Məhkəmə qərarları › İş №2(103)-1035/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1035/2020

10.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1035/2020 10.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəbrayılov Orxan Akif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının və Cavabdeh2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, keçmiş kürəkəni olan Cavabdeh2 və keçmiş qudası olan Cavabdeh1 tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 50.000 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı Xumar Həsənova Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan onların Ruvayda adlı bir övladları var. Nikahdan uşağın olmasına baxmayaraq onların münasibətləri pozulmuş və xx.xx.2018-ci il tarixdə məhkəmə qaydasına nikaha xitam verilmişdir. Nikahın pozulmasına baxmış məhkəmə azyaşlı uşağı Xumarın yanında saxlamışdır. Bundan sonra uşaq ilə bağlı cavabdehlər tərəfindən iddiaçıya və Xumara qarşı təzyiqlər güclənmiş və cavabdehlər iddiaçının şərəf və ləyaqətinin alçaltmağa başlamışlar. Belə ki, Cavabdeh2 həftənin son günləri iddiaçının işlədiyi Bakı Dəmiryol Xəstəxanasına gələrək iddiaçının xidməti otağında xəstələrin və digər şəxslərin yanında iddiaçını təhqir etmiş, iddiaçıya hücum edərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Cavabdeh2 bu hərəkətləri iddiaçıya davamlı olaraq qorxu və gərginlik dolu anlar yaşatmışdır. İş üzrə digər Cavabdeh1 da davamlı olaraq iddiaçı haqqında telefon vasitəsilə təhqiramiz ifadələr işlədərək iddiaçının şərəf və ləyaqətini alçaltmışdır. Cavabdehlərin bu kimi hərəkətləri səbəbindən iddiaçı stress keçirmiş, ona mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehlərdən onun xeyrinə 50.000 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə əsaslı olan iddianı təmin etməmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlilərini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə digər Cavabdeh1 apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən görünür ki, iddiaçının övladı Xumar Həsənova Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan onların bir övladları var. Nikahdan uşağın olmasına baxmayaraq onların münasibətləri pozulmuşdur. Nikahın pozulması barədə işə baxmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(008)-4142/2018) ilə nikahın pozulmasını və azyaşlı uşağın anasının yanında saxlanılmasını qət etmişdir. Hazırda iddiaçı bildirir ki, Cavabdeh2 və X.Həsənovanın arasında bağanmış nikah pozulduqan sonra, onların birgə övladı (iddiaçının nəvəsi) ilə bağlı cavabdehlər iddiaçıya təzyiqlər etməyə başlamış, onun şərəf və ləyaqətini alçaltmış, Cavabdeh2 isə hətta iddiaçının işlədiyi Bakı Dəmiryolu Xəstəxanasındakı xidməti otağında iddiaçıya xəsarət yetirmişdir. İddiaçının təşəbbüsü ilə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə o, iddiaçının işlədiyi xəstəxanaya müayinə olunması üçün gəlmiş, iddiaçı xidməti otağında olmamışdır. O, iddiaçıya zəng vurmuş, iddiaçı da ona 30 dəqiqə sonra otağa gələcəyini bildirmişdir. O, çıxıb getmiş, 30 dəqiqə sonra yenidən iddiaçının otağına gələndə, tanımadığı cavan bir oğlanın iddiaçını qolunu buraraq qışqırdığını, əli ilə şüşələrə vuraraq şüşələri qırdığını görmüşdür. O, bu hadisədən qorxaraq gedib başqa həkimləri köməyə çağırmışdır. İddiaçının təşəbbüsü ilə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşının arvadıdır. Cavabdeh1 mütəmadi olaraq iddiaçının qızı Xumarı söyüb təhqir edirdi. Sonda Xumar dözməyərək ərindən ayrıldı. Bundan sonra Cavabdeh1 dəfələrlə ona zəng edib bütün nəsillərini söyürdü, həmçinin keçmiş gəlini Xumarın geyimlərinə irad tutaraq, Xumara “durna” deyirdi. X3 Polis İdarəsi tərəfindən xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan” görünür ki, (hazırki iş üzrə iddiaçı) İddiaçı, Daxili İşlər Nazirliyinin “102 Xidmətinə” zəng edərək, iş yeri olan Bakı Dəmiryolu Xəstəxanasında keçmiş kürəkəni (hazırki iş üzrə cavabdeh) Cavabdeh2 tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmin məlumat əsasında İdarə tərəfindən təhqiqat aparılmışdır. Aparılmış araşdırma zamanı Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda Cavabdeh2 tərəfindən iddiaçıya dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməsi faktı müəyyən edilmiş, lakin iddiaçı və Cavabdeh2 barışdığına, habelə sonuncu ilk dəfə inzibati xəta törətdiyinə görə onun barəsində inzibati təqib də rədd edilmişdir (material № HK-1/121 və HK-1/34). X7 tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan” (material № HK-1/123) görünür ki, yuxarıda qeyd edilmiş qərarda göstərilən eyni səbəblərə görə Cavabdeh2 barəsində cinayət təqibinin başlanmasından imtina edilmişdir. Lakin aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 şüşə qabla vuraraq təpə nahiyyəsinin qançırı kimi xəsarət yetirmiş, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İddiaçı barəsində inzibati tədbir görülməsi üçün qərarın surətinin X4 Təhlükəsizlik Şöbəsinə göndərilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Həmin Məcəllənin 23-cü maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin (maddə 23.1.). Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır (maddə 23.4.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndinə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 7-ci bəndinə görə, Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə hesab edir ki, mənəvi zərərlə bağlı mübahisələrə baxılarkən hər şeydən əvvəl şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatlar yayılması, həmin məlumatların əhali arasında, əsasən də kütləvi informasiya vasitələrində, belə məlumatların rəsmi sənədlərdə və başqa şəxslərin tanış ola biləcəyi sənədlərdə, ərizələrdə, şikayətlərdə, kütləvi çıxışlarda və s. yayılması kimi hallar mövcud olması iddianın təmin edilməsi üçün əsas ola bilər. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, iddia əsassızdır. Belə ki, Cavabdeh2 ilə iddiaçının övladı X.Həsənova arasında olan nikah pozulduqdan sonra, iddiaçı və Cavabdeh2 arasında dəfələrlə mübahisələr baş vermiş, bununla bağlı iddiaçı tərəfindən DİN-nin “102 Xidmətinə” müraciət olunmuş, həmin müraciətlər əsasında polis orqanı tərəfindən müvafiq araşdırmalar aparılmış, Cavabdeh2 əməllərində cinayət və ya inzibati xətanın tərkib əlamətləri olmadığına görə onun barəsində cinayət və inzibati təqiblərin başlanması xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qərarlarla rədd edilmişdir. Həmin araşdırmalar əsasında son nəticədə müəyyən edilmişdir ki, qanun pozuntusuna Cavabdeh2 deyil əksinə iddiaçı özü yol vermiş, Cavabdeh2 şüşə qabla vuraraq təpə nahiyyəsinin qançırı kimi xəsarət yetirmiş və bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati təqib başlanmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh2 tərəfindən onun şərəf və ləyaqətinin alçadılması və bununla da ona mənəvi zərər vurulmasını iddia etsə də, bunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə digər Cavabdeh1 tərəfindən də iddiaçının şərəf və ləyaqətinin alçaldılması iş materialları ilə təsdiq edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin təqdim etdiyi şahid A.Həsənovanın ifadəsi başqa sübutlarla təsdiq olunmadığına, habelə iddiaçının A.Həsənovanın qardaşı arvadı olduğuna görə, Məhkəmə həmin ifadəni inandırıcı hesab etmir. Məhkəmə iddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi onunla cavabdehlərin telefon danışıqlarının özündə əks etdirən (fleş kartda yerləşdirilmiş) səs yazısı ilə bağlı bildirir ki, MPM-nin 95-ci maddəsinə görə, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur (maddə 95.1.). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2.). Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi həmin səs yazısını sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Elşad Şamayev (imza) İlham Kərimli “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar