Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10364/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Cəfərov Nizami Nurəddin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4305/2021 saylı 16 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 13.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********73207 Huawei P Smart markalı telefon üçün 245 manat ödənilməmiş hissə, 24 manat cərimə; 21.08.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Vfac markalı kondisioner üçün 123 manat ödənilməmiş hissə, 12 manat cərimə; 20.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********43680 Samsung Galaxy A50 markalı telefon üçün 676 manat ödənilməmiş hissə, 67 manat cərimə olmaqla, ümumilikdə 1147 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.06.2019-cu il tarixli, 21.08.2019-cu il tarixli və 20.12.2019-cu il müqavilələrə əsasən İMEİ kodu **********73207 Huawei P Smart markalı telefon, Hoffmann Vfac markalı kondisioner, İMEİ kodu **********43680 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 1147 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.06.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 588 manat, İMEİ kodu **********73207 Huawei P Smart markalı telefon üçün 269 manat olmaqla, ondan 245 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 manat cərimə; 21.08.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1100 manat, Hoffmann Vfac markalı kondisioner üçün 135 manat olmaqla, ondan 123 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 manat cərimə, 20.12.2019- cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 748 manat, İMEİ kodu **********43680 Samsung Galaxy A50 markalı telefon üçün 743 manat olmaqla, ondan 676 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 67 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1392 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4305/2021 saylı 16 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1044 manat əsas borc, 103 manat cərimə olmaqla, cəmi 1147 (min yüz qırx yeddi) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həqiqətən də qarşı tərəfə qətnamədə göstərilən 13.06.2019, 21.08.2019 və 20.12.2019-cu il tarixli müqavilələr əsasında borcludur. Kredit müqavilələri bağladığı vaxtlarda normal qaydada pul gəlirləri var idi. Bu barədə müqavilə bağlanarkən, gəlirləri və xərcləri haqqında kreditora geniş şifahi məlumatlar vermişdir. Birinci və ikinci kredit müqavilələrin bağladıqdan sonra, müqavilə üzrə aylıq olaraq ardıcıl ödənişlər etmişdir. Ümumi olaraq 1392 manat ödəniş etmişdir. Lakin, 2020-ci ilin ilk aylarından səhhəti ilə bağlı problemlərinin olması, daha sonra isə bütün dünyada və ölkədə baş verən qlobal pandemiya və onun yaratmış olduğu qapanmalar, iş fəaliyyətinə öz ciddi təsirlərini göstərmişdir. Bu barədə kreditora şifahi məlumatlar versə də, "xxxx" MMC bunu öz iddiaçında qeyd etməmiş, həmçinin Suraxanı Rayon Məhkəməsi, gecikdirməni lazımınca araşdırıb qiymətləndirməmişdir. Bunlardan əlavə bildirir ki, özü Avtoservisdə maşın təmirçisi işləyir, ailəlidir və himayəsində 3 az yaşlı övlad var. Əvvəlki illərə nisbətdə gəlirləri çox aşağı olduğu səbəbindən mövcud problem yaranmışdır. İddiaçı borcun qaytarılması barədə yeni qrafik hazırlamış olarsa, borcu hissəhissə qaytara bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Cəfərov Nizami Nurəddin oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4305/2021 saylı 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 13.06.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 13.06.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin 15.07.2019 – 15.06.2020-ci il tarixləri arasında hər ay 49 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 13.06.2019-cu il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 21.08.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 21.08.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin 19.09.2019 – 19.07.2020-ci il tarixləri arasında hər ay 100 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 21.08.2019-cu il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20.12.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 20.12.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin 20.01.2020 – 20.12.2020-ci il tarixləri arasında hər ay 61.5 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 20.12.2019-cu il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. 17.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər üç müqavilə üzrə borcundan cəmi 1392 manat ödəmiş, 1044 manat əsas borca görə ödənilməmiş məbləğ, 103 manat cərimə olmaqla, cəmi 1147 manat məbləğində borcu qalmışdır. 20.07.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu və borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən üç alğı-satqı müqaviləsi üzrə ödənilməmiş cəmi 1044 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442 və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən üç alğı satqı müqaviləsi üzrə cəmi 103 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа uyğundur və bu səbəbdən iddia cərimə ilə bağlı hissədə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi qanuni və əsaslı olduğundan iddia təmin edilməli, üç alğısatqı müqaviləsi üzrə cəmi 1044 manat məbləğində əsas borc və 103 manat cərimə olmaqla, cəmi 1147 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri, onun tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4305/2021 saylı 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4305/2021 saylı 16 avqust 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10364/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10364/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver