Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1029/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin tutulması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-3359/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evi Cavabdeh (bundan sonra cavabdeh) istifadə sahibliyindədir. Həmin ev İddiaçı (bundan sonra iddiaçı) tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00010 nömrəli abonent kodu verilmişdir. Ev cavabdehin istifadə və sahibliyinə keçdikdən sonra onunla iddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və abonent kimi məhz cavabdeh qeydiyyata alınmışdır. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4) istifadə edilir. Bundan əvvəl ev X6 istifadə və sahibliyində olmuş və həmin vaxt iddiaçının əməkdaşları tərəfindən bu ev üzrə təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi əsası ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Bu aktlar üzrə qəbul edilmiş eyni tarixli qərarlarla ümumilkdə 2.496,96 manat məbləğində maddi zərər hesablanmış və zərər məbləğinin Elşən Babayevdən tutulması qərara alınmışdır. Qeyd edilən aktlar iddiaçının nümayəndələri tərəfindən imzalanmış, Elşən Babayevin münasibəti ilə bağlı heç bir qeyd aparılmamışdır. Həmin zərər məbləğindən 94,30 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçınə vurulmuş 2.402,66 manat məbləğində zərərin və 44,03 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2.446,69 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il il tarixində “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsi imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Birlik abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0010 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X7”nın tələblərinə əməl etmək) və “X7”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xəttlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X7nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1.062,72 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 894,24 manat; cəmi 2.496,96 manat məbləğində İddiaçınə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 1.062,72 manat zərərdən 94,30 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçınə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümum 2.402,66 manat təşkil etməkdədir
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3359/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 82,82 manat akt üzrə borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X8)
5. Məhkəmə xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar əsasında yazılmış cərimənin tutulması hissəsinə münasibət bildirərək bildirmişdir ki, tərtib edilmiş aktlarda cavabdehin imzası yoxdur, ona məxsus evə üç dəfə baxış keçirilsə də, iştirakı təmin edilməmişdir. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür. Bununla yanaşı, üç dəfə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən üç dəfə ardıcıl olaraq akt tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları tədqiq edib iddia tələbinin tam təmin edilməsi üçün onları yetərli və mötəbər sübut kimi qəbul etməyərək hesab etmişdir ki, iddia qismən yalnız birinci tərtib olunmuş, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə hesablanmalıdır.
6. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, birinci aktda itirilmiş qazın həcminin 8.856 m3 olduğu müəyyyən olunsa da, sərfiyyatın şişirdilmiş olduğu müəyyən edilir. Belə ki, qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil, 30 gün olmaqla, 1.2x12x30= 432 m3 qaz sərfiyyatı, 1.5x12x30=540 m3 və 1.4x12x30=504 qaz sərfiyyatı tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 177.12 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə iddia tələbini 177,12 manat həcmində təmin edir. Eyni zamanda iddia ərizəsinin məzmunundan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə yazılmış borc məbləğindən 94.30 manat ödəniş olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən edilmiş ödəniş xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmalı olan borcdan çıxılmalı, yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (177.12 - 94.30 = 82.82).
7. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 1096-cı, 1097-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 107ci, 119.1-ci, 217.4-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2ci, 13.8-1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X7”nın 6.5-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X7nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Bundan əlavə, cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı İB-yə ərizə ilə müraciət edərək həmin tarixə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2.496,96 manat borc məbləğini qəbul etdiyini bildirmiş və onun hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir Cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyriqanuni istifadə etməklə birliyə böyük məbləğdə ziyan vurmuşdur. İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu, borcun qəbul edilməsinə dair ərizə) cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, birliyin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi yalnız tərtib edilmiş ilk aktı əsaslı hesab etmiş, lakin digər aktlarla bağlı düzgün nəticəyə gəlməmişdir. Birlik tərəfindən kifayət qədər təsdiqedici sübutlar təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuşdur. İş materiallarından da məlum olduğu kimi, birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarından birini tanımış, lakin həmin akt üzrə birliyin mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı birinci instansiya məhkəmə tərəfindən qəbul edildiyi üçün birliyə dəymiş maddi zərərin miqdarınımüəyyən etmək üçün Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X7 ilə tənzimlənir. X7 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X7 ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir; 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.
17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X7”nın: 5.2-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın həmin hissədə də təmin edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən, yəni iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməlidir.
22. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericilyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən qeyd edir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Belə bir müqavilənin şərtlərinə zidd olaraq, istehlakçı, habelə qaz paylayıcısı ilə müqavilə münasibətlərində olmayan hər hansı bir şəxs təbii qazdan sayğacdan kənar, şəbəkəyə qanunsuz xətt vasitəsi ilə qoşulmaqla istifadə etdikdə, bu halları aşkar edən qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bununla belə, hər bir halda, vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsini məhz onun yaranmasına əsas olmuş hərəkətlərə yol vermiş şəxs daşıyır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
24. Hüquqi nəticə etibarı ilə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, hazırda cavabdehin istifadə və sahibliyində olan fərdi yaşayış evi hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Həmin ev üzrə təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi iddiaçının əməkdaşları tərəfindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə aşkar edilmiş və bununla bağlı müvafiq aktlar tərtib edilərək, həmin akt əsasında qəbul edilmiş qərarlar üzrə vurulmuş zərər məbləği hesablanmışdır. Lakin həmin aktlar cavabdeh barəsində deyil, X9 adlı şəxs barəsində tərtib edilmişdir. Belə ki, həmin vaxt ev məhz bu şəxsin sahibliyində olmuşdur. Cavabdehin bu tikintiyə sahiblənməsi bundan sonrakı dövrə aiddir. Bu hal iddiaçı ilə onun arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin xx.xx.2022-ci il tarixdə bağlanması ilə öz təsdiqini tapır.
26. Bununla belə, həmin ev üzrə abonent koduna cərimə hesablanarkən bu əmlak cavabdehin istifadə və sahibliyində olmamış və bu baxımdan onun həmin vaxt iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) ola bilməzdi. Başqa sözlə, həmin vaxt qeyd edilən ev üzrə təbii qazdan istifadə edilməsi ilə bağlı hər hansı hüquqa zidd davranışa yol verilmişdirsə də, bu davranış cavabdehə aid deyil və onun həmin hadisənin baş verməsində nəinki təqsiri, ümumiyyətlə iştirakı olmamışdır. Bu səbəbdən cavabdeh həmin ev üzrə təbii qazın qanunsuz istifadəsi nəticəsində iddiaçıya qarşı hüquq pozuntusuna yol vermiş və nəticədə cavabdehə maddi zərər vurmuş şəxs kimi qəbul edilə bilməz və ondan qeyd edilən aktlar, habelə bu aktlar əsasında qəbul edilmiş qərarlar üzrə hesablanmış cərimə məbləğinin tutulması yol verilməzdir. Qeyd edilənlər öz növbəsində iddianın rədd edilməsini şərtləndirir. Lakin cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmədiyindən məhkəmə kollegiyası qətnamənin həmin hissəsinə qiymət vermir.
27. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 2.496,96 manat məbləğində pulun ödənilməsi barədə üzərinə öhdəlik götürməsi də bu məbləğin ondan tutulması üçün əsas ola bilməz. Belə ki, xx.xx.2022-ci il tarixdə ərizənin yazılması ilə yanaşı, həmçinin tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə də bağlanmışdır. Həmin müqavilədə də belə bir müddəa nəzərdə tutulmamışdır. Qeyd edilən ərizə həmin müqavilənin tərkib hissəsi kimi də qəbul edilə bilməz.
28. Cavabdehin məqsədi və iradəsi müqavilə bağlayıb, əldə edilmiş abonent kodu üzrə qanuni əsaslarla təbii qazdan istifadə etməyə yönəlmişdir. Belə olan halda, qeyd edilən məzmunda ərizənin onun tərəfindən imzalanması və bununla da hüquqi nəticə etibarı ilə onun barəsində tərtib edilməyən və ona hər hansı aidiyyəti olmayan akt və qərar üzrə hesablanmış zərər məbləğinin etiraf etməsi yalnız vacib əhəmiyyətli yanılmanın təsirinin nəticəsi ola bilər ki, bu da həmin ərizənin əhəmiyyətsiz olmasını (ərizənin məzmunu barədə səhv etmişdir) və hər hansı hüquqi nəticə yaratmadığını təsdiq edir. Bu ərizənin məhz həmin vaxt cavabdehə imzalatdırmaqla iddiaçı özünün əlverişli vəziyyətindən və hüquqdan sui-istifadə etmişdir. Qeyd edilənlər öz növbəsində bu ərizədə göstərilən məbləğin cavabdehdən tələb edilməsini istisna edir.
29. Lakin məhkəmə kollegiyasının hazırki mövqeyi iddiada göstərilən aktların və onların əsasında qəbul edilmiş qərarlar üzrə hesablanmış məbləğin məhz X5 tələb edilməsini istisna etmir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iş üzrə iddiaçıya aid edilməlidir.
31. Məhkəmə kollegiyası vurğulayır ki, yoxlanılan hissədə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3359/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın rədd edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iş üzrə İddiaçınə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.