Məhkəmə qərarları › İş №2(103)-10345/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10345/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10345/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus su çənlərinin onun öz vəsaiti hesabına çıxarılması, 11 il ərzində həmin su çənlərindən suyun axıdılması nəticəsində onun evini və həyətini yararasız hala salındığı üçün ona dəymiş zərərə görə 7.000 (yeddi min) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində torpaq sahəsi alaraq ev tikmiş və həmin vaxtdan istifadəsində və qeydiyyatda olduğu ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, yaşadığı evə aid torpaq sahəsini qonşusu hazırki iş üzrə cavabdeh olan Cavabdeh aldığı üçün ona məxsus su çənləri onun evinin yaxın məsafəsində yerləşir. Həmin su çənlərinin istismar müddəti başa çatmış, baxımsızlıq nəticəsində evinə və həyətinə su axmış, hazırda da su axaraq ziyan vurmaqda davam edir. Cavabdehə dəfələrlə bildirilsə də, heç bir nəticə verməmiş və nəticədə evinə zərər dəymişdir. Hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus su çənləri onun öz vəsaiti hesabına çıxarılmalı və 11 il ərzində həmin su çənlərindən suyun axıdılması nəticəsində evi və həyəti yararasız hala salındığı üçün ona dəymiş zərərə görə 7.000 manat məbləğində pul ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi və s. tələbinə dair” iddiasının rədd edilməsi, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi qanunsuz və əsassız olmaqla yanaşı, hər hansı bir araşdırma aparılmadığından və ümumi sözlərlə əsaslandırılmağa çalışıldığından ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. Yaşadığı ünvan 2 ünvanda qeydiyyatdadır və uzun müddətdir ki, ailəsi ilə bilrlikdə yaşamaqla həmin evin qanuni əsaslarla istifadəçisidir. Həmin evə dair işıqdan, qazdan və sudan istifadə etdiyinə görə aidiyyəti orqanlar onunla müqavilələr bağlamış və kommunal xərclər ödəyir. Torpağa gəldikdə isə Bakı şəhəri Səbail Bələdiyyəsinə torpaq vergisi ödəyir. Birinci instansiyası məhkəməsi iddia tələbində göstərilən xüsusatların araşdırılması üçün hər hansı bir cəhd göstərməmiş, iddia tələbini təmin etməmişdir. Halbuki, qeyd edilən xüsusatlar iş üzrə mühüm əhəmiyyətə malik olmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının özbaşına tikili statusuna malik olan fərdi yaşayış evi və onun üzərində yerləşdiyi torpaq sahəsinə hər hansı hüquq əldə etməməsi ilə yanaşı, mübahisəli çənlərin Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşməsi də öz təsdiqini tapmadığından, iddiaçının “Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus su çənlərinin onun öz vəsaiti hesabına çıxarılması” ilə bağlı tələb irəli sürmək üçün hazırda subyektiv hüququ da yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, X3, X1 və X2 tərəfindən imzalanmış 02.10.2020-ci il tarixli aktdan görünür ki, imza edən qonşular qonşuluqda yaşayan Cavabdeh məxsus su çənlərinin Ə.Nəzmi küçəsi ev ö/t 2B-də qeydiyyatda olan və həmin evdə ailə üzvləri ilə birlikdə yaşayan İddiaçı evinə yaxın məsafədə yerləşir. Həmin su çənlərinin istismar müddəti başa çatmışdır. Baxımsızlıq nəticəsində həmin çənlərdən İddiaçı evinə, həyətinə su axaraq ziyan vurmaqda dəvam edir. Dəfələrlə deyilsə də, heç bir nəticə verməmiş, hətta təhqir etmişdir. Bu su axınından olan ziyan ailədə uşaqların xəstələnməsinə səbəb olur.(İ.vər. 4) İş materiallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-899/2018 saylı, 04 iyul 2018-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Departamenti tərəfindən Cavabdeh barəsində qəbul edilmiş 25 may 2018-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.(İ.vər. 20 - 23) İş materiallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 saylı, 16.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.(İ.vər. 24 - 26) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/610 nömrəli, 11 iyun 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilən zamanı suyun sızma və ya axıdılması halı müşahidə olunmamış, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilən zamanı yaşayış evində və yaşayış evinin, həyətyanı torpaq sahəsinə su sızma nəticəsində ziyanın dəymədiyi və konstruktiv elementləri üzərində qüsurların olmadığı müəyyən edilmiş, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 3A saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən (foto şəkillərdə əks olunan) çənlər Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə 2,25 metr ara məsafəsində yerləşdiyi müəyyən edilir. Həyətyanı sahələrin sərhədləri müəyyən edilmədiyindən həmin çənlərin 2B saylı evin həyətyanı sahələrindən nə qədər məsafədə yerləşməsini müəyyən etmək mümkün olmamış, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində su sızmaya aid qüsurların olmadığı müəyyən edilmişdir.(İ.vər. 84 - 85) Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllnin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3250/2019 saylı, 16.12.2019-cu il tarixli qətnaməsi iləİddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Belə ki, iddiaçı iddia edir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında cavabdehə məxsus su çənlərindən suyun axıdılması nəticəsində ona məxsus ev və həyət yararasız hala salınmış, bununla bağlı, dəfələrlə tərəfindən cavabdehə müraciət edilmiş, lakin müraciətlərinə heç bir məhəl qoymamışdır, cavabdehin bu hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən də görünür ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi 02.10.2020-ci il tarixli aktı imzalayan şəxslərdən X2 və X3 məhkəmədə şahid qismində dindirilən zaman hər iki tərəfi tanıdıqlarını, lakin çənlərdən su axıdılma ilə bağlı aktı imzalamadıqlarını göstərmişlər. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin aktı mötəbər sübut kimi qəbul etməməsi barədə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus su çənlərinin onun öz vəsaiti hesabına çıxarılmasını xahiş etsə də, mübahisəli çənlərin Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən fərdi yaşayış evində (və ya onun həyət yanı sahəsində) yerləşməsi təsdiq edilməmiş, eləcə də Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 2B ünvanında yerləşən ev hüquqi statusuna görə özbaşına tikili olmaqla, həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı bir hüquq müəyyən edici sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. Göründüyü kimi İddiaçı apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərək şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar