Məhkəmə qərarları › İş №2(103)-10278/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10278/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10278/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-2181/2021 saylı iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2015-ci ilin iyun ayında iddiaçıya bildirdi ki, dayısı ona Səbail rayonu, Bakı Soveti adlandırılan yerdə mülk vermişdir. Həmin mülkü işə salmaq üçün 10.000 manat pul lazımdır. İddiaçı da 2015-ci ilin iyul ayında həmin mülkün içində, mülkdə usta kimi fəaliyyət göstərən X1 yanında 10.000 manat pulu cavabdehə borc qismində vermişdir. Cavabdeh ona bildirmişdir ki, mülkü çay evi kimi işə salacaq və bundan sonra iddiaçıya olan borcunu qaytaracaqdır. Lakin bugünədək iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-2181/2021 saylı iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qətnamədən apellyasiya şikayət verən iddiaçı onun ləğv olunmasını və iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla yanaşı bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehlə aralarında olan pul münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinin təsir dairəsinə düşmür. Çünki aralarında olan pul münasibətləri üzrə icra müddəti müəyyənlədirilməmişdir. Aralarında olan razılaşmaya əsasən, ona qaytarılmalı olan məbləğ “Çay evinin” istifadəyə verilməsindən sonra əldə ediləcək məbləğ hesabına cavabdeh tərəfindən qaytarılacaqdı. Lakin 2015-ci ildən bu günədək həmin obyekt istifadəyə verilmədi. Buradan da görünür ki, Cavabdeh ona qarşı qaldırdığı “pul” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır. Məhkəmənin həmin ərizə əsasında onun iddiasını rədd etməsi qanunsuz və əsassızdır. Bundan əlavə, 2015-ci ilin iyul ayında cavabdehə pulu X2 adlı şəxsin yanında vermişdir və Qismət Ağayev aralarındakı razılaşmaya şahidlik etmişdir. Məhkəmə prosesində X2 şahid qismində dindirilsə də, məhkəmə onun ifadəsini mötəbər hesab etməmiş və nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etməklə əlavə olaraq bildirdi ki, 2018-ci ildə cavabdehə pul verildikdən sonra prokurorluqda iddiaçının barəsində cinayət işi açılıb, səs yazısı aparılıb. Həmin səs yazısı cinayət işinin içindədir. Həmin iş hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Bundan başqa cavabdehə 6 ildir ki, borcun qaytarılmasını tələb etsə də cavabdeh pulu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, prokurorluqda olan işdə heç bir halda 10000 manatdan söhbət getməyib. İddiaçının pula ehtiyacı olduğu üçün cavabdeh ona pul göndərib. İddiaçıdan hər hansı məbləğdə borc pul almamışdır. Həmçinin 3000 manatdan yuxarı məbləğlərdə yazılı müqavilə olmalıdır. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilən X2 ifadə verərək bildirmişdir ki, cavabdeh ona verilmiş mülkü işə salmaq üçün iddiaçıdan 10.000 manat məbləğində pul almışdır. İddiaçı pulu 2015-ci ilin iyun ayında onun iştirakı ilə cavabdehə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə beə qənaətə gəlmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsində göstərdiyi halları, habelə cavabdehə 10.000 manat borc pul verdiyini təsdiq edə biləcək heç bir əsaslı sübut (qəbz, müqavilə) təqdim edə bilməmişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında pul münasibəti 2015-ci ilin iyun ayında yaranmışdır. Bu səbəbdən iddia ərizəsi məhkəməyə iddia müddəti ötürülməklə 02.08.2021-ci il tarixdə verildiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməlidir. Bununla yanaşı birinci instansiya məhkəməsi hesab etmişdir ki, şahidin ifadəsində yer alan fikirlər iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmır. Bu səbəbdən şahidin məhkəmə iclasında qeyd etdikləri işdə olan başqa sübutlarla öz təsdiqini tapmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd olunması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində razılaşmaya əsasən, ona qaytarılmalı olan məbləğ “Çay evinin” istifadəyə verilməsindən sonra əldə ediləcək məbləğ hesabına cavabdeh tərəfindən qaytarılmasını qeyd etsə də, cavabdehlə belə bir razılaşmanın olması ümumiyyətlə cavabdehə iddia tələbində göstərilən məbləğdə borc pul verməsi iş materialları ilə müəyyən edilməmiş, iddiaçı tərəfindən bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa iddiaçı tərəf şahid ifadəsiə əsaslansa da həmin ifadə iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən şahid ifadəsinin əsaslı olması barədə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən iddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında pul münasibəti 2015-ci ilin iyun ayında yaranmışdır. Həmçinin cavabdeh tərəf iddia müddətinin tətbiqini xahiş etmişdir ki, belə olan halda da müəyyən edilir ki, hazırki iddia tələbi ilə məhkəmə müraciət edilən zaman iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi iddiaçı cavabdehə 10.000 manat məbləğində borc pul verməsini sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-2181/2021 saylı iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar