Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10272/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X5 və Cavabdeh1 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsinə və .s ” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1438/2021 saylı işi üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı « iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsinin və 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsi:Cavabdehlər Cavabdeh1. Cavabdeh2. Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 41333.89 manat məbləğində kredit borcu. 6404.45 manat məbləğində faiz borcu və 10783.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 58522 manat 17 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yaşayış məntəqələrinin torpaqları kategoriyasına aid istifadədə olan 0.00693 ha torpaq sahəsində yerləşən 106.6 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli 181A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracdan satılması və ümumilikdə cəmi 58522 manat 17 qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1. Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması; Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu. Xırdalan şəhəri. Bəşir Səfəroğlu küçəsində yaşayış məntəqələrinin torpaqları kategoriyasına aid. istifadədə olan 0.00693 ha torpaq sahəsində yerləşən 106.6 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli 181A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və X2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı: AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasından və 15.03.2019-cu il tarixli qəbzindən müəyyən edilmişdir ki, bank məbləği 48000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə Cavabdeh1 vermişdir ; kredit razılaşması üzrə ödəniş planından müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 15.04.2019-cu il tarixdən 15.03.2023-cü il tarixədək olan dövr ərzində əsas borca görə 48000 manat, faiz borcuna görə 26359,83 manat olmaqla cəmi 74359,83 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Gecikməyə görə gündəlik cərimə kredit məbləğinin 0,1% miqdarında müəyyən edilmişdir; Borcverən AccessBank QSC, zamin Cavabdeh2 arasında bağlanmış 15.03.2019-cu il tarixli 017S**********01 saylı və zamin Cavabdeh3 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017S**********03 zaminlik müqavilələrindən müəyyən edilmişdir ki, zamin Cavabdeh2 borcalanın məbləği 300000 manat, müddəti 120 ay, faiz dərəcəsi 28% olan 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini borcalanla birgə tam icra edilməsini öz üzərinə götürmüşlər; İpoteka saxlayan AccessBank QSC, ipoteka qoyan və zamin Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmaqla notarial qaydada təsdiq olunmuş 15.03.2019-cu il tarixli 017M**********01 saylı ipoteka müqaviləsi və çıxarışlarla, ipoteka qoyan mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı evi 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə öhdəliklərinin icrasını təmin etmək üçün yüklü etmiş və evə dair Cavabdeh2 mülkiyyət hüquqları ipoteka ilə yüklülüyü qeydə alınmışdır ; AccessBank QSC-nin 25.11.2020-ci il tarixli maliyyə arayışla, borcalan Cavabdeh1 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 02.10.2020-ci il tarixə əsas borca görə 41333,89 manat, faiz borcuna görə 6404,45 manat, cərimə borcuna görə 10783,83 manat olmaqla cəmi 58522,17 manat borcu və gecikmə günlərinin sayı 228 gün təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tarixli 9/2003 saylı rəylə Cavabdeh1 02.10.2020-ci il tarixədək (iddia tələbinin tarixi) banka olan əsas borcu 41596,83 manat, faiz borcu 6431,44 manat, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etdiyi müəyyən edilmiş; Məhkəmə Ekspertizası Xidmətləri MMCnin 11.06.2021-ci il tarixli 02-33\21 saylı mütəxəssis rəyi ilə, Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı evin bazar dəyəri 65000 manat, likvid dəyəri 60000 manat, aparılmış tədqiqatın dəyəri 250 manat təşkil etdiyi müəyyən edilmişdir. (iş səh.15,16, 14, 19,18, 20, 24, 25, 34, 92,98) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1438/2021 saylı işi üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddia ərizəsi qismən təmin edilərək, AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsi və AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 41333,89 manat, faiz borcuna görə 6404,45 manat, cəriməyə görə 500 manat olmaqla cəmi 48238,34 manat borc, məhkəmə xərclərinə görə 60 manat AccessBank QSC-nin xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada aparılmış tədqiqatın dəyərinə görə 245 manat Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı ev ilkin satış qiyməti 60000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı evi satıldıqdan 1 ay sonra Cavabdeh2 evdən çıxarılmaqla evin boşaldılması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.Qətnamədə İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33, 34.1, 59.1, 59.2, 59.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 425.1, 442, 472.1, 467-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tələblərini əsaslı hesab edib təmin edir, hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.)Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 07.12.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. İddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 500 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, hazırkı mülki iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu qiymətləndirmə rəyi ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə əsasən təyin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı 20.07.2020ci il tarixli "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçının əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsinə dair tələbi ilə bağlı qeyd etmişdir ki, icra hərəkətlərinin davam etdirilməsi, tələbin borclunun digər əmlakına yönəldilməsi vəzifəsi qanuni qüvvəsini alan məhkəmə aktını icra etmək səlahiyyəti olan icra məmuruna aid olduğundan, icra məmuru bu vəzifəsini İcra Haqqında Azərbaycan Respublikası Qanununu ilə müəyyən olunan qaydada həyata keçirməli olduğundan və bu barədə məhkəmə aktının qəbul edilməsi tələb olunmadığından iddia ərizəsi bu hissədə təmin edilə bilməz. İddiaçının ipoteka predmeti satıldıqdan sonra Cavabdeh2 və X3 evə istifadə hüquqlarına xitam verilməsi, X3 evdən çıxarılması, evin alıcıya təhvil verilməsi tələbləri ilə bağlı, iddiaçı E.H.Əhmədovaya qarşı tələb irəli sürsə də, iddia ərizəsində onu cavabdeh qismində cəlb etmədiyindən, ipotekasaxlayanın ipoteka predmeti olan daşınmaz əmlaka istifadə hüquqları olan şəxslərin bu hüquqlarına xitam verilməsini, daşınmaz əmlakın alıcıya təhvil verilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmadığından bu iddia tələblərinin də təmin edilməsi qeyri-mümkündür. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)-1438/2021 saylı, 29.07.2021-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək, iddia ərizəsinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin qətnaməsi ədalətsizdir və həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv olunmalı və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.Belə ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə kreditin çox hissəsi ödənilmişdir. AccessBank QSC tərəfindən iddia qaldırılan zaman isə Cavabdeh1 kredit müqaviləsi üzrə 41333,89 manat məbləğində kredit borcu, 6404,45 manat faiz borcu və 10783,83 manat cərimə borcu olmaqla cəmi 58522,17 manat borcunun olması göstərilmişdir.Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tarixli 9/2003 saylı rəyindən göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 15.03.2019-cu il tarixli 017R********** saylı razılaşmanın şərtlərini əsas götürülməklə Cavabdeh1 02.10.2020-ci il tarixədək (iddia tələbinin tarixi) banka olan əsas borcu 41596,83 manat, faiz borcu 6431,44 manat təşkil edir.Göründüyü kimi iş üzrə keçirilən ekspertiza ilə borcun məbləği daha da artırılmışdır. Bankın iddia ərizəsində göstərdiyi məbləğlə ekspertin göstərdiyi məbləğlər arasında ziddiyyət olmasına baxmayaraq nədənsə iş üzrə təkrar ekspertizanın keçirilməsinə dair vermiş olduğumuz vəsatət təmin edilməmişdir. Halbuki, məhkəmə öz qətnaməsində “...Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 07.12.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi.” göstərilmişdir. Yəni bununla da məhkəmə tərəfindəndə bankın bilərəkdən məhkəməyə gec müraciət etməklə əslində dəyən zərərin miqdarının artmasına rəvac vermişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin maddi vəziyyəti şişirdilmiş bu kredit borcunu ödəməyə imkan vermir. Məhkəmə qətnamə çıxararkən cavabdehin maddi vəziyyətini nəzərə almamış, bununla da icra edilməsi mümkün olmayan qətnamə çıxarmışdır. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə tərəfindən qeyd edilən kredit üzrə müəyyən qədər ödəniş edilsə də, həmin ödənişlər nəzərə alınmamış və nəticədə işin faktiki halları ilə üst-üstə düşməyən qətnamə qəbul edilmişdir.Göstərilənlərə əsasən, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından həmin qətnamənin apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil vəsatətlər təqdim edərək, mənzilin dəyərinin düzgün hesablanmadığını, mənzilin dəyərinin 100000 manatdan daha çox olduğunu, iş məhkəməyə verildikdən sonra da cavabdeh tərəfindən ödənişlərin edildiyini, lakin həmin ödənişlərin nəzərə alınmadığını, cavabdehin ödəniş etmək istədiyini, lakin borc məbləği əsassız olaraq çox müəyyən edildiyindən ödəniş etmədiyini bildirərək, vəsatətlərin təmin edilib işin yenidən ekspertizaya yönləndirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin ekspert rəyinə uyğun olaraq qəbul edildiyini, rəyin nəyə əsasən səhv olması barədə sübut təqdim edə bilmədiklərini, mənzilin 60000 manat dəyərində qiymətləndirilməsi ilə razılaşdıqlarını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462-467,470-477, 550-554, 556, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka və zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə daşıdığından əlavə və ya təkrar ekspertizanın keçirilməsinə zərurət müəyyən edilmir və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən tərəfindən irəli sürülən dəlillərin Əsası ipoteka predmetinin ilkin satış qiymətinin və borcun yüksək olduğu olsada bunlara dair şübhələrdən kənar sübutlar təqdim edilməmişdir. Ekspertizanın keçirilməsi üçün müvafiq sübutedici əsaslar olmadığından dəlillər öz təsdiqini tapmamışdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1438/2021 saylı işi üzrə 29 iyul 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10272/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10272/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver