Məhkəmə qərarları › İş №2(103)-103/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-103/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-103/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi ”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1428/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı2 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana dövriyyə vəsaitinin artırılması üçün 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmişdir.

2. NBCBank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzil (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 bank qarşısında ipoteka ilə yüklü etmişdir.

3. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin surətindən görünür ki, ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildiriş müvafiq dövlət qurumunda qeydiyyata alınmışdır və buna görə iddiaçı tərəfindən 40 manat rüsumu və xidmət haqqı ödənilmişdir.

4. 23.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müvafiq kredit müqaviləsi üzrə banka borcu 93 720,60 manat əsas borc, 29 938,52 manat faiz borcu olmaqla, cəmi 123 659,14 manat təşkil edir.

5. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 82 saylı hesabatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzilin (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 bazar qiyməti 290.000 manat, likvid dəyəri isə 270.000 manat təşkil edir.

6. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq, həmçinin təkrar məhkəmə-mühasibatlıq ekspertizası əsasında cavabdehin xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 51.668,84 manat, faiz borcu üzrə 16.505, 32 manat borcu olduğu müəyyən edilmişdir.

7. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzil (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 bazar qiyməti 312.686, manat, likvid dəyəri isə 281.418,0 manat təşkil edir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin Ləğvedicisi İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı2 ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 93 720,60 manat əsas borc, 29 938,52 manat faiz borcu olmaqla, cəmi 123659,14 manat məbləğində borcun, ödənilmiş 413 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutulması, tutmanın cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzilə (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 yönəldilərək ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 100 000 manat məbləğində kredit verilmişdir. Bankla ipoteka qoyan arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 84, mənzil 109 (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 134.2 kv.m olan yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********676 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 123 659,14 manat təşkil edir. Bundan 93720,60 manat əsas, 29 938,52 manat faiz borcu təşkil edir. Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyana bildiriş göndərilmiş və həmin bildirişin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1428/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 93 720,60 manat əsas borc, 29 938,52 manat faiz borcu olmaqla, cəmi 123 659,14 (yüz iyirmi üç min altı yüz əlli doqquz manat 14 qəpik) manat məbləğində borc, 413 (dörd yüz on üç) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsum ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzilə (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 yönəldilməsi və mənzilin ilkin satış qiyməti 270 000 (iki yüz yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyana qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 (bir) ay sonra boşaldılması qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 93 720,60 manat əsas borc, 29 938,52 manat faiz borcu olmaqla, cəmi 123 659,14 manat məbləğində borc, 413 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti banka ödənilməli, ipoteka predmeti satıldıqdan ən geci bir ay ərzində boşaldılmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli e-2(004)-1428/2022 nömrəli qətnaməsinin “əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edilməsi, iş üzrə əmlakın hazırkı likvid dəyərinin yenidən müəyyən edilməsi məqsədi ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış 23 yanvar 2020-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü maddəsində, ipoteka predmetinin bazar dəyəri 200000 manat müəyyən edilmişdir. Bundan əlavə, daşınmaz əmlak bazarında alıcılıq qabiliyyətinin aşağı düşməsini nəzərə alaraq, tərəflərindən daşınmaz əmlakların satışı üzrə internet satış sayıtlarından araşdırılıb, müqayisələndirilib və müəyyən olunub ki, həmin ərazidə anoloji mənzillərin bazar dəyəri məhkəmə tərəfindən müəyyən edilmiş məbləğlərdən aşağıdır.Sözügedən qətnamədə ipoteka predmeti olmuş əmlakın ilkin satış qiymətinin real dəyərini əks etdirmədiyi üçün icra edilməsi əsassız yerə ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi İddiaçı1 tərəfindən əmlakın Bankın mülkiyyətinə götürüldüyü təqdirdə iş üzrə cavabdehə əsassız fərq ödəməsinə gətirib çıxaran amildir. Bu isə Bankın kreditorları qarşısındakı öhdəliklərinin çox gec icra edilməsinə və kreditor hüquqlarının pozulmasına zəmin yaradır. Məhkəmə iclasında nümayəndə tərəfindən ekspert rəyinə etiraz edilmiş, hüquqi əsaslarla ekspert rəyinin əsassız olduğu bildirilmiş və iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət qaldırılmışdır. Lakin sədrlik edən tərəfindən vəsatət təmin edilməmişdir.

14. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli e-2(004)-1428/2022 nömrəli qətnaməsinin borcun məbləği hissədə qısmən ləğv olunması, iş üzrə araşdırma apararaq, yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, iddiaçıya olan kredit borcu 60000 (altmış min) manat məbləğində təşkil edir. Buna dair sübut: Azərbaycan Kredit Bürosu MMC-dən verilmiş SF-5017 nömrəli çıxarış da təsdiq edir. Məhz həmin çıxarışdada qeyd olunubdur ki, onun həmin kredit üzrə borcu 60000 (altmış min) manat məbləğində təşkil edir. Qeyd etmək istəyir ki, Azərbaycan kredit bürosu MMC-dən SF-5017 nömrəli çıxarış tərəfindən 25 fevral 2022-ci il tarixdə əldə olunmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, tərəfindən kredit xətti müqaviləsi bağlanmış və həmin kredit xəttimüqaviləsinə əsasən ona hissə-hissə 60.000 manat məbləğində pul vəsaiti verilmişdir. Əgər tərəfindən 100000 manat məbləğində pul vəsaiti götürülübsə, o halda iddiaçı imzası ilə təstiqlənən pulu götürülməyinə dair kassa məxaric orderi məhkəməyə təqdim etsin. Həmin 60.000 manat pul məbləğindən də tərəfindən "xxxx" ASC-yə 12.000,0 manat məbləğində ödəniş həyata keçirilmişdir.

c) Apellyasiya şikayətinə yazılı etiraz

16. Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə istinad edərək, özlərinin apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh özünün apellyasiya şikayətinin təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, təkrar ekspertiza keçirilməsinə etiraz etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

23. Qətnamədən iddiaçı apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qətnamənin ləğv edilməsini, cavabdeh isə borcun məbləği hissədə qısmən ləğv olunmasını mübahisələndirdiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə qismən razılaşaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi borca görə tutulmuş pul məbləği hissədə dəyişdirilməlidir.

26. Belə ki, müəyyən olunduğu kimi iş üzrə İddiaçı2 ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 60. 000 manat məbləğində kredit verilmişdir. Bankla ipoteka qoyan arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 84, mənzil 109 (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 134.2 kv.m olan yaşayış sahəsi ipotekaya qoyulmuşdur.

27. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********676 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.

28. İddiaçı iddia edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 123 659,14 manat təşkil edir. Bundan 93720,60 manat əsas, 29 938,52 manat faiz borcu təşkil edir.

29. Cavabdeh isə kredit üzrə borc olaraq götürdüyü 60.000 manat pul məbləğindən "xxxx" ASC-yə 12.000,0 manat məbləğində ödəniş həyata keçirdiyini bildirir.

30. Cavabdehin apellyasiya şikayətində qeyd olunduğu kimi, cavabdehin bankdan 100.000,0 manat deyil 60.000,0 manat kredit götürdüyü iş materialları ilə təsdiqini tapır.Belə ki, iş materiallarının 2-ci cildinin 26-cı səhifəsində öz əksini tapmış xx.xx.2023-cü il tarixli ödəniş qrafikindən göründüyü kimi, iddiaçı yenidən 100.000,0 manat pul vəsaitinə uyğun qrafik tərtib etmiş, lakin həmin ödəniş qrafikində olan imza yetərli tərəflərin imzaları ilə imzalanmamış, boş saxlanılmışdır.Eyni zamanda bu Azərbaycan Kredit Bürosu MMC-dən verilmiş SF-5017 nömrəli çıxarışla da təsdiq olunur.(İş materiallarının 2-ci cildinin 26-cı səhifəsində.)

31. Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyana bildiriş göndərilmiş və həmin bildirişin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.

32. Cavabdehin apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq, həmçinin təkrar məhkəmə-mühasibatlıq ekspertizası əsasında cavabdehin xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 51.668,84 manat, faiz borcu üzrə 16.505, 32 manat borcu olduğu müəyyən edilmişdir.

33. İddiaçının apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzil (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 bazar qiyməti 312.686, manat, likvid dəyəri isə 281.418,0 manat təşkil edir.

34. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin həm məhkəmə-əmtəəşünaslıq, həm də məhkəməəmtəəşünaslıq ekspertizası rəyləri ilə razılaşmamağa əsaslar görmür.

35. Belə ki, apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq, həmçinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri eyni olmuşdur.

36. Həmçinin, apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında ipoteka predmetinin bazar qiyməti 312.686, manat, likvid dəyəri isə 281.418,0 manat təşkil etdiyi, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 82 saylı hesabatdan isə həmin ipoteka predmetinin bazar qiyməti 290.000 manat, likvid dəyəri isə 270.000 manat təşkil edir.

37. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası iddiaçının nümayəndəsinin təkrar ekspertiza barədə vəsatətini təmin etməmişdir.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli e-2(004)-1428/2022 nömrəli qətnaməsi borca görə tutulmuş pul məbləği hissədə dəyişdirilməlidir.

40. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 384.0.3.-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Cavabdehin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1428/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən-borcun məbləği hissəsində dəyişdirilsin. Cavabdehdən xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 51.668,84 manat əsas borc, 16.505, 32 manat faiz borcu olmaqla, cəmi 68.174,16 (altmış səkkiz min bir yüz yetmiş dörd manat on altı qəpik) manat məbləğində borc iddiaçının xeyrinə tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. İş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 250 (iki yüz əlli) manat, iddiaçıdan və cavabdehdən müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar