Məhkəmə qərarları › İş №2(103)-1034/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1034/2024

07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1034/2024 07.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı “X5” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5568/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı “X5” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “X5” ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 99,93 manat məbləğində əsas, 32,04 manat məbləğində faiz, 5,80 manat məbləğində cərimə olmaqla, cəmi 137,77 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5568/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçı “X5” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı “X5” ASC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini, əks təqdirdə şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-5568/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyat qaydalarının pozulmasına görə geri qaytarılsa da, prosessual qanunvericiliyin tələblərinə görə onlara hansı məhkəməyə müraciət etməli olduqları izah edilməmişdir. Qərardadda cavabdehin yaşayış yerinin olmaması və əmlakının olması barədə sübutların əlavə edilmədiyi formal olaraq qeyd edilmişdir. Bu isə Bankın subyektiv hüquqlarının və qanunla qorunan mənafelərinin məhkəmə müdafəsində olan təminatını məhdudlaşdırır, mübahisənin hansı formada həll olunmasını sual altında qoyur. Beləliklə, Bank pozulmuş hüquqlarının məhkəmə təminatını itirmiş olur. Bundan əlavə, iddia ərizəsindən və iş materiallarından da (kredit müqaviləsi, pretenziya bildirişindəki ünvan) görünür ki, cavabdehin Banka məlum olan sonuncu yaşayış yeri ünvan 1 ünvanı olmuşdur. Başqa sözlə, dövlətin verdiyi rəsmi sənədlərə görə cavabdehin son yaşayış yeri kimi ünvan 1 göstərildiyi halda, birinci instansiya məhkəməsi nədənsə bu faktı qəbul etmək istəmir. Buna görə də iddia ərizəsi MPM-in 36.1-ci maddəsinə əsasən ərazi aidiyyatı üzrə düzgün verilmiş və iddiaçı tərəfindən aidiyyat qaydaları pozulmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5568/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5568/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsində cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin qəsəbəsi, 42 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hazırda onun qeydiyyat və yaşayış ünvan barədə hər hansı məlumat mövcud deyil. Lakin iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə istinad edərək, cavabdehin sonuncu yaşayış yeri kimi məhz müqavilədə göstərilən ünvanı götürmüş və bu səbəbdən ona qarşı iddia ərizəsini məhz Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə vermişdir. Halbuki, bu ünvanda Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin inzibati binası yerləşir. Bu baxımdan cavabdehin həmin ünvanda (inzibati binada) yaşaması qeyri-mümkündür. Xüsusilə nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hüquqi nəticə etibarı ilə iddiaçı iddia ərizəsini cavabdehin axırıncı yaşayış yerinə görə deyil, axırıncı rəsmi qeydə alındığı yerin məhkəməsinə vermişdir. Cavabdehin sonuncu yaşayış yeri barədə hər hansı məlumatın təqdim edilməməsi də nəzərə alınmaqla, qeyd edilənlər öz növbəsində Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinin tətbiqini istisna edir. Mövcud vəziyyətdə iddianın icraata qəbul edilməsi cavabdehin yaşamadığı (inzibati binaya) ünvana bildirişin göndərilməsi zərurətini yaratmış olacaqdır ki, bu da onun iddia və ona əlavə edilmiş sənədlər barədə məlumatsız olması və “hüquq və azadlıqların məhkəmə təminatı” kimi konstitusion hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Qeyd edilənlər hazırki iddianın geri qaytarılmasını şərtləndirir və həmin iddianın yalnız cavabdehin məlum olan axırıncı yaşayış yerini müəyyən etdikdən sonra bu barədə sübutlar təqdim etməklə eyni icraatda yenidən qaldırılmasını mümkün edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı “X5” ASC-nin iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən iddiaçı “X5” ASC-nin şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5568/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı “X5” ASC-yə cavabdehin məlum olan axırıncı yaşayış yerini müəyyən etdikdən sonra bu barədə sübutlar təqdim etməklə və ərazi aidiyyəti qaydalarına riayət etməklə yenidən kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X5” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5568/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı “X5” ASC-yə cavabdehin məlum olan axırıncı yaşayış yerini müəyyən etdikdən sonra bu barədə sübutlar təqdim etməklə və ərazi aidiyyəti qaydalarına riayət etməklə yenidən kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar