Məhkəmə qərarları › İş №2(103)-10282/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10282/2021

04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10282/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı ödənilməyən sığorta hissəsinin və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-də işlədiyi 2010-2015-ci illər üzrə əmək haqqına uyğun ödənilməli olan 2743 manat sığoorta haqqı məbləğinin tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi və həmçinin həmin illər ərzində ona ödənilməli olan 10973 manat əmək haqqının cavabdehin təqsirində vaxtında ödənilmədiyi üçün dəymiş 5371,60 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.07.2010-cu il tarixdə Cavabdeh ASCnin Ucar rayon filialına aparıcı mütəxəssis-mexanik vəzifəsinə təyin olunmuş və 01.07.2015-ci ildə ştatların ixtisarı ilə əlaqədar işdən azad olunmuş, 5 il ərzində əmək haqqının vaxtında ala bilməmişdir. Sabunçu rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli qətnaməsi ilə 10973 manat məbləğində əmək haqqı, işdən çıxarma müavinəti və istifadə edilməmiş məzuniyyət pulu cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Qətnamə qanuni qüvvəsi almışdır. Lakin həmin illər ərzində Dövlət Sosial Müdafiə Fonduna qismən ödənişlər edilmişdir. Halbuki, həmin illər üzrə 10973 manatın 25 faizini təşkil edən 2743 manat sosial sığorta haqqı ödənilməli idi. Həmçinin, 10973 manat əmək haqqı vaxtında ödənilmədiyi üçün ona inflyasiya faizinə uyğun hesablanaraq 5371,60 manat maddi zərər dəymişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nörmaları pozulduğu, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, tərəfləri dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli qətnaməsi ilə 10973 manat məbləğində əmək haqqı, işdən çıxarma müavinəti və istifadə edilməmiş məzuniyyət pulu cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur, Bakı Apellyasiya Məhkəməsinin 12.12.2016-cı il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 04.05.2017-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məbləğ Ali Məhkəmənin 04.05.2017-ci il tarixli qərarından sonra dərhal icra edilmişdir, bu işin mübahisə edilməyən halıdır. Hazırda iddiaçı Cavabdeh ASC-də işlədiyi 2010-2015-ci illər üzrə əmək haqqına uyğun ödənilməli olan 2743 manat sığoorta haqqı məbləğinin tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi və həmçinin həmin illər ərzində ona ödənilməli olan 10973 manat əmək haqqının cavabdehin təqsirindən vaxtında ödənilmədiyi üçün dəymiş 5371,60 manatın ödənilməsini istəyir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia müddəti ötürülmüşdür və bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələlərinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edildiyi kimi, iddiaçı 2017-ci ildən hüququnun pozulduğunu bilmiş, lakin hazırki iddia ilə 4 ildən sonra müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar