Məhkəmə qərarları › İş №2(103)-10274/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10274/2021

13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10274/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadından, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 13 avqust 2021-ci il tarixli qərardadından verdiyi şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) cinayət nəticəsində ona vurulmuş zərərin əvəzi olan 160.000 ABŞ dolları məbləğində əsas və həmin məbləğə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq 135.200 ABŞ dolları məbləğində faiz, cəmi 295.200 ABŞ dolları məbləğində pulun ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə Cavabdeh tutulması, həmin pulun vurulmuş zərərin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları pul vəsaitinə yönəldilməklə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin mahiyyəti üzrə baxılıb qutarana kimi vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində pul vəsaitin cavabdehə verilməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 02 avqust 2021ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına qoyulmuş 159.000 (bir yüz əlli doqquz min) manat və 60.000 (altmış min) ABŞ dolları məbləğində vəsaitin götürülməsi (çıxarılması) Cavabdeh (onun tərəfindən verilmiş etibarnamə əsasında hər hansı digər şəxsə) qadağan edilmiş, qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə həvalə edilmişdir. Bundan sonra cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı “X3” markalı avtomobilə görə 80.128 ABŞ dolları məbləğində pulun, dəymiş ziyana görə 683.807 ABŞ dolları məbləğində pulun, cəmi 763.935 ABŞ dolları məbləğində pulun ödənildiyi gün Azərbaycan manatına məzənnəsi ilə tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Eyni zamanda, cavabdeh iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində pul vəsaitindən 149.162,26 ABŞ dolları məbləğində pulun həmin dövrün Azərbaycan manatına məzənnəsi ilə hesablanmaqla götürülməsinin (çıxarılmasının) İddiaçı qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 13 avqust 2021ci il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 02 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 19 avqust 2021ci il tarixli qərardadı ilə Cavabdeh şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 02 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmiş, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində vəsaitin 149.162,36 ABŞ dolları (həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla) məbləğində hissəsinin götürülməsi (çıxarılması) Cavabdeh (onun tərəfindən verilmiş etibarnamə əsasında hər hansı digər şəxsə) qadağan edilmiş, Cavabdeh şikayəti qalan hissədə rədd edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 13 avqust 2021-ci il tarixli qərardadından, iddiaçı isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək, müvafiq olaraq həmin qərardadların ləğv edilməsini xahiş etmişlər. Şikayətlər, məhkəmənin eyni saylı, 30 avqust 2021-ci il tarixli qərardadı təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Z.Niftəliyev şikayəti müdafiə edərək təmin edilməsini, cavabdehin şikayəti ilə razılaşmayaraq təmin edilməməsinin xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini, iddiaçının şikayəti ilə razılaşmayaraq təmin edilməməsinin xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər proses iştirakçısı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası tərəflərin fikirlərini dinləyib mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisələndirilən qərardadları qəbul etməkdə haqlı olmuş, bu səbəbdən də şikayətlər təmin edilmədən, qərardadlar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadından, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 13 avqust 2021-ci il tarixli qərardadından verdiyi şikayətlər təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, 13 avqust 2021-ci il tarixli və 19 avqust 2021-ci il tarixli qərardadları mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar