olan maddi hüquq norması qismində Əmək Məcəlləsinin 225-ci və 239-cu maddələri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında “ 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə nizamlanmışdır. 12 iyul 2009-cu ildə baş vermiş qəza nəticəsində əri X7 ölümü ilə əlaqədar ona zərərçəkmiş şəxs kimi xx.xx.2009-cu il tarixdən 1574,96 manat, xx.xx.2016-cı il tarixdən isə həmin məbləğ indeksasiya edilərək, 2260,43 manat aylıq ödənişlər təyin olunmuşdur. Ödənişlər xx.xx.1994-cü il təvəllüdlü X16 xx.xx.1998-ci il təvəllüdlü X11 nəzərə alınmaqla ödənilmişdir. Artıq ödənişlər hər ikisinə 23 yaşına çatdığı üçün dayandırılmışdır. Qanunvericiliyə əsasən ona da aylıq ödəniş ödənilməlidir. Lakin xx.xx.2012-ci il tarixdən ona İİ qrup əlillik təyin edilməsinə baxmayaraq öna ödənişlər ödənilməmişdir. O, xx.xx.1965-ci ildə anadan olmuşdur. Yəni artıq 57 yaşı vardır. Mülki Məcəllənin 1121.3.3cü maddəsinə əsasən ona ömürlük müavinət ödənilməlidir. 4 "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 14/1/613- ÇŞ/ASGHS/ÜR nömrəli iddiaya etirazda qeyd edilmişdir ki, İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barişiq sazişində 23 sentyabr 2021-ci il tarixli Barışıq Sazişi (bundan sonra mətndə - Saziş) ünvan 1 ünvanında yaşayan İddiaçı öz adından imzalanmışdır. Saziş bir sıra, o cümlədən 12 iyul 2009-cu il tarixində Mİ-8 MTV 1 vertolyotu (milli və qeydiyyat nişanı 4K-27038) yerli vaxtla 16:30 radələrində qəzaya uğraması nəticəsində “Azərbaycan Respublikası Dövlət Neft Şirkət”nin Dalğıc Qəza xilasetmə İdarəsinin 2 nömrəli İstehsalat dalğıc sahəsinin dalğıcı X8 həlak olması nəticəsində İddiaçı hal-hazıradək dəfələrlə yazılı və “ASG Helicopter Services" MMC-də qəbulda olarkən müalicə, övladların xaricdə ali təhsil müəssisəsində oxuduqlarına və digər səbəblərə görə müxtəlif Kompensasiya məbləğinin və ya maddi yardım ödənilməsi ilə məsələlərin tənzimlənməsi ilə əlaqədar imzalanmışdır. Tərəflər razılaşmışdılar ki, Kompensasiya Ailə üzvlərinin 12 iyul 2009-cu il tarixində baş vermiş hadisə ilə bağlı maliyyə vəsait, müavinət və ödənc almaq bütün tələb etmək hüquq və iddialarını əhatə edir və tamamlayır, verilən Kompensasiya son və yekun məbləğdir, aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər, habelə əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin Sazişə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız Barışıq Sazişində təsbit edilənlər etibarlı olur, ödənilən Kompensasiya Məbləğin alınması əvəzində Ailə üzvləri ”ASG Helicopter Services” MMC tam və birdəfəlik olaraq a) Bədbəxt Hadisədən b) X8 həlak olmasından, c) Bədbəxt Hadisə nəticəsində X8 şəxsi əmlakının itirilməsindən, maddi və/və ya mənəvi ziyanın vurulmasından irəli gələn, habelə bu hadisələrdən nəticələnən və ya onlarla bağlı ”ASG Helicopter Services” MMC qarşı hal-hazırda olan və ya gələcəkdə yarana biləcək hər hansı iddialarından və tələblərindən, o cümlədən hal-hazırda Ailə üzvlərinə məlum olan və olmayan tələblərdən birmənalı olaraq azad edir, Ailə üzvləri və ya onların, və ya onlardan birinin adından və ya onların, və ya onlardan birinin xeyrinə hərəkət edən hər hansı şəxs və ya qurum tərəfindən Cavabdeh MMC qarşı X8 həlak olması ilə əlaqədar vurulmuş hər hansı maddi və/və ya mənəvi ziyana, və ya zərərə görə hər hansı iddia və ya tələb irəli sürülərsə, məhkəmə işi və ya digər icraat başlanarsa, Ailə üzvləri razılaşır ki, hər hansı belə iddiadan, tələbdən və ya məhkəmə qərarından irəli gələcək xərclər, o cümlədən bununla bağlı təhqiqat, hüquqi yardım və digər ağlabatan xərclər həmin təşəbbüsü irəli sürən şəxslər və ya şəxs tərəfindən ”ASG Helicopter Services” MMC tam şəkildə ödəniləcək. Barşıq sazişi qüvədədir və "xxxx" MMC sazişlə üzərinə düşən bütün öhdəlikləri tam həcimdə vicdanla yerinə yetirmişdir. Qeyd edilənlərə əsasən hazırkı tələblər əsassızdır və tam həcmdə rədd edilməlidir

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1619/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC tərəfindən X2 mərhum əri X7 ölümü nəticəsində zərərçəkmiş şəxs qismində əlli beş yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən ömürlük müavinətin ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş “X26 Services” MMC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 22/649- Ç9/ASGHS/ÜR nömrəli məktubunun məzmunundan da görünür ki, cavabdeh “X26 Services” MMC iddiaçıya ödənişlərin onun tərəfindən aparılmasını etiraf etmiş və bununla da, özünün hazırkı iddia tələbi üzrə cavabdehlik daşıdığını dolayısı ilə etiraf etmişdir. İşin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə iddiaçı xx.xx.2012-ci il tarixdə İİ qrup əlillik dərəcəsi almışdır. 12 iyul 2009-cu il tarixində Mİ-8 MTV 1 vertolyotu (milli və qeydiyyat nişanı 4K-27038) yerli vaxtla 16:30 radələrində qəzaya uğraması nəticəsində “Azərbaycan Respublikası Dövlət Neft Şirkət”nin Dalğıc Qəza xilasetmə İdarəsinin 2 nömrəli İstehsalat dalğıc sahəsinin dalğıcı X8 həlak olması nəticəsində ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi hüququna onun ailə üzvləri malik olmuş və ailə üzvləri olan uşaqlarına zərərin əvəzi ödənilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi zərərin əvəzi həmçinin hadisə nəticəsində ölmüş şəxsin uşaqlarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlər, həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı ona ömürlük müavinətin təyin edilməsi ilə bağlı iddia tələbi irəli sürməkdə haqlıdır. Eyni zamanda qanunvericiliyin tələblərindən göründüyü kimi zərərin əvəzi əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük olaraq ödənilir. Mülki işin materiallarında görünür ki, X3 xx.xx.1965-ci il tarixdə doğulmuşdur və onun zərərin əvəzinin ödənilməsi hüququ əlli beş yaşdan yəni xx.xx.2020ci il tarixdən yaranmışdır. Eyni zamanda qanunvericiliyin tələblərindən göründüyü kimi zərərin əvəzi əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük olaraq ödənilir. Mülki işin materiallarında görünür ki, X3 xx.xx.1965-ci il tarixdə doğulmuşdur və onun zərərin əvəzinin ödənilməsi hüququ əlli beş yaşdan yəni xx.xx.2020ci il tarixdən yaranmışdır. 7 Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 1097.1, 1099.1, 1121.1.1, 1121.2, 1121.3.3 maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləğinin” 1.1-ci və 2.1-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1619/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1619/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin apellyasiya qaydasında ləğv edilərək İddiaçı iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 1122 və 1119-cu maddələrini düzgün tətbiq etməyib, ödənilməli müavinəti 100% kimi hesablayıb. Əmək Məcəlləsinin 239-cü maddəsinin tələblərini tətbiq etməli idi, MM 1097.1 və 1099.1ci maddələri düzgün tətbiq edilməyib. Məhkəmə həmin normaya dəlil kimi istinad etməməli idi. İddiaçının əlilliyi ilə bağlı müavinətin təyin edilməsi məsələsi eyni Tərəflər arasında Xəzər Rayon Məhkəməsində baxılmışdır və Xəzər Rayon Məhkəməsinin 2(003)-2908/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tələbləri rədd edilmişdir. Əmək Məcəlləsinin 239-cü maddəsinin tələblərini tətbiq etməli olduğu halda MM-nin 1097.1 və 1099.1-ci maddələrin tələbini tətbiq etmişdir. Məhkəmə iddiaçının maddi norma ilə tələb olunan 55 yaş həddinə hadisə baş verdiyi xx.xx.2009-cu ildə çatmadığına əhəmiyyət verməmiş və bu hissədə işin faktiki hallarını araşdırmamışdır və həmin normanı düzgün tətbiq etməmişdir. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılmalı olduğu təqdirdə məhkəmə ərizəni geri qaytarmamışdır. Məhkəməyə Barışıq Sazişi, AMMK 2(102)-2531/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı, BAMMK 2(103)- 7794/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2908/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi təqdim edilsə də məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmişdir. Məhkəmə hazırlıq iclası zamanı əsl cavabdehin müəyyən edilməsi və Cavabdeh MMC əsl cavabdehlə əvəz olunması üçün proesssual hərəkətləri yerinə yetirməmişdir. Tərəflər arasında olan mübahisə üzrə qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 2(003)- 2908/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi olsa da məhkəmə İddiaçı əlilliyi bağlı müavinəti almaq hüququ da olduğunu dəlil kimi istinad etmişdir. Maddi normanın tələblərinə zidd olaraq, əmək münasibətləri ilə əlaqədar hüquqlarla bağlı münasibətlər, əgər əmək və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənməsi barədə tələbi pozmuşdur. Qeyd edilən mülki işdə İddiaçı kimi çıxış edərək xx.xx.2009-cu il tarixli istehsalatdakı bədbəxt hadisə ilə bağlı mərhum Rafiq Nəhmədovun işəgötürənini - məhz “Azneft” İB-ni cavabdeh qismində cəlb edərək işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında nəzərdə tutulmuş icbari sığorta məbləğinin alınmasına nail olmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, “İşin halları müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ərinin vəfatı ilə hissə-hissə olmaqla 176 931,83 manat vəsait ödənilmişdir. İddiaçı özü də bu faktı təsdiq etmişdir və bu işin mübahisəsiz halıdır.” “Azneft” İB SOCAR **********3080607X00005 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, AMMK 2(102) -2531/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı Azneft İB ölüm hadisəsi ilə bağlı mülki iş üzrə mərhumun işəgötürəni olaraq cavabdeh kimi tanınmış və bununla bağlı məhkəmə qərarının icrası ilə əlaqədar İddiaçı 70.000, manat vəsait ödəmişdir. Xəzər Rayon Məhkəməsinə AMMK 2(102)2531/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı, həm Azneft İB SOCAR**********3080607X00005 saylı xx.xx.2020-ci il tarixli məktubu, o cümlədən 70.000 manatın ödənilməsinə dair ödəniş sənədi təqdim edilsədə İ instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 82.3-cü maddəsinin tələbini pozaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarında təsbit və öz sübutunu tapmış halları, habelə Azneft İB mərhumun işəgötürəni və bundan irəli gələn hüquqi nəticələrə görə, o cümlədən də zərərin ödənilməsi ilə bağlı cavabdeh kimi tanınması faktını araşdırmamışdır. Həmin sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cü maddəsinin 5-ci hissəsinin tələblərinə zidd olaraq həm aylıq ödənclər, həm də bədbəxt hadisə ilə əlaqədar icbari sığorta haqqı ödənilmişdir. Bu isə əsassız varlanma əməlin elementlərini özündə ehtiva edir. İ instansiya məhkəməsi iddiaçıya cavabdeh Azneft İB tərəfindən istehsalatda bədbəxt hadisə ilə bağlı həm aylıq, həm də icbari sığorta haqqının ödənilməsi hallarını aydınlaşdırmamışdır. Məhkəmə MM 1121, 1121.2 və 1121.3.3-cü maddələrin tələblərinə istinad edib mərhum ərinin ölümü nəticəsində zərərçəkmiş şəxs qismində əlli beş yaşı tamam olduğu xx.xx.2020-ci il tarixindən ömürlük müavinəti təyin etmişdir. MM 1121.1 və 1121.2-ci maddələrin tələbləri zərərin əvəzinin ödənilməsi hüququ olan subyektləri (ölənin himayəsində olması, öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər və sair) müəyyən edir. Həmin prinsipdən yeganə istisna şəxsin ölümündən sonra doğulmuş uşağıdır. Xəzər Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 1121.1.1 və 1121.2-ci maddələrinin tələblərinə istinad etsədə MPM 82.3-cü maddəsinin tələblərinə zidd olaraq məhkəməyə təqdim edilmiş Xəzər Rayon Məhkəməsinin 2(003)- 2908/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini tədqiq etməyərək işin bütün faktiki hallarını araşdırmamışdır. MM-nin 1121.3-cü maddəsinin tələbləri isə MM-nin 1121.1 və 1121.2-ci maddələrinin subyektlərinə zərərin əvəzinin ödənilməsi müddətini müəyyən və təyin edir. İddiaçı istinad etdiyi 55 yaş həddinə çatması (MM 1121.3.3) həmin Məcəllənin 1121.2-ci maddəsinin tələbi ilə ümumiyyətlə bağlılığı yoxdur. Təhlil edilən MM-nin 1121.3.3-cü maddəsi MM-nin 1121.1.1-ci maddəsinin tələbləri ilə əlaqəlidir və MPM 77.1-ci maddəsinin tələblərinə görə iddiaçı ölənin himayəsində və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxs və həmin zaman yaşı 55 yuxarı olduğunu sübut etməlidir. Xəzər Rayon Məhkəməsinin 2(003)-2908/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi təqdim edilsədə İ instansiya məhkəmə nə qətnamədəki halları, nə də yuxarıda göstərilən dəlillərlə bağlı halları aydınlaşdırmamışdır. İddiaçı ilə xx.xx.2021-ci il tarixində bağlanmış Barışıq Sazişi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra məntdə - BAMMK) 2(103)-7794/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı və "xxxx" MMC ərizəsi əsasında həmin iş üzrə verilmiş icra vərəqəsinə əsasən “X13 üzvlərinin 12 iyul 2009-cu il tarixində baş vermiş hadisə ilə bağlı maliyyə vəsait, müavinət və ödənc almaq bütün tələb etmək hüquq və iddialarını əhatə edir və tamamlayır, verilən Kompensasiya son və yekun məbləqdir” barədə razılaşmanı məhkəmə ümumiyyətlə aydınlaşdırmamışdir. Halbuki sözügedən sənədlərin tələblərinə əsasən Barışıq Sazişi üzrə Mustafayevanın öhdəliklərindən biri kompensasiya müqabilində "xxxx" maddi tələb, o cümlədən müavinət tələbi irəli sürməmək ödəliyi idi. Xəzər Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" (bundan sonra məntdə - NK Qərarı) tələblərə istinad etsədə bu hissədə mərhumun Azneft İB içşisi olduğu barədə təqdim edilmiş İZ Aktını, qanuni qüvvəyə minmiş AMMK 2(102) -2531/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında əksini İZ aktı ilə bağlı məhkəmənin mövqeyi ilə bağlı işin faktiki hallarını araşdırmamışdır. İşin faktiki hallarını araşdırmamaqla Xəzər Rayon Məhkəməsi hazırki qətnaməsi ilə xx.xx.2009-cu ildə baş vermiş eyni şəxs (mərhum) bağlı istehsalatda bədbəxt hadisə üzrə iki hüquqi şəxsin məsuliyyətini yaradıb. Məhkəmə ASG Helicopter Services MMC əsl cavabdeh olduğunu sübut etməmişdir - AMMK 2(102) -2531/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına, habelə İZ aktına əsasən hadisə üzrə cavabdeh qismində mərhumun işəgötürəni Azneft İB tanınmışdır. Guya ASG Helicopter Services MMC hazırki iş üzrə cavabdehlik daşıdığını etiraf etməsi barədə - ilk gündən ASG Helicopter Services MMC iddiaçı Mustafayeva və onun ailə üzvləri ilə olan məhkəmə mübahisələrində bir dəfə belə nə birbaşa, nə də dolayısı özünü cavabdeh tanımayıb və bu barədə hər hansı etirafedici izahat verməyib. Məhkəmə həmin məsələdə sadəcə öz fərziyəsini irəli sürür. Kimin əsl cavabdeh olduğu qanuni qüvvəyə minmiş AMMK 2(102) -2531/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən edilib. Eyni zamanda məhkəmənin öz qətanməsində istinad “...habelə Cavabdeh MMC əsl cavabdeh olmadığı Sizə bəllidir.” qeyd etmişdir. İddiaçı MM 1121.1.1-ci maddəsinin tələbləri altına düşdüyü barədə - Təhlil edilən MM 1121.3.3cü maddəsi MM 1121.1.1-ci maddəsinin tələbləri ilə əlaqəlidir və MPM 77.1-ci maddəsinin tələblərinə görə iddiaçı ölənin himayəsində və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxs və həmin zaman yaşı 55 yuxarı olduğunu subut etməlidir. Məhkəmə MM-nin 1121.3.3-cü maddəsinin tələblərini tətbiq etsədə iddiaçının maddi norma ilə tələb olunan 55 yaş həddinə hadisə baş verdiyi xx.xx.2009-cu ildə çatdığını sübut etməyib. Maddi normanın mahiyyətinə görə məhz hadisə baş verdiyi zaman zərərin ödənilməsi hüququ olan şəxs 55 yaşına çatmalıdır. Xəzər Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" tələblərini işəgötürənə tətbiq olunmalı halda "xxxx" MMC münasibətdə tətbiq edir. Lakin, AGS Helicopter Services MMC mərhum Nəhmədovun işəgötürəni olduğunu sübut etməyib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1619/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətini əsassız hesab edir. Apelyasiya şikayətində cavabdeh olmamaları, qarşılıqlı iddianın icraata götürülməməsi , maddi hüquq normasının pozulması qeyd edilmişdir. Apelyasiya şikayətini əsassız hesab edir. Cavabdeh "xxxx" MMC-yə qarşı mərhum əri Rafiq Əhməd oğlunun ölümü nəticəsində zərər çəkmiş şəxs qismində əlli beş yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən ömürlük müavinətin ödənilməsi barədə ilkin iddiası ilə bağlı cavabdeh "xxxx" MMC-nin “Barışıq sazişinin müddəalarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixli iddia tələbinin tam və ya qismən təmin olunmuş hissədə qarşılıqlı iddia üzrə cavabdeh Elmira Qəzənfər qızının özü tərəfindən qarşılanması barədə” qarşılıqlı iddiasının heç bir qanuni əsası yoxdur. Hesab edir ki, həmin qarşılıqlı iddia düzgün olaraq geri qaytarılmışdır. Qarşılıqlı iddia ”SW Helikopter Services” MMC-nin “Barışıq sazişinin müddəalarına” əsaslanmışdır. Həmin barışıq sazişi cavabdeh "xxxx" MMC və iddiaçı X11 arasında bağlanmışdır, iddiaçı X5 tələbi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Xəzər X17 Dalğıc və Qəzaxilasetmə işləri idarəsinin 2 nömrəli sahəsinin 6-cı dərəcəli dalğıcı işləmiş mərhum atası X7 12 iyul 2009-cu il tarixdə ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin “28 may” Neft və Qazçıxarma idarəsinin 4 saylı özülündə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması, Hadisə “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı çərçivəsində 23 yaşınadək aylıq Ödənişlərin ödənilməsi barədədir. Onun tələbi isə aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Xəzər X17 Dalğıc və Qəza- xilasetmə işləri idarəsinin 2 nömrəli sahəsinin 6-cı dərəcəli dalğıcı işləmiş mərhum əri X14, 12 iyul 2009-cu il tarixdə ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin “28 may” Neft və Qazçıxarma idarəsinin 4 saylı özülündə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı X15 tərəfindən təhqiqat aparılmış və nəticədə Rafiq Nəhmədovun vəfatı ilə əlaqədar "xxxx" MMC tərəfindən işçinin arvadı kimi ona “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı çərçivəsində müvafiq ödənişlər edilmişdir. Cavabdehin iş üzrə cavabdeh sayılmaması barədə dəlili əsasızdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Xəzər X17 Dalğıc və Qəza-xilasetmə işləri idarəsinin 2 nömrəli sahəsinin 6-cı dərəcəli dalğıcı işləmiş mərhum əri X14, 12 iyul 2009-cu il tarixdə ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin “28 may” Neft və Qazçıxarma idarəsinin 4 saylı özülündə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı X15 tərəfindən təhqiqat aparılmış və nəticədə Rafiq Nəhmədovun vəfatı İlə əlaqədar "xxxx" MMC tərəfindən işçinin arvadı kimi ona “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı çərçivəsində müvafiq ödənişlər edilmişdir. Hadisə ilə bağlı on üç ildir ki, cavabdehlik daşıyırlar, o iddia qaldıranda cavabdeh olmurlar? Cavabdeh hesab etmişdir ki,” məhkəmə MM-nin 1121, 1121.2 və 1121.3.3-cü maddələrin tələblərinə istinad edib mərhum ərinin ölümü nəticəsində zərərçəkmiş şəxs qismində əlli beş yaşı tamam olduğu xx.xx.2020-ci il tarixindən ömürlük müavinətin təyin etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat vermişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun əlilliyinin artıq bu məsələyə aidiyyəti yoxdur, əlilliyi bir müddət dayanmışdır. Yenidən bərpa olunacaqdır. Yoldaşı iş başında vəfat etmişdir. Ona ömürlük müavinətin verilməli olması ilə bağlı qanun vardır. Mərhum əri Rafiq Əhməd oğlunun ölümü nəticəsində zərər çəkmiş şəxs qismində əlli beş yaşı tamam olduğu üçün ona xx.xx.2020-ci il tarixdən ömürlük müavinətin ödənilməlidir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

18. 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 19.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

23. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 25.1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 26.1121.1-ci maddəsinə əsasən, zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, şəxsin ölümündən sonra doğulmuş uşağı, ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq, ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər zərərin əvəzinin ödənilməsi hüququ vardır. 27.1121.2-ci maddəsinə əsasən, işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. 28.1121.3.3-cü və 1121.3.4-cü maddələrinə əsasən, əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - zərərin əvəzi ömürlük, əlilliyi olan şəxslərə - əlillik müddəti üçün ödənilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 3.1-ci bəndinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 31.Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçının əri X14 AR DNŞ “Azneft” İB təşkilatında 6-cı dərəcəli dalğıc vəzifəsində işləmişdir. O, 12 iyul 2009-cu il tarixində Mİ-8 MTV 1 vertolyotu (milli və qeydiyyat nişanı 4K-27038) qəzaya uğraması nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı X15 tərəfindən müvafiq təhqiqat aparılmış, hadisə qüvvədə olan qanunvericiliyə uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi “İZ” formalı aktla rəsmişdirilərək uçota alınmışdır. Bununla əlaqədar 21 fevral 2011-ci il tarixli “təhqiqat aktı” tərtib edilmiş, təqsirkar müəssisə kimi "xxxx" MMC tanınmışdır. Bu hallar Bakı Ağır Cinayətlər Məhkəməinin 27 dekabr 2010-cu il tarixli hökmü ilə təsdiq edilmişdir. 32.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-2908/2018 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı və X5 "xxxx" MMC-yə qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən xx.xx.2017-ci ildən 1.130,21 manat ödənilməmiş aylıq ödəncin tutularaq iddiaçı X9 ödənilməsi, iddia tələbinin İddiaçı xx.xx.2012-ci il tarixdən İİ qrup əlil kimi ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxs qismində zərərin əvəzi kimi hər uşağına ödənilən məbləğdə ömürlük aylıq müavinətin ödənilməsi, xx.xx.2013-cü ildən xx.xx.2016-cı il tarixədək, eyni zamanda xx.xx.2016-cı il tarixdən indiyədək əmək haqqının artımı ilə əlaqədar indeksasiya edərək ona ödənilməmiş aylıq ödəncin ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. 33.Məhkəmə iddianın rədd edilmiş hissəsinə dair gəldiyi qənaəti xx.xx.2012-ci il tarixdən İİ qrup əlil olan İddiaçı, əri mərhum Rafiq Nəhmədovun öldüyü günədək əmək qabiliyyətli olmaqla zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxs sayılmaması ilə əsaslandırmışdır. 34.Hazırda cavabdeh apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-2908/2018 saylı qətnaməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını, hazırki iddianın yenidən məhkəmə baxışının predmeti ola bilmədiyini, müvafiq tələblərə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-2908/2018 saylı qətnaməsi ilə münasibət bildirildiyini qeyd etməklə iddianın məhkəmə tərəfindən icraata götürülməkdən imtina edilməli olduğunu bildirir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarından göründüyü kimi iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. 36.Məhkəmə kollegiyası apelyasiya şikayətində qeyd edilən bu dəlil ilə əlaqədar yuxarıda göstərilənlərə uyğun olaraq hesab edir ki, hazırda məhkəmə baxışının predmeti olan iddia tələbinin faktiki əsaslarının məcmusu 2(003)-2908/2018 saylı mülki işin başlanmasına əsas olmuş iddianın faktiki əsasından fərqlidir. Belə ki, iddiaçı hazırki iddiada iki hüquqi fakta, yəni həm İİ qrup əlillik təyin olunmasına, həm də artıq 57 yaşa çatmasına məcmu şəkildə istinad edir.

37. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 38.Belə ki, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən, ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq zərərin əvəzinin ödənilməsi hüququ vardır. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - zərərin əvəzi ömürlük, əlilliyi olan şəxslərə - əlillik müddəti üçün ödənilir. 39.Göründüyü kimi on dörd yaşına çatmamış uşaqlara qulluq edən şəxslərə zərərin əvəzi onların əmək qabiliyyətindən asılı olmayaraq ödənilir. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etmiş və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Beləliklə qanunverici bu kateqoriyadan olan şəxslərə zərərin əvəzinin ödənilməsinin mümkün olmasını ölənin on dörd yaşına çatmamış uşaqlarına qulluq göstərən bu şəxslərin məhz qulluq göstərdiyi müddətdə əmək qabiliyyətini itirməsi ilə şərtləndirir. 40.Əmək qabiliyyətinin tam və ya qismən itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə şəxsə müvafiq dərəcədə əlillik qrupu müəyyən edilməsi və ya onun pensiya yaşına çatması başa düşülür. İş materiallarından müəyyən edilir ki, X7 himayəsində olmuş xx.xx.1994-cü il təvəllüdlü X16 - xx.xx.2008-ci ildə və xx.xx.1998-ci il təvəllüdlü X11 isə xx.xx.2012-ci ildə 14 yaşına çatmışlar. 41.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi İddiaçı xx.xx.2012-ci il tarixdə İİ dərəcəli ilkin əlillik təyinatı aparılsa da, daha sonra yenidən müraciət etməsinə baxmayaraq ona əlilliyin yenidən təyin olunmasından imtina edilmişdir.

42. Hazırda əlilliyi olmayan xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il və xx.xx.2012-ci il tarixlərinədək qadınlar üçün nəzərdə tutulmuş pensiya yaşına, yaxud da istinad etdiyi 55 yaşına çatması halı da öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçı ölən ərinin himayəsində olmuş və on dörd yaşına çatmamış uşaqlarına qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirməmişdir.

43. Qeyd edilməlidir ki, əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş iddiaçının qızı xx.xx.1998-ci il təvəllüdlü X5 adına aylıq müavinətin 100 % məbləğində ödənilməsi onun 23 yaşına çatana, yəni xx.xx.2021-ci ilədək (əlillik müddəti həmin müddətə daxilidir) davam etdirilirdi. Bundan başqa iddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı “baş vermiş qəza nəticəsində məhrum atasının ölümü ilə əlaqədar ona xx.xx.2017-ci ildən 1130,20 manat ödənilməmiş aylıq ödəncin verilməsi” tələbinə dair 2(103)-7794/2021 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinə əsasən iddiaçının ailəsinə əlavə olaraq 10.000 manat məbləğində pul ödənilmişdir. 44.Belə olan halda qeyd edilməlidir ki, İddiaçı məhkəməyə bildirdiyi faktiki hallar onun istinad etdiyi iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Çünki iddiaçının hazırda istinad etdiyi əsaslarla ailə başçısının ölümü nəticəsində dəymiş zərərin ödənilməsi hüququna malik olan şəxslər dairəsinə aid edilməsi mümkün olmamışdır. 45.Apellyasiya şikayətində göstərilən digər dəlillərə (cavabdehin əsl cavabdeh olmaması (təqsirkar şəxs olması öz təsdiqini tapır), mediasiyaya müraciət etməməsi (mülki mübahisədir), Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının mövcudluğu (barışıq sazişi iddiaçı fərqli olan şəxsin tərəf olduğu mülki iş üzrə bağlanmışdır) və s.) münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. 46.Beləlikə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı aylıq müqavinət ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.

47. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1619/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “aylıq müqavinət ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar