Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1034/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi X1 və Cavabdeh4 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1760/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 16928,2 manat məbləğində kredit borcu, 8161,48 manat məbləğində faiz borcu və 12775,16 manat məbləğində cərimə olmaqla, cəmi 37864,84 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)- 1760/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı QSC-nin xeyrinə, Cavabdeh3 16928,2 manat məbləğində əsas borc, 4604,3 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə olmaqla, cəmi 22532,5 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 22562,5 manat məbləğində pul vəsaitinin tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və dəbbə puluna aid hissədə ləğv edilməsi və həmin hissələrdə iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, kredit razılaşmasına dəyişikliklər edilməsinə dair bağlanmış sazişlər barədə zaminlərin kifayət qədər məlumatı olmuşdur. Bundan başqa kredit razılaşmasına dəyişikliklər edilsə də, bu zaminlərin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Çünki bu zaman kredit xətti müqaviləsinə əsasən zaminlərin götürdüyü öhdəliklər üzrə maksimum müddət (120 ay) və məbləğ (50000 ABŞ dolları) aşılmamışdır. Bundan başqa məhkəmə əsassız olaraq cərimə məbləğini tənasübsüz qaydada 1000 manat məbləğinə qədər azaltmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh4 apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və dəbbə puluna aid hissədə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx xxxx 2009-cu il tarixli 09L000000436 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 arasında ayrı-ayrılıqda müvafiq olaraq xx xxxx 2009-cu il, xx xxxxxx 2012-ci il və xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 borclu Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC ilə Cavabdeh3 arasında xx xxxxxx 2015-ci il tarixli 014R********** saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 24 ay müddətinə, aylıq 1,875 % olmaqla, 20000 manat məbləğində kredit verilmişdir. Kredit razılaşması bağlanılan zaman zaminlərin razılığı alınmışdır. Həmin tərəflər arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 014R**********S saylı, xx xxxx 2016-cı il tarixli 014R**********SA saylı və xx xxxxxxxx 2016-cı il tarixli 014R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə 16928,2 manat əsas kredit borcu, 8161,48 manat faiz borcu, 12775,16 manat dəbbə pulu, cəmi 37864,84 manat borcun əsas borclu Cavabdeh3 ilə yanaşı zaminlərdən də müştərək qaydada tutulması tələbini irəli sürmüşdür. Cavabdeh4 ona aid hissədə iddiaya etiraz edir və bildirir ki, kredit razılaşmasına və ödəniş planına 3 dəfə dəyişiklik edilmiş, lakin zamin kimi ona hər hansı bir məlumat verilməmiş və onun razılığı alınmamışdır. Belə olan halda zamin kimi onun məsuliyyəti aradan qalxmış hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, zaminlərə aid hissədə iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Hazırkı işdə də qeyd olunan hallar mövcuddur. Belə ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx xxxxxx 2015-ci il tarixli 014R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair xx xxxxx 2016-cı il tarixli 014R**********S saylı, xx xxxx 2016-cı il tarixli 014R**********SA saylı və xx xxxxxxxx 2016-cı il tarixli 014R**********SB saylı sazişlər bağlanılan vaxt zaminlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 razılığı alınmamışdır. Eyni zamanda iddiaçı ilə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, xx xxxx 2016-cı il tarixli və xx xxxxxxxx 2016-cı il tarixli sazişlərin bağlanması ilə kreditin qaytarılması müddəti 1 ay uzadılmış və ümumi faiz məbləği artmışdır. Belə ki, ilkin kredit razılaşması bağlanılan zaman ümumi ödənilməli olan faiz məbləği 5107,81 manat təşkil etmişdir. İş materiallarında olan hesabdan çıxarışa əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 tərəfindən kredit razılaşmasına dəyişiklik edilməsi barədə ilkin saziş bağlanılan tarixə, yəni xx xxxxx 2016-cı il tarixədək ümumilikdə 1438,05 manat faiz borcu ödənilmişdir. Bundan sonra kredit razılaşmasına 3 dəfə dəyişiklik edilmiş və ən son bağlanılan xx xxxxxxxx 2016-cı il tarixli sazişə əsasən faiz məbləği 4136,34 manat müəyyən edilmişdir. Göründüyü kimi ilk dəfə cəmi faiz məbləği 5107,81 manat müəyyən edilmiş, dəyişikliklərdən sonra isə həmin faiz məbləği artmış, yəni ödənilmiş və ödənilməli olan faiz məbləği ümumilikdə 5574,39 manat (1438,05 + 4136,34 = 5574,39) təşkil etmişdir. Bu hal isə zaminlərin məsuliyyətinin artmasına səbəb olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə görə zaminliyə xitam verildiyindən Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı irəli sürülmüş tələblər rədd olunmalıdır. Həmçinin kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 12775,16 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləği azaldaraq, 1000 manat məbləğində müəyyənləşdirilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilən hallara görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1760/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 və dəbbə puluna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-1034/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1034/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver