Məhkəmə qərarları › İş №2(103)-1029/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1029/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1029/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «kredit borcu») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3912/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2017-ci il tarixli KM021T08170004S01 nömrəli kredit müqaviləsinə əsasən borcverən tərəfindən borcalana 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) manat kredit verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Ləğv prosesində olan İddiaçı1 açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 5751.97 (beş min yeddi yüz əlli bir manat, doxsan yeddi qəpik) AZN - bundan 1852.69 (min səkkiz yüz əlli iki manat, almış doqquz qəpik) AZN əsas, 1967.35 (min doqquz yüz altmış yeddi manat, otuz beş qəpik) AZN faiz, 1658.41 (min altı yüz əlli səkkiz manat qırx bir qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 273.52 (iki yüz yetmiş üç manat 52 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 77.52 (yetmiş yeddi manat əlli iki qəpik) AZN manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələbdə göstərilir ki, kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3912/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Tural Məmmədov) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh 1852.69 manat əsas borc, 1967.35 manat faiz borcu, 200 manat cərimə borcu, 273.52 manat əldən çıxmış fayda olmaqla, cəmi 4293.56 manat tutularaq iddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) xeyrinə ödənilməsi; iş üzrə ödənilmiş 77.52 manat dövlət rüsumunun 62.93 manat hissəsinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin məhkəməyə təqdim etdiyi ərizəyə münasibətdə qeyd edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsi xx.xx.2017-ci il tarixdən 24 ay müddətinə - xx.xx.2019-cu il tarixədək bağlanmışdır. İddiaçı tələbini xx.xx.2022-ci il tarixində, saat 19.51-də elektron məhkəmə sisteminə yerləşdirmişdir. Mülki Məcəllənin 371.1-ci madəddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçı iddia tələbini müddətin sonuncu günü bitməmiş məhkəmənin elektron sisteminə yerləşdirdiyinə görə iddiaçı tərəfindən müddət ötürülməmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliyin son icra tarixi xx.xx.2019-cu il tarix olaraq müəyyən edilmiş və iddiaçı tərəfindən hazırki iddia ərizəsi də məhz elektron qaydada xx.xx.2022-ci il tarixdə - Mülki Məcəllənin 371.1-ci maddəsinin tələblərinə riayət edilməklə təqdim olunmuşdur. Belə olan halda, ərizənin təmin edilməsi üçün əsas yoxdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia müddəti keçdiyindən tələbinin təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, Məhkəmə Mülki Məcəllənin 371.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, bu maddədən açıq-aydın görünür ki, hərəkətin edilməsi müəyyən təşkilatda, yəni ləğv prosesində olan İddiaçı1 ASC-də baş vermişdir. Təşkilat bankdır, onun da iş saatı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarla idarə edilir, yəni saat 09:00-dan 18:00-dək iş qrafikidir. İddia ərizəsi isə 19:51-da verildiyindən artıq növbəti iş gününə düşür. Bundan əlavə, banklarda da kredit ödənişlərinin edilməsi 17:00-dəkdir, ondan sonra ödənilmiş vəsait növbəti günə hesablanır. Banklar bu kimi hallara diqqətli yanaşırlar. Məhkəmə Mülki Məcəllənin 371.2-ci maddəsini də düzgün tətbiq etməmişdir. Belə ki, burada açıq-aydın görünür ki, iddia ərizəsi iddiaçı tərəfindən elektron verilmiş və müvafiq yazılı ərizə şəklində rabitə təşkilatına təhvil verilməmişdir, elektron göndərilmişdir. Maddə birbaşa qeyd edir ki, rabitə təşkilatına verilmiş yazılı ərizə və bildirişlər vaxtında verilmiş sayılır, ancaq iddiaçı ərizəni rabitə təşkilatı vasitəsilə deyil elektron qaydada 19:51 dəqiqədə sistemə yerləşdirmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 371.1. Əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Maddə 371.2. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair maddələrinin şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Belə ki, cavabehin Mülki Məcəllənin 371.1-ci maddəsinin düzgün tətbiq edilmədiyini bəyan etməsi həmin normanın həqiqətən pozulması demək deyildir. Çünki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini icra etmədiyi üçün məhkəmə qaydasında cavabdehdən qanunvericilkdə nəzərdə tutulmuş iddia müüddəti ötürülmədən öhdəliklərin icrası tələb edilmişdir. Yəni, iddiaçı məhkəmə müdafiəsindən iddia müddətini ötürmədən vaxtında istifadə etmişdir.

19. Belə ki, iddia ərizəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2022-ci ildə saat 19:51-də göndərilməsi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 371.1-ci maddəsinin tələbinə görə bu hərəkət həmin gün saat iyirmi dördədək yerinə yetirilə bilər. Cavabdeh hesab edir ki, həmin hərəkət bankın daxilində yerinə yetirilməli hərəkət olduğundan saat onsəkkizədək bu baş verməli idi, əks halda həmin saatdan sonra edilən hərəkət növbəti işi gününə aid olmalıdır.

20. Lakin iddia ərizəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməsi onun mütləq bankın daxilində yerinə yetirilməli olan hərəkətə aid olması demək deyildir. Çünki, bu cür ərizələr bankdan kənarda, iş vaxtından sonra da elektron kabinet vasitəsilə göndərilə bilər. Məsələn, bankın nümayəndəsi və vəkilinin bu cür iddia ərizəsini mütləq bankda, üstəlik saat onsəkkizədək göndərməlidir deyə bir vəzifəsi ola bilməz.

21. Ona görə cavabdehin Mülki Məcəllənin 371.1-ci maddəsini özünə sərf edən qaydada təfsir etməsi anlaşılan olsa da əsaslı deyildir. Çünki, iddia ərizəsinin verilməsi məcburi olaraq bankda həyata keçirilməli hərəkət olmadığından, onun verilmə müddətinin bankda müvafiq əməliyyatların dayandırıldığı saatda başa çatmalı olması da əsassız dəlil sayılır.

22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və kredit müqaviləsinin müddəti 04 avqust 2022-ci ildə bitmişdir. İddiaçı isə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində, saat 19.51-də elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmişdir.

23. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3912/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3912/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar