Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10371/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X2 və Cavabdeh7 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1608/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı QSCnin xeyrinə 033R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 17446.04 ABŞ dolları məbləğində kredit borcu, 14394.24 ABŞ dolları məbləğində faiz borcu və 26959.51 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 58.799 (əlli səkkiz min yeddi yüz doxsan doqquz) ABŞ dolları 79 (yetmiş doqquz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngədə 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 55.5 m2 yardımçı, 50.9 m2 yaşayış, 106.4 m2 ümumi sahədən ibarət birmərtəbəli, üç otaqlı, 22 nömrəli fərdi yaşayış evinə (1.1 m2 tikintialtı sahədən ibarət daş hasar) yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracda satılması və ümumilikdə cəmi 58.799 (əlli səkkiz min yeddi yüz doxsan doqquz) ABŞ Dolları 79 (yetmiş doqquz) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənılmış 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada tutulması, Cavabdeh8 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngədə, xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 55.5 m2 yardımçı, 50.9 m2 yaşayış, 106.4 m2 ümums sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, 22 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh7, R.Həsənovanın və Cavabdeh1 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1608/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 033R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 17446.04 ABŞ dolları məbləğində kredit borcu, 6499,71 ABŞ dolları məbləğində faiz borcu və 3500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 27445,75 (iyirmi yeddi min dörd yüz qırx beş) ABŞ dolları 75 (yetmiş beş) sent ABŞ dollarının ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, həmçinin iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat xidmət haqqının alınaraq İddiaçı QSCyə ödənilməsi; tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 saylı evə yönəldilməsi və ilkin satış qiyməti 80.000 (səksən min) manat olmaqla açıq hərracdan satılması; ipoteka predmeti olan evə tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh7, Cavabdeh1 və R.Həsənova tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə həmin yaşayış sahəsindən çıxarılmaları; ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcunun ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat pulun Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən saxlanılan 3500 ABŞ dolları məbləğində cərimə borcu ilə razı deyil. Hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilib və bu, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, qeyd edilən maddəyə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı QSC-nin nümayəndəsi, eləcə də digər cavabdehlər məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində iş materiallarındakı tədqiq olunmuş sənədlər sadalanamışdır. İşin hazırki apellyasiya instansiyası mərhələsində baxılması zamanı təqdiq ediləndən əlavə sənədlər iş materiallarına təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 319.1, 439.2, 442, 448.1, 467-ci maddələrinə; “İpoteka haqqında” Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 59.3-cü maddələrinə istinad edərək iddianı qismən təmin edərkən qənaətini bununla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, Cavabdeh1 tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Cavabdeh1 05.12.2014-cü il tarixli 033R********** saylı müqavilə üzrə 17446,04 ABŞ dolları əsas, 6499,71 ABŞ dolları faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilələr üzrə hesablanmış dəbbə tənasübsüz yüksək olduğundan cavabdehdən 05.12.2014-cü il tarixli 033R********** saylı kredit müqaviləsi üzrə 3500 ABŞ dolları dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə iddianın ipoteka ilə yüklü edilmiş Cavabdeh8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 evə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra yaşayış hüququ olmaqla qeydiyyatda olan Cavabdeh8, Cavabdeh1 və X1 istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı (rəyi) əsasında 80.000 manat manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 05.12.2014-cü il tarixli 033R********** saylı müqavilə üzrə 17446,04 ABŞ dolları əsas 6499,71 ABŞ dolları faiz borcu, 3500 ABŞ dolları cərimə alınaraq İddiaçı QSC-yə ödənilməli, tələb ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 saylı evə yönəldilməli və ilkin satış qiyməti 80.000 manat olmaqla açıq hərracdan satılmalı, həmin əmlaka tutma yönəldildikdə o, satıldıqdan sonra, cavabdehlər tərəfindən müvafiq olaraq onlara aid olan ipoteka ilə yüklü edilmiş yaşayış sahələri 1 (bir) ay ərzində tərk edilmədikdə həmin sahələrdən çıxarılmalı, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin ümumi qaydada tutulması hissəsinə qiymət verərək qeyd edir ki, göstərilənlər qətnamənin icrası zamanı həll edilməli məsələ olduğundan, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi mənzilin boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, qeyd olunduğu kimi tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə görə isə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi qanunda və tərəflər arasındakı müqavilələrin şərtlərində bankın belə bir hüququ təsbit edilməmişdir ki, kredit öhdəlikləri icra edilmədikdə o, ipoteka predmeti olan mənzilin boşaldılması və boşaldılmış vəziyyətlə ipoteka saxlayana verilməsi predmetli iddia ilə çıxış edə bilsin. Hazırda iddiaçı subyektiv huquqa malik olmadığından iddianın “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi mənzilin boşaldılması və alıcıya təhvil verilməsi” hissəsi qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni cərimə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Tərəflər cərimə ilə bağlı şərti bağladıqları müqavilədə razılaşdırmışlar. Ancaq iddiaçının tələb etdiyi cərimə əsas borcdan 1,5 dəfədən çox olduğundan azaldılması düzgün olmuşdur. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindədə banu tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadığı göstərilmişdir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu və cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Ona görə də cərimə hissəsində apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qətnamə bu hissədə dəyişdirilməlidir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi bankın iddiası üzrə cərimə borcunun məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir və həmin hissədə qətnamə dəyişdirilməli, yəni azaldılmış cərimə məbləği 1000 ABŞ dollarınadək də azaldılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1608/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi cərimənin məbləği hissəsində dəyişdirilsin və azaldılaraq 1000 (min) ABŞ dolları, əsas və faiz borcun, eləcə də cərimənin cəmi isə 24945,75(iyirmi dörd min doqquz yüz qırx beş ABŞ dolları, yetmiş beş sent) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10371/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10371/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver