Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1028/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərinin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-3338/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 04/10953 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır.
2. İddiaçı tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbi ilə ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt əsasında 17280 m3, ******* nömrəli xx.xx.2024-cü il tarixli akt əsasında isə 12240 kub metr qaz sərfiyyatı hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Eyvazlı qızı tərəfindən İddiaçı İByə vurulmuş 3.542,40 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2.503,04 manat və 80,46 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6.125,90 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh Eyvazlı qızı arasında xx.xx.2017-ci il tarixində 04/10953 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2.073,60 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1.468,80 manat, cəmi 3.542,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2020-ci ilin iyul-dekabr ayları üzrə 779,60 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1.491,60 manat sərfiyyat borcu və limitdən əlavə 150,20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 2,40 manat sərfiyyat borcu və uçotu pozulmuş qaz sərfin 15,60 manat sərfiyyat borcu, 2023-cü ilin yanvardekabr ayları üzrə 276,60 manat sərfiyyat borcu və limitdən əlavə 84,40 manat sərfiyyat borcu, 2024-ci ilin yanvar-mart ayları üzrə 2,64 manat sərfiyyat borcu, cəmi 2.803,04 manat sərfiyyat borcu qalmışdır. 2020-cü ilin iyul ayından 2024-cü ilin fevral ayına qədər cavabdeh 300 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2.503,04 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 6.045,44 manat təşkil etməkdədir. Həmçinin, cavabdehin 2020-ci ilin iyun ayınadək 2.878,10 manat vəsaitin tutulması barədə xx.xx.2021-ci il tarixli, 2(008)-929/2021 saylı Birliyin xeyrinə qətnamə çıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. xx.xx.2012-ci il tarixdə İddiaçı İB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 4 ünvanında abonentin iştirakı ilə G-4 markalı, 1002AQ**********7 № li sayğac quraşdırılmış, plomb vurulmuş, həmin ünvana **********00000 № li kod verilmiş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilmiş, lakin abonent ilə "Azəriqaz" İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» heç bir müqavilə bağlanmamışdır. xx.xx.2016-cı il tarixdə İddiaçı İB-nin əməkdaşları Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 4 ünvanında quraşdırılmış sayğaca abonentin iştirakı ilə baxış keçirmiş, heç bir qüsur aşkar edilməmiş və yenə də müqavilə bağlanmamışdır. xx.xx.2020ci il tarixdə İddiaçı İB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 4 ünvanında quraşdırılmış smart-kart tipli sayğac ZENNER G4 MEXANİKİ sayğacla əvəz edilmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilmiş, lakin abonent ilə "Azəriqaz"İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2023-cü il tarixdə, abonentin iştirakı olmadan, ünvan 3 ünvanında qaz xəttinə baxış keçirilmiş, guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xətti guya ləğv edimiş, itirilmiş 17280 m3 qazın dəyərinin hesablanmasına dair xx.xx.2023-cü il tarixdə ******* № li akt tərtib edilmiş, lakin həmin akt heç kimə təqdim edilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli "X3"na dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması” məqsədi ilə 17280 m3 dəymiş ziyanın həcmi hesablanmış, abonentin hesab koduna 2.073,60 manat borc yazılmışdır. xx.xx.2024-cü il tarixdə, yenə də abonentin iştirakı olmadan, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 4 ünvanında qaz xəttinə baxış keçirilmiş, guya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunması aşkar edilmişdir. Sayğacdan kənar qaz xətti guya ləğv edimiş, itirilmiş 12300 m3 qazın dəyərinin hesablanmasına dair xx.xx.2024-cü il tarixdə ******* № li akt tərtib edilmiş, lakin həmin akt heç kimə təqdim edilməmiş, həmin akta əlavə olunmuş foto-şəkil isə xx.xx.2024-cü il tarixdə çəkilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2024-cü il tarixli X3na dair tələbnaməsinə əsasən "dəymis ziyanın həcminin hesablanması məqsədi ilə 12240 m3 dəymiş ziyanın həcmi hesablanmış, abonentin hesab koduna 1.468,80 manat borc yazılmışdır. Halbuki, abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən İddiaçı İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir və qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana iki dəfə baxış keçirilsə də abonentin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların aktlardan xəbəri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdim olunmamış və abonent həmin aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı ücün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkil etibarlı sübut kimi qəbul edilə bilməz, çünki foto-şəkillər akt tərtib edildikdən 4 gün sonra çəkilmiş, sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsinə və hansı mənzilə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Azəriqaz" İB-nin tərtib etdiyi - aktlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. İddiaçı İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilmir. Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Abonent "Azəriqaz" İB-nin balansında olan küçədəki qaz sayğacına müdaxilə etməmiş və qaz xəttinə özbaşına qoşulmamışdır.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3338/2024 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2.487,8 manat debitor borcu və 44.88 manat məbləğində dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövrdə tərtib edildiyindən və istehlakçı məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında yazılmış cərimə tutula bilməz.
8. Bundan başqa məhkəmə iddia tələbinin 2.503,04 manat sərfiyyat borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehə məxsus saldodan cavabdehin 2020-ci ilin sonu üçün hesablanmış 779,60 manat sərfiyyat borcunun, 2021-ci ilin sonu üçün hesablanmış 1.491,60 manat sərfiyyat borcu və 150,20 manat isə həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar borc, 2,40 manat olan hissəsi 2022-ci ilin sonu üçün hesablanmış sərfiyyat borcu, 2023-cü ilin sonu üçün hesablanmış 276,60 manat sərfiyyat borcu, 84,40 manat olan hissəsi isə həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar borcun, 2024-cü ilin mart ayının sonu üçün 2,64 manat sərfiyyat borcunun olduğu müəyyən edilir (779.60+1491.60+150.20+2.40+276.60+84.40+2.64=2787.44). Həmçinin, iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh tərəfindən qeyd edilən sərfiyyat borcundan 300 manat ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ümumi sərfiyyat borcdan edilmiş 300 manat məbləğindəki ödəniş çıxılmalı və yerdə qalan məbləğ cavabdeh tərəfindən iddiaçının xeyrinə tutulmalıdır (2787.44-300=2.487.44 manat).
9. Bundan başqa məhkəmə iddia tələbinin 2022-ci ildə uçotu pozulmuş 15.60 manat dəyərində qaz sərfi borcunun cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin borc cavabdehə məxsus olan saldodan görünsə də, borcun yaranma əsasları məhkəməyə məlum olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” qanunun 6.2, 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehə məxsus ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “X3na dair” Tələbnamə təsdiq edilmiş, həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırki işdə iddia qismən təmin olunduğundan və iddiaçı apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. İşdən görünür ki, sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbindən tərtib edilmiş “Təbii X2nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən dəymiş ziyanın əvəzi olaraq 2.073,60 manat və xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən isə 1.468,80 manat məbləğində borc tələb edilmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq iddiaçı sayğaca müdaxilə, habelə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
24. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Lakin iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələbnamə ilə tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir.
26. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin o mövqeyi ilə də razılaşır ki, 2022-ci ildə uçotu pozulmuş 15.60 manat dəyərində qaz sərfi borcunun yaranma əsasları məhkəməyə məlum olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyil.
28. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3338/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.