Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10285/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6413/2018 saylı, 05 dekabr 2018ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Garaev Bakhaddın cavabdeh X6 qarşı borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40.000 (qırx min) manat əsas borcun və faydalanmağa görə bank faiz uçot dərəcəsi ilə 9666 (doqquz min altı yüz altmış altı) manat olmaqla, cəmi 49.666 (qırx doqquz min altı yüz altmış altı) manatın, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6413/2018 saylı, 05 dekabr 2018ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmış, məhkəmə bildirişi göndərilməmiş, onun tərəfindən heç bir sübut təqdim edilmədən birtərəfli qaydada qərəzli baxmışdir. Bundan əlavə, iddia müddəti də ötürülmüşdür. Belə ki, müqavilə 2011-ci il tarixdə bağlansa da, iddiaçı məhkəməyə 2018-ci il tarixdə, yəni 3 illik iddia müddətini ötürməklə müraciət etmişdir. Birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparsa idi, ədalətli və obyektiv qətnamə qəbul edərdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, 18.06.2011-ci il tarixli kredit müqaviləsinə əsasən X2 Bahəddin Novruz oğlundan 40.000 manat almış və müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 6(altı) ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 442, 448.1, 443.1-ci maddələrinə istinad edərək qənaətini onunla əsaslanmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunaraq cavabdeh X3 40.000 manat ödənilməmiş borc və 9666 manat bank uçot dərəcəsi olmaqla, cəmi 49.666 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddanın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdeh məhkəmənin işə onun iştirakı olmadan baxdığını, ona məhkəmə bildirişi göndərilmədiyini, onun tərəfindən heç bir sübut təqdim edilmədən işə birtərəfli qaydada qərəzli baxdığını göstərsə də bu dəlillərin yalnız birincisi həqiqi olsa belə şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, işə əlavə edilmiş məhkəmə bildirişlərindən görünür ki, cavabdehin rəsmi qeydə alındığı və yaşadığı ünvana xəbərnaməli və sifarişli poçt göndərişləri(i.v.17-19) ilə məhkəmə bilidirişləri göndərilmiş, lakin bu bildirişlərin üzərinə “köçüb” qeydi yazılmaqla geri qaytarılmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə apellyasiya instansiyası məhkəməsinə göndərdiyi ərizəsində də 2017-ci ildən 2021-ci ilə kimi Türkiyə Respublikasında işləyib yaşadığını, bunu onun pasportunda olan ştamplar da təsdiq etdiyini göstərmiş, apellyasiya baxışı zamanı da cavabdehin vəkili onun pasportunun surətini məhkəməyə təqdim etmişdir. Demək, cavabdeh özü işə onun iştirakı olmadan baxılmasını və məhkəmə bildirişinin ona çatmamasının səbəblərini və işə onun iştirakı ilə baxılmasının mümkünsüzlüyünü etiraf edir. Eyni zamanda onun tərəfindən sübut təqdim etmək imkanının olmadığını göstərsə də bunun apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilərdi, ancaq hansısa sübutları həqiqətən mövcud olsaydı yəqin ki, təqdim edərdi, ancaq nə özü məhkəməyə gələrək yaxud vəkili heç bir sübut təqdim etmədi. Bu cür vəziyyətdə işə qərəzli baxılmasından söhbət gedə bilməz. Ona görə də bu dəlillər bütövlükdə qətnamənin ləğv edilməsinə səbəb ola bilməz. İkincisi, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin izahatları, təqdim etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları və digər sənədlərdən, eləcə də cavabdehin vəkilinin izahatları ilə müəyyən edildi ki, 18 iyun 2011-ci il tarixli kredit müqaviləsi tərəflər arasında cavabdehin oğlu X9 Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 28 noyabr 2000-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu Xocəsən qəsəbəsində olan 600 kv. metr torpaq sahəsi(faktiki olaraq 0.048517 ha.)və üzərində yerləşən qeydə alınmayan evin faktiki alqı-satqısına görə bağlanmışdır. Belə ki, iddiaçının atası Novruz Qarayevə məxsus Bakı şəhəri Heydər Əliyev prospektindəki evin satılmasından əldə edilmiş vəsaitin bir qismi hesabına qeyd olunan torpaq sahəsi və üzərindəki ev iddiaçı üçün alınmışdır. Ancaq torpaq sahəsi və üzərində olan tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən alqı-satqı lazımi qaydada rəsmiləşdirilməmişdir. Buna baxmayaraq iddiaçı hazırki iş üzrə mübahisələndirilən kredit müqaviləsində göstərilən məbləği Rövşən Müslümovun anası Fəzilə Müslümovaya verərək atası və anası ilə mübahisəli torpaq sahəsindəki evə köçərək yaşamağa başlamış, sonradan isə ailə quraraq arvadını da həmin evə köçürmüşdür. Razılaşmaya görə evin sənədləşmə işi tamamlanandan sonra qalan pul məbləği cavabdeh tərəfə ödənilməli idi. İddiaçı Rusiya vətəndaşı olduğundan torpaq sahəsinin sənədləşdirilməsi işlərinə dair etibarnamə Rövşən Müslümov tərəfindən anası Fəzilə Müslümovaya, sonuncu isə iddiaçının bacısı Nübar Qarayevaya vermişdir. Lakin iddiaçının və atasının bacısı Nübar Qarayeva ilə ailə daxili münaqişələri yarandığından sonuncuya verilmiş etibarnamə ləğv edilmişdir. Buna baxmayaraq Nübar Qarayeva 09 oktyabr 2014-cü ildə Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinə gedərək orada cəzaçəkən Rövşən Müslümovdan mübahisəli torpaq sahəsininin sənədləşdirilməsinə görə birbaşa etibarnamə almış, iddiaçının, atasının və ailə üzvlərinin həmin torpaq sahəsindəki evdə yaşamasına baxmayaraq Rövşən Müslümovun verdiyi etibarnamə əsasında torpaq sahəsinə çıxarış əldə edərək 11 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında üzərindəki qeydiyyata alınmayan evlə birlikdə Rövşən Müslümovun adından X5 və torpaq sahəsi sonuncunun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. X7rşı mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və tərəflərin əvvəlki hüquqi vəziyyətə qaytarılması iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən Rövşən Müslümovun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmçinin Ali Məhkəmənin 19 avqust 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsi Rövşən Müslümovun kassasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsindən o da görünür ki, X11(Rövşən Müslümovun arvadı) da qeyd olunan 11 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmiş, lakin onun iddiası da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, bu qətnamədən verdiyi apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2015-ci il tarixli qətnməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Rövşən X1 qarşı 11 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi nəticəsində əldə olunmuş 50000(əlli min) manatın alınaraq ona ödənilməsini tələb etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş, Nübar Qarayevadan 50000(əlli min) manatın alınaraq Rövşən Müslümova ödənilməsi qət edilmişdir. Rövşən Müslümovun Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 25 mart 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən Nübar Qarayeva tərəfindən qeyd olunan qətnamə ilə onun xeyrinə tutulan 50000(əlli min) tam ödənildiyindən çıxarılmış qətnamənin icraya yönəldilmədən icrasına xitam verilməsi xahiş edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilən sənədlərdən o da müəyyən olunur ki, Binəqədi Rayon İcra Şöbəsinə cavabdeh İddiaçı Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən 0,048517 ha torpaq sahəsindən və həmin sahədə inşa olunmuş qanunsuz tikilidən çıxarılmasına dair Binəqədi Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli 2(001)- 804/2015 saylı icra vərəqəsi 12.06.2017-ci il tarixdə həmin Şöbənin icraatına daxil olunmuş və icra vərəqəsinin icrası 18 iyul 2017-ci il tarixə saat 11:00 təyin edilmiş, borcludan icra sənədinin icrası tələb edilmiş, əks halda icranın məcburi qaydada təmin ediləcəyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tədqiq olunan sənədlərdən də göründüyü kimi, iddiaçı hazırki iddia üzrə məhkəməyə məhz 04 oktyabr 2018-ci ildə, yəni mübahisəli torpaq sahəsi və üzərindəki qeydə alınmamış evdən faktiki olaraq məhkəmə aktlarına əsasən məhrum olmasından, eləcə də Rövşən Müslümov tərəfindən həmin torpaq sahəsinin və üzərindəki qeydə alınmamış evin Əli Rzayevə satılmasından əldə edilmiş 50000(əlli min) manatın iddiaçının bacısı Nübar Qarayevadan məhkəmə aktına əsasən alınmasından sonra müraciət etmişdir. Hazırki iddiaının predmeti olmasa da belə çıxır ki, iddiaçı həm kredit müqaviləsində nəzərdə tutulan puldan, həm də faktiki olaraq həmin pulun əvəzində əldə etdiyi torpaq sahəsindən və üzərindəki evdən məhrum olmalıdır. Başqa sözlə, həm mübahisəli torpaq sahəsi və üzərindəki torpaq sahəsinin Əli Rzayevə satılması nəticəsində əldə edilmiş 50000(əlli min) manat məhkəmə aktına əsasən cavabdehin oğlu Rövşən Müslümova qaytarılır, həm də iddiaçının həmin torpaq sahəsinə və üzərində yerləşən evə görə onun anası Fəzilə Müslümovaya kredit müqaviləsi əsasında verilmiş məbləğ də onlara qalır. Bu cür vəziyyət isə ədaləti təmin etməyən bir nəticə ola bilər ki, bu da yolverilməzdir. Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... …Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Göründüyü kimi, yuxarıda qeyd olunanlara əsasən iddiaçı hüquqlarının yekun olaraq pozulduğunu 2018-ci ildə bilmiş və məhz bundan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, yalnız zaman olaraq müddətin keçməsi şikayətin təmin edilməsi və qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Yuxarıda qeyd olunduğu kimi, bu cür iddianın rədd edilməsi həm də nəticə etibarı ilə hüququn ali məqsədinə də xidmət etməyəcəkdir. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir, ədalət təmin edilmirsə, demək ədalət mühakiməsinin bu cür həyata keçirilməsi də mülki hüquq münasibətlərinin vicdanlı iştirakçısının qanuni mənafelərinə zərər vurmaqla nəticələnir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6413/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10285/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10285/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver