Məhkəmə qərarları › İş №2(103)-10279/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10279/2019

02.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10279/2019 02.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı Cavabdeh5 nümayəndəsi, vəkil Vüqar Hüseynzadənin, cavabdeh, həmçinin digər cavabdeh “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin direktoru Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativinə və qeyrilərinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi) kooperativin ləğv edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair 2(004)-3343/2018 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər xxxxxxxxx Mənzil Tikinti Kooperativinə (bundan sonra – Kooperativ), Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kooperativin ləğv olunması və onun üzvləri olan digər cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 65545 manat pul, 6554,5 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış faiz, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 72129,5 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8486/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 65545 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3578/2018 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh5 kassasiya şikayəti təmin edilmiş, işə apellyasiya qaydasında baxılarkən cavabdehlərə lazımi qaydada məlumat verilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək bildirdi ki, cavabdehlər Kooperativin ilkin təsisçiləri və beş nəfər ailə üzvü olduğu üçün iddianı onlara qarşı qaldırıb. Həmçinin digər Kooperativ üzvlərinin yaşayış ünvanları və şəxsi məlumatları barədə heç bir informasiya əldə edə bilməyib. İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh5 nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, təmsil etdiyi şəxs Kooperativin təsisçisi olan digər Cavabdeh2 ailə üzvü olub. Kooperativ təsis edilərkən formal olaraq adı təsisçilər sırasında qeyd olunub. Sonradan Ümumi yığıncağın qərarı ilə üzvlükdən xaric edilib. Lakin bununla bağlı hər hansı sübutu yoxdur. Təmsil etdiyi şəxsin tələb olunan məbləği ödəmək üçün imkanı da yoxdur və maddi vəziyyəti çox pisdir. Nümayəndə şikayətin təmin olunmamasını xahiş etdi. Cavabdeh, həmçinin Kooperativinin direktoru Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Kooperativ, iddiaçı və Mahir Niftəliyev arasında işlərin görülməsi əvəzində sonunculara mənzil veriləcəyinə dair müqavilə bağlanmışdır. Lakin Cavid və Mahir müqavilə öhdəliklərini yerinə yetirməyiblər. İşləri təhvil verəcəkləri halda, iddiaçıya pul ödəniləcəkdir. Hazırda Kooperativin balansında pul yoxdur, gələcəkdə qeyri-yaşayış sahələrinin satışından əldə ediləcək pul hesabına ödəniş edə bilərlər. Kooperativ 1989-cu ildə Rabitə Nazirliyi tərəfindən təsis edilib. 2006-cı ildə binanın inşasına əlavə vəsait cəlb etmək üçün 50 nəfər yeni üzv cəlb olunub. Ümumi paylar hesabına bina inşa edilib. Binanın tikintisinə 2007-ci ildə başlanılıb. Sonradan idarə heyətinin üzvləri dəyişilib, bəzi təsisçilər, o cümlədən, Cavabdeh5 üzvlükdən azad edilib. Bu barədə sənədlər Kooperativin arxivində olmalıdır, lakin Kooperativ üzvlərinin siyahısında dəyişikliklərin qeydə alınması ilə bağlı hüquqi şəxslərin dövlət qeydiyyatı orqanına müraciət etməyiblər. Cavabdeh şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərin işdə olan ünvanları üzrə göndərilmiş məhkəmə bildirişləri rabitə orqanı tərəfindən geri qaytarılmış, iş materiallarında həmin cavabdehlərin telefon nömrələri, habelə şəxsi məlumatları (doğum tarixi və yeri, şəxsiyyət vəsiqəsi məlumatları) olmadığı üçün onlarla əlaqə saxlamaq, yaxud onları EMİS vasitəsilə də məlumatlandırmaq mümkün olmamışdır. Kollegiya qeyd olunanları, həmçinin prosessual qanunvericilikdə mülki işlərə baxılması üçün müəyyən edilmiş müddətləri nəzərə alaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, Kooperativ Bakı şəhəri XDS İK-in xx.xx.1991-ci il tarixli, 3/103 nömrəli qərarı ilə “xxxxxxxxx Mənzil Kooperativi” adı altında ilkin dövlət qeydiyyatına alınmışdır. xx.xx.2006-cı il tarixdə Kooperativ “xxxxxxxxx Mənzil Tikinti Kooperativi” adı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış və bu zaman Kooperativin təsisçiləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 olmuşlar. Kooperativin ümumi yığıncağının xx.xx.2006-cı il tarixli iclasında 50 nəfər yeni üzv qəbul edilmiş, bununla bağlı Nizamnaməyə dəyişiklik edilmiş, dəyişiklik xx.xx.2006-cı ildə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “xxxxxxxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, sonuncu tərəfindən ödənilmiş 65500 manat pul və 45 manat dövlət rüsumu olmaqla, cəmi 65545 manat pulun “xxxxxxxxx” MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərovun “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəmə və digər orqana qaytarılması haqqında” xx.xx.2017-ci il tarixli qərarı ilə, məcburi icra hərəkətləri zamanı borclunun adına heç bir əmlak və gəlir aşkar edilmədiyindən icra sənədi onu vermiş məhkəməyə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Həmçinin iddiaçı məhz Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hazırda Kooperativlə əlaqələrinin mövcudluğu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır (109.1). Kooperativin üzvlərinin vəzifələrindən biri Mülki Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etməkdir (109-4.4.3). Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir (110-3). Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar (110.4). Baxılan iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən, Kooperativdən iddiaçının xeyrinə 65545 manat pul tutulmalıdır. Pulun tutulması üçün icra sənədinin icrası qaydasında görülmüş tədbirlər nəticə vermədiyindən icra sənədi icra məmuru tərəfindən onu vermiş məhkəməyə qaytarılmışdır. İddiaçı hazırkı iddia ərizəsində Kooperativin ləğv olunmasını və onun təsisçiləri olmuş 5 üzvdən qətnamə ilə müəyyən edilmiş pulun və həmin pulun ödənilməməsinə görə maddi zərərin tutulmasını xahiş edir. Kooperativin ləğvi tələbinə münasibətdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 110.4cü maddəsi kooperativin fəaliyyəti nəticəsində üçüncü şəxslərə vurulmuş zərər üzvlər tərəfindən ödənilmədiyi halda kreditorun tələbi ilə kooperativin məhkəmə qaydasında ləğvini mümkün saysa da, həmin tələbi kooperativin ləğvi üçün birmənalı əsas kimi müəyyən etməmişdir. Belə bir tələb mülki qanunvericiliyin hüquqi şəxsin və ya kooperativlərin ləğvi ilə bağlı hüquq münasibətlərini tənzimləyən xüsusi normalarına uyğun olaraq qiymətləndirilməlidir. Həmin müddəalarda nəzərdə tutulan əsaslar olduğu və prosedurlara riayət edildiyi halda belə tələb təmin oluna bilər. Baxılan iş üzrə Mülki Məcəllənin 59-61-ci maddələrində müəyyən edilmiş hallar müəyyən edilmir və prosedurlara riayət edilməmişdir. Bu baxımdan iddia Kooperativin ləğvi hissəsində təmin oluna bilməz. Məhkəmə qətnaməsi ilə Kooperativdən tutulmalı olan məbləğin iş üzrə cavabdeh olan üzvlərdən tutulması tələbinə münasibətdə Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki qanunvericilik kooperativ üzvlərinin onun öhdəliklərinə görə birgə subsidiar məsuliyyətini nəzərdə tutur və üzvlərin üzərinə əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəmək vəzifəsi qoyur. İş üzrə Kooperativin öhdəliklərinin ödənilməsi üçün kifayət qədər vəsaiti olmadığından xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı görülmüş icra tədbirləri müsbət nəticə verməmiş, icra sənədi bununla bağlı olaraq məhkəməyə qaytarılmışdır. İş üzrə cavabdeh olan Kooperativin üzvləri tərəfindən üzvü olduqları hüquqi şəxsin öhdəliyi icra etmək üçün vəsaitə malik olduğu barədə sübutlar təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübut etmə ilə bağlı müddəalarına müvafiq olaraq həmin halı sübut etmək yükü cavabdehlərin üzərində olmuşdur. Mövcud vəziyyətdə qanunun birbaşa göstərişinə əsasən Kooperativin üzvlərinin əmələ gəlmiş zərəri növbəti illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəmək öhdəliyi yaranmış, lakin yerinə yetirilməmişdir. Bu baxımdan iddia tələbi sözügedən hissədə əsaslıdır və təmin edilməlidir. Eyni zamanda iddiaya uzun müddətdir Kooperativ üzvlüyündən çıxması əsası ilə etiraz edən Cavabdeh5 bununla bağlı heç bir sübut təqdim etməmiş, hüquqi şəxslərin dövlət reyestri orqanından tələb olunaraq işə əlavə edilmiş sənədlərdə sonuncunun halhazırda da Kooperativin üzvü olduğu müəyyən edilmişdir. İddia tələbinin Kooperativ üzvlərindən yalnız beşinə qarşı yönəlməsinin qanuniliyi ilə bağlı Məhkəmə kollegiyası nəzərə alır ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi kooperativ üzvləri həmin hüquqi şəxsin öhdəliklərinə görə subsidiar, lakin birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləyə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır (maddə 500.1). Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır (maddə 501). Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir (maddə 509.1). Baxılan iş üzrə Kooperativin ilkin təsisçilər və hal-hazırda da üzvü olan cavabdehlər Kooperativin məsuliyyətinə görə birgə məsuliyyət daşıdıqlarından iddiaçı öhdəliyin icrasını onlardan tələb etməkdə haqlıdır və həmin şəxslər öhdəliyi icra etdikləri halda qalan borclulardan onların paylarına mütənasib surətdə, lakin öz payları çıxılmaqla reqres qaydasında tələb irəli sürə bilərlər. Nəhayət Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 449-cu maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd olunan halların mövcud olması ilə bağlı hər hansı sübutlar təqdim edilmədiyindən iddia pul vəsaitindən qanunsuz faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış 6554,5 manat faiz tələbi hissəsində təmin oluna bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, 65545 manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3343/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 65545 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 65575 (altmış beş min beş yüz yetmiş beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Xəyalə Cəmilova İlham Kərimli Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar