Məhkəmə qərarları › İş №2(103)-1030/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1030/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1030/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3666/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X8 doğulmuşdur. Uşaqlardan xx.xx.2005-ci il təvəllüdlü X7 artıq yetkinlik yaşına çatmışdır.

2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 1120/2020 nömrəli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-12559/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilmiş, cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 140 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1120/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iki azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment miqdarının artırılması və hər ay hər uşağa 220 manat sabit pul məbləğində aliment müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1120/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 140 manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçının xeyrinə ödənilməsi qərara alınmışdır. Nikahı pozulduqdan sonra uşaqlar iddiaçının himayəsində qalmış və təlim-tərbiyyəsi ilə iddiaçı məşğul olur. Qızı Aytac yetkinlik yaşına çatmış və orta ixtisas təhsilinə yiyələnmişdir. Oğlu Səxavət isə peşə məktəbinə qəbul olmuş və təhsilini orada davam etdirəcək, kiçik oğlu Yusif isə orta məktəbdə təhsil alır. Uşaqları ilə birlikdə bir otaqlı evdə kirayədə yaşayır. Özü Bakı şəhərində dükanların birində satıcı işləyir, aylıq əmək haqqı 300 manat təşkil edir. Aldığı məvacib uşaqların nə dolanışığını, nə də ki kirayə haqqını ödəmir. Qızı yetkinlik yaşına çatdığında atası tərəfindən aliment ödənişi dayandırılmış və iki uşaq üçün ödədiyi 280 manat aliment pulu uşaqların ehtiyaclarını qarşılamır.

5. Birinci instansiya məhkəməsinin iclasında dindirilən cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəyə bilməz. İki uşağının saxlanılması üçün yalnız hər ay ümumilikdə 300 manat məbləğində aliment ödəyə bilər. Özü rəsmi heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Himayəsində iki xəstə valideyni yaşayır. 2017-ci ildən bu günə kimi o, uşaqlarını görmür.

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 3666/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1120/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3666/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh ödənilməmiş 72,8 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

8. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 112.1-ci maddələrinə, Mülki Poressual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 13, 19-cu maddələrinə, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3, 27-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.13, 8.14-cü bəndlərinə, “Azərbaycan respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.1.2, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqların atası olaraq cavabdeh tərəfindən aliment ödənişi 280 manat olaraq ödənilir. Cavabdeh birinci instansiya məhkəməsində alimentin artırılmasına etiraz etmişdir. Hazırda ailə və maddi vəziyyəti çox ağırdır. Məhkəməyə əlavə sənədlərin təqdim edilməsinə dair vaxt verilməsini xahiş etməsinə baxmayaraq yekun məhkəmə aktı kimi qətnamə çıxarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin verdiyi 3-17-7/2-S-44700/2023 saylı, 22 noyabr 2023 tarixli Arayışdan görünür ki, faktiki olaraq işsizdir. Arada sırada iş olan hallarda fəhlə kimi fərdi əməklə məşğul olur. Apellyasiya şikayətinə əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Suraxanı Rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 018246 saylı Vəsiqənin surətindən göründüyü kimi anası X10 ikinci qrup ömürlük əlildir. X1 ürəyinə stend qoyulmuş bir ürək xəstəsidir. Valideynlərinin dərman və müalicə xərclərini də məcbur o ödəyir. Özü əlli yaşın içindədir, yaşına görə də zəif iş qabiliyyətlidir. Bildirdiyi kimi, həm valideynlərinə, həm ailənin gündəlik dolanışığına çıxan xərcləri güclə çatdırır. Eyni zamanda İddiaçı özünün də bildirdiyi kimi işsiz deyildir. Sadəcə dükanların birində satıcı işlədiyini və aylıq 300 manat əmək haqqı aldığını qeyd edir. İddiaçı məhkəməni yanıltmağa çalışmış və buna nail olmuşdur. Ən azından nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında 2023-ci il üçün minimum əmək haqqı 345 AZN müəyyən edilmişdir. Heç bir dövlət və qeyri-dövlət orqanı işçiyə qanunla müəyyən edilmiş minimum əmək haqqından aşağı məvacib verə bilməz. İddiaçı ən azından məhkəməyə düzgün olmayan izahat vermişdir. Məhkəmə ona özünü müdafiə etmək üçün şərait yaratmamış, hazırkı şikayətə əlavə etdiyi sənədləri təqdim etmək üçün vaxt istəməyinə baxmayaraq yekun akt çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, iki uşağa görə hər ay 350 manat aliment ödəyə bilər. Hazırda maddi vəziyyəti ağırdır.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı: Bənd 8.12. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırki işdə iddia təmin olundugundan və apellyasiya şilkayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

26. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci qətnaməsinin qəbul edilməsindən artıq dörd ilə yaxın müddət keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.

27. Cavabdeh kollegiyanın iclasında uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər ay hər uşağa görə 175 manat məbləğində müəyyən edilməsi ilə razı olduğunu bildirsə də, kollegiya bu məbləği uşaqların maddi cəhətdən minimal ehtiyaclarının ödənilməsi baxımından kifayət hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar onu uşaqların saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərcləri məbləğində aliment ödəmək vəzifəsindən azad etmir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

30. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 3666/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar