Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10322/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(011)-5283/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qızından 25.000 (iyirmi beş min) ABŞ dollarının alınıb, mərhum qardaşı X3 qanuni vərəsəsi kimi ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum qardaşı X1, yəni 2019-cu ilin yanvar ayında Səfərin yaxın dostları X4, Nümayəndə və X2 iştirakı ilə Cavabdeh onun yaşadığı ünvanda üç ay müddətinə qaytarmaq şərti ilə 25.000 ABŞ dolları borc vermişdir. Cavabdeh həmin 25.000 ABŞ dolları pulu Bakı şəhəri, Səbail rayonu, Tarqovı küçəsi ərazisində yerləşən “X6” restoranını icarəyə götürüb işlətmək üçün almışdır. Cavabdeh əvvəlcə iddiaçının mərhum qardaşı Səfərə restoranı şərikli işlətməyi təklif etmişdir. Lakin Səfər cavabdehə etiraz etmiş və şərik olmaq istəmədiyini bildirmişdir. İddiaçının mərhum qardaşı X5 cavabdeh ilə 1965-ci ildən 1975-ci ilə qədər Mərdəkan qəsəbəsində qonşuluqda yaşadıqlarından, sonradan da Xətai rayonu ərazisində yaşadıqlarından cavabdehin təklifi ilə razılaşmış və ona inandığı üçün 25.000 ABŞ dollarını 3 ay müddətində qaytarmaq şərti ilə ona borc kimi vermişdir. İddiaçının qardaşı X5 30 sentyabr 2019-cu ildə qəfildən vəfat etdiyi üçün cavabdeh ona olan inam və etibarından sui-istifadə edərək, borc aldığı 25.000 dolları nə iddiaçının mərhum qardaşına, nə də qanuni vərəsəsi olan iddiaçıya qaytarmamışdır. İddiaçının mərhum qardaşı Səfər Məmmədov cavabdehin ondan aldığı 25.000 ABŞ dollarını geri qaytarmadığını yaxın dostları Elçinə və Telmana söyləmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(011)-5283/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qərəzli yanaşmış, sübutlara birtərəfli qiymət verərək maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, hakim iddiaçı tərəfin şahidlərinin ifadələrini həddən artıq qısaltmış və təhrif etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən işin o hallarına əsaslanmışdır ki, iddiaçı onun mərhum qardaşı tərəfindən cavabdehə 25.000 ABŞ dolları şahidlərin borc verildiyini məhkəmə iclasında sübuta yetirə bilməmiş, iddiaçının istinad etdiyi şahid ifadələri isə həmin borcun həqiqətən verilməsini sübut etmək üçün kifayət olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, qeyd edilən məbləğdə borcun verilməsi mülki qanunvericiliyin tələblərinə əsasən yalnız yazılı qaydada rəsmiləşdirilməli olsa da, iddiaçının istinad etdiyi halda bu baş verməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cavabdehin izahatını dinləyərək birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı özü cavabdehə şəxsən tanımamış, mərhum qardaşı Səfər Məmmədovun qanun üzrə vərəsəsi olmaqla hazırkı iddianı irəli sürmüş, iddiasını təsdiq edən faktiki əsas kimi şahid ifadələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən şahidlərin ifadələrini dinləmiş, onların arasında ziddiyyətin olması qənaətinə gələrək həmin sübutları mötəbər hesab etməmişdir. İddiaçı məhkəmənin həmin yanaşması ilə razılaşmayaraq, şahidlərin ifadələrinin təhrif edildiyini və qısaldıldığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının bu dəlilləri ilə razılaşmır və qeyd edir ki, şahidlərin ifadələri məhkəmə iclas protokollarında əks olunmuş və işə baxan məhkəmə ifadələrə həmin şəkildə qiymət vermişdir. İddiaçı tərəfindən şahid ifadələrinin düzgün qeyd edilməməsi əsası ilə məhkəmə iclas protokollarına qeyd verilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun mərhum qardaşının cavabdehə borc verdiyini bildirmiş, hətta cavabdehin onun mərhum qardaşına şərikli biznes fəaliyyəti ilə məşğul olmağı təklif etdiyini, qardaşının isə buna razı olmadığını və pulu borc şəkilndə verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə istinad etməklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum qardaşı tərəfindən cavabdehə borc pul verilməsini təsdiq edən yazılı müqavilə mövcud olmadığından, onlar arasında 25.000 ABŞ dolları məbləğində pulla bağlı borc münasibətləri də yaranmamışdır. Kollegiya həmçinin qeyd edir ki, bu məbləğin iddiaçının mərhum qardaşı tərəfindən cavabdehə verildiyi təsdiqini tapsa belə, tərəflər arasında yazılı borc müqaviləsi olmadığından və borc münasibətləri yaranmadığından, həmin məbləğin geri tələb edilməsinin qanuni əsası kimi əsassız varlanma ilə bağlı mülki hüquq münasibətlərini tənzimləyən qanunun müddəaları çıxış edir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı cavabdehə 25.000 ABŞ dollarının 2019-cu ilin yanvar ayında verildiyini bildirir, hazırkı iddianı isə 2021-ci ilin iyun ayında, yəni pulun verildiyini iddia etdiyi vaxtdan 2 il 6 ay sonra irəli sürmüşdür. Göründüyü kimi, qeyd edilən əsasla da həmin pulun cavabdehdən tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, həmin dəlillər araşdırma zamanı öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(011)-5283/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10322/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10322/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver