Məhkəmə qərarları › İş №2(103)-10378/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10378/2021

16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10378/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(003)-1890/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 10.07.2012-ci il təvəllüdlü X4, 26.12.2015-ci il təvəllüdlü X3 və 01.09.2017-ci il təvəllüdlü X1 üçün tutulan alimentin aylıq qazancının və gəlirlərinin ½ hissəsi və uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumuna uyğun olaraq 117,05 manat sabit pul məbləğində, cəmi 400 (282,95 + 117,05 = 400) manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından 10.07.2012-ci ildə Zəhra, 26.12.2015-ci ildə Nilufər və 01.09.2017-ci il təvəllüdlü Damla adlı qızları olmuşdur. Xəzər Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar onun yanında saxlanmaqla, onların saxlanılması üçün 10.03.2020-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının (və ya başqa gəlirlərinin) yarısı miqdirında aliment tutulması qərara alınmışdır. İddiaçı həmin qətnamədən aliment hissəsində apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 30.11.2020-ci il tarixli qətnaməsi ilə şikayəti təmin edilməmişdir. Məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçının tələbi yalnız cavabdehin qazancının və başqa gəlirlərinin ikidə birinin tutulması barədə olduğundan, aliment tutularkən yaşayış minimumunun nəzərə alınması barədə tələb olmamışdır. Cavabdehin "xxxx" ASC-də işləməklə aylıq əmək haqqı 565,90 manat olmuşdur. Lakin tutulan alimentin miqdarı uşaqlar üçün qanunla nəzərdə tutulan yaşayış minimumuna münasibətdə yetərli olmadığına görə aliment məbləğinin artırılması barədə iddia qaldırmağa məcbur olmuşdur. Qanuna əsasən uşaqlar üçün müəyyən edilən yaşayış minimumuna uyğun olaraq hər uşağa görə hər ay tutulan alimentin miqdarı 175 manat, cəmi 525 manat olmalıdır. Cavabdehdən isə hazırda qazancının ½ hissəsində, yəni 282,95 manat aliment tutulur ki, bu da uşaqların saxlanılması üçün yetərli deyildir. Belə ki, hər uşağa hər ay 94,32 manat aliment hesablanır ki, bu da yaşayış minimumundan 80,68 manat azdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(003)-1890/2021 saylı qətnaməsi ilə (hakim Zaur) iddia qismən təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli, 2(003)-1377/2020 nömrəli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 10.07.2012-ci il təvəllüdlü X7, 26.12.2015-ci il təvəllüdlü X6 və 01.09.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aylıq qazancının (başqa gəlirlərinin) yarısı hissəsi miqdarında və hər ay 30 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi, eyni zamanda cavabdehdən 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehin əvvəlki qətnamə ilə müəyyən olunmuş alimenti ödəməsi, uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olması, hazırda "xxxx" ASC-də işləməsi, əlavə qazancının olmaması, əmək haqqının yarısının almentə ödənilməsi, qalan məbləğə isə kredit ödənişlərini həyata keçirməsi, artıq alimenti ödəməyə maddi imkanının çatmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Analoji hüquqi mövqe, həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. İşdə olan olan "xxxx" ASC-nin 28.12.2020-ci il tarixli 01/05-06/3755 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh iş rejimi 5 günlük saat 9-dan 18:00-a kimidir. Orta aylıq əmək haqqı 660 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, uşaqların qayğısına qalmaq və onların dolanacaq xərclərinin təmin edilməsi valideynlərin borcudur. Həmçinin qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırki mülki iş üzrə iş materiallarından görünür ki, iddiaçının əmək haqqı 660 manatdır. Həmin məbləğin yarı hissəsi isə 330 manat təşkil edir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi qətnamə ilə cavabdehdən tutulacaq aliment üç uşağa münasibətdə ayrı-ayrılıqda götürülərsə (330:3=110 manat) uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən aşağı olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin miqdarı dəyişdirilməli və cavabdehdən tutulan alimentin miqdarı ondan aliment həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi miqdarında müəyyən edilməlidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, AM-nin 76.1.3-cü maddəsinə görə - üç uşağa görə valideyndən hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Göründüyü kimi, hazırki vaxtda alimentin yalnız Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən müəyyən olunması yaşayış minimumundan kifayət qədər az olmaqla, yetkinlik yaşına çatmayanların üstün mənafeyinə də uyğun deyildir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi əlavə olaraq sabit pul məbləğində də alimentin müəyyən olunmasında haqlı olmuşdur. Çünki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən … alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan alimentin ümumi məbləğini minimum dolanacaq xərcləri səviyyəsinə yaxın müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər (maddi imkanının aşağı olması, əlavə xərclərinin olması və s.) isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsində azad etmir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(003)-1890/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(003)- 1890/2021 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar