Məhkəmə qərarları › İş №2(103)-1035/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1035/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1035/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3129/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa sabit pul məbləğində 103 manat miqdarında alimentin tutulması barədə qətnamənin dəyişdirilməsini; Cavabdeh xx.xx.2017-ci il təvəlüldlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3129/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşağa 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, məhkəmə alimentin məbləğini hər uşaq üçün aylıq 170 manat müəyyən etməmiş, nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh həmin alimenti ödəmək üçün maddi imkana malikdir, belə ki, o taksi fəaliyyəti ilə məşğuldur, VÖEN-i var. Uşaqların ehtiyaclarını ödəyə bilmir, özü də işləmir, bunu təsdiq edən arayışı da apellyasiya şikayətinə əlavə etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və alimentin artırılması barədə iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili E.Əliyarov apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı heç bir yerdə işləmir, cavabdeh isə taksi fəaliyyəti ilə məşğuldur, gəliri var. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində hər ay hər uşağa görə 103 manat miqdarında alimentin tutulması qət edilmişdir. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ 338213 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 316 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Mustafayeva soyadı verilmişdir. Laçın rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ 905257 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. Laçın rayon RİHB-nin Şərkə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ 442596 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Binəqəd rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, elektron informasiya sistemində İddiaçı adına qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki,əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir.Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hazırkı işin xüsusi hallarını, iddiaçının işləməməsini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, hər uşaq üçün aylıq 150 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Kollegiya qeyd edir ki, Qanunvericiliyin tələbinə görə aliment məhkəməyə müraciət edilən tarixdən tutulmalıdır. Rayon məhkəməsi isə alimentin tutulmasını qətnamənin qanuni qüvvəsini aldığı tarixdən başlanmasını qeyd etmişdir. Bu səbəbdən, qətnamə alimentin tutulması vaxtına aid hissədə də dəyişdirilməli, cavabdehdən aliment məhkəməyə iddiaçı tərəfindən müraciət edilən tarixdən, yəni xx.xx.2020-ci il tarixdən (i/v 3) hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artılaraq hər ay, hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh ərizə verilən tarixdən, yəni xx.xx.2020-ci il hesablanmaqla alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Kollegiya qeyd edir ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3129/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş 103 manat alimentin artıralaraq hər uşaq üçün 170 manat müəyyən edilməsini xahiş etmişdir. Belə olan halda iddiaçının artırlmasını tələb etdiyi məbləğ cəmi, (340-206=134) 134 manat təşkil edir, həmin məbləğ isə bir il üçün cəmi (134) 1608 manat təşkil edir. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 385.1.2, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3129/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artılaraq hər ay, hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh ərizə verilən tarixdən, yəni xx.xx.2020-ci il hesablanmaqla alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar