Məhkəmə qərarları › İş №2(103)-10326/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10326/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10326/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Bəhlul İsgəndərovun iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının cavabdehdən satın aldığı 2 mənzilin nəzərdə tutulduğundan az verilmiş sahəsinə (çatışmayan sahəyə) görə iddiaçının cavabdehə ödədiyi pul cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Həmin mənzillər bunlardır: 1) Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, bina № 44 “C”-də yerləşən 120 №-li mənzil 2) həmin binada yerləşən 119 №-li mənzil. İddiaçı iddia edir ki, çatışmayan sahə 1-ci mənzilə münasibətdə 2,76 kv.m, 2-ci mənzilə münasibətdə 2,63 kv.m, cəmi 5,39 kv.m təşkil edir. İddiaçı çatışmayan hər kv.m sahəyə görə 1.500 manat, cəmi 8.085 manat (5,39 x 1.500 manat = 8.085 manat) tələb edir. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Bəhlul İsgəndərov isə apellyasiya şikayətinin əssassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı həmin mənzilləri 27.07.2004-cü il tarixli müqaviləyə (iş v. 7) əsasən cavabdehdən əldə edib. Bu müqavilə mahiyyətcə podrat müqaviləsidir. Mülki Məcəllənin 776.1-ci maddəsinə görə podrat müqaviləsi üzrə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən 1 il ərzində, binaya aid tələbi isə 5 il ərzində irəli sürə bilər. Mənzillərin iddiaçı tərəfindən qəbul edildiyi tarixdən 5 il keçib. Belə ki, 12.01.2007-ci il tarixli maliyyə arayışına (iş v. 8) görə mənzillərin dəyəri tam ödənilib. Mənzillərin təhvil verilmə tarixi barədə başqa sübut olmdığına görə hesab olunur ki, mənzillər ən azı 12.07.2007-ci ildə iddiaçıya təhvil verilib. Bu hesabla hazırkı iddianın irəli sürülüməsi üçün 5 il keçib, belə ki, iddia ərizəsi 26.01.2021-ci ildə verilib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə (iş v. 75) verib. Ona görə də məhkəmə Mülki Məcəllənin 375-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli qətnaməsi dəyişdirimədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar