Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1037/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3400 manat məbləğində borcun tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-3433/21) iddia tələbi təmin edilərək Cavabdeh 3400 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını və ondan İddiaçı xeyrinə tutulmalı olan pul məbləğinin 2210 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X1r. Onun “Qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə" əsasında vərəsəsi olduğu mərhum atası X6 06.06.2016-ci il tarixdə vəfat etmişdir. Mərhum atası Vyaçeslav Tahirov 01.05.2009-cu ildə tarixdə Cavabdeh ilə Bakı şəhəri 42 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq Cavabdeh bir il müddətinə qaytarmaq şərti ilə 36.000 ABŞ dolları məbləğində, həmin dövr üçün dolların manata olan məzənəsi ilə 28.890 manat məbləğində borc pul vermişdir. Bundan əlavə, cavabdeh həmin tarixdə mərhum atasından 30000 ABŞ dolları məbləğində əlavə borc almış, borcun alınması barədə mərhum atasına öz imzası və özünə məxsus ********** saylı VÖENİ-nin möhürü ilə təsdiqlədiyi yazılı iltizam vermişdir. Əlavə olaraq cavabdeh 2011-ci ilin 07 oktyabr tarixində mərhum atasından 10000 manat borc pul almış və pulun alınması barədə atasına yazılı iltizam vermiş, həmin iltizamda qeyd etmişdir ki, mərhum atası nə vaxt istəsə borcu qaytaracaqdır. Beləliklə, cavabdeh mərhum atasından ümumilikdə 62965 manat borc pul almışdır. Cavabdeh borcu aldığdan sonra mərhum atası sağlığında borcundan müxtəlif vaxtlarda 600 manat qaytarmışdır. Atasının vəfatından sonra borcludan atasının vərəsəsi kimi borcu tələb etmişdir. Cavabdeh həmin borcundan 28.11.2019-cu ildə ona 100 ABŞ dolları,28.11.2018- ci ildə 100 ABŞ dolları, 04.09.2018-ci ildə 200 ABŞ dolları, 05.05.2018-ci ildə 200 ABŞ dolları olmaqla, ümumilikdə 600 ABŞ dolları məbləğində qaytarmışdır. Hazırda cavabdehin öhdəlikləri üzrə 61345 manat borcu vardır. 2019-cu ilin sonundan sonra cavabdeh könüllü olaraq borcunu ödəmək istəmir. Dəfələrlə borcu ondan tələb etsə də, cavabdeh könüllü olaraq borcunu qaytarmır, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina edir. Bu səbəbdən də məcbur olub hazırda məhkəməyə müraciət edir. İddiaçı sonradan tələbini dəqiqləşdirərək cavabdehin borcunun cəmi 3400 manat olduğunu bildirmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyil. Belə ki, onun iddiaçının mərhum atası X5 iddia qaldırılan günə qədər 1300 ABŞ dolları borcu olmuşdur ki, bu da ABŞ dollarının manatla məzənnəsi ilə 2210 manat edir. Məhkəmədə cavabdeh qismində onun iştirakı təmin olunmadığından iddiaçı borc məbləğini əvvəlcə 61345 göstərmiş, sonra 3400 manata endirmişdir. Əslində isə onun ödəməli olduğu borc məbləği 2210 manatdır. Məhkəmə ona 1190 manat artıq borc məbləği kəsmişdir. Ona görə də, hesab edir ki, qətnamə qismən ləğv edilməli, iddiaçıya ödəməli olduğum məbləğin 3400 manat yox, 2210 manat olması barədə yeni qətnamə çıxarılmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya olan borcunu qismən – 2210 manat hissəsində qəbul edir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə üzrə tutulan məbləğ isə 3400 manatdır. Yəni, cavabdehin faktiki olaraq razılaşmadığı hissə 1190 manatdır. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, 01 may 2009-cu il tarixli müqaviləyə əsasən iddiaçının atası X7 Cavabdeh ilə Bakı şəhəri 42 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq cavabdehə bir il müddətinə qaytarmaq şərti ilə 36.000 ( otuz altı min ) ABŞ dolları məbləğində, həmin dövr üçün dolların manata olan məzənnəsi ilə 28.890 manat məbləğində borc pul vermişdir. Cavabdeh 2011-ci ilin may ayına qədər borcunu hissəhissə ödəməyi öz öhdəsini götürmüşdür. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək cavabdehin ona olan borcunun halhazırda 3400 manat təşkil etdiyini bildirərək, cavabdehdən iddiaçının xeyrinə 3400 manat məbləğində pulun ödənilməsini xahiş etmişdir. Qeyd olunur ki, İddiaçı mərhum atası X2i vərəsəsidir. Birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə öhdəliyinin olmasını və cavabdeh tərəfindən bu öhdəliyin yerinə yetirilmədiyini nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740-cı və s. maddələrini rəhbər tutaraq iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsində gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, cavabdeh öz etirazında (apellyasiya şikayətində) istinad etdiyi faktları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı tam təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri borcun düzgün hesablanmaması barədədir. Apelyator qeyd edir ki, onun cəmi borcunun 2210 manat olmasına baxmayaraq məhkəmə tərəfindən 3400 manat tutulması qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, cavabdeh borcunun 2210 manat olmasını və 1190 manat borcun qaytarıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası iddianın qiymətinin 3400 manat olduğunu, cavabdeh tərəfindən borcun 2210 manat hissəsinin qəbul edildiyini və apellyasiya qaydasında yalnız 1190 manat hissəsinin mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 1190 manat, yəni 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1037/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1037/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver