Məhkəmə qərarları › İş №2(103)-1038/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1038/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1038/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona vurduqları maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 7.400 manat, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-yə məxsus olan və digər Cavabdeh2 tərəfindən idarə edilən “xxxx” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə iddiaçının idarə etdiyi “Mercedes Benz” markalı **-RE- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İddiaçının sahibliyindən olan həmin avtomobil hadisə nəticəsində istismara yarasız vəziyyətə düşmüşdür. Hadisə ilə bağlı müvafiq polis orqanı tərəfindən aparılmış araşdırmanın nəticəsi ilə Cavabdeh2 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı sahibliyində olan avtomobilin təmiri ilə bağlı avtoservis xidməti göstərən müəssisəyə - “xxxx” MMC-yə müraciət etmiş və həmin müəssisənin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün cəmi 12.170 manat məbləğində pul vəsaiti tələb olunur. Hadisə ilə bağlı olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən iddiaçıya sığorta ödənişi olaraq 4.975 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi iddiaçıya dəymiş ziyan tam ödənilməmişdir. İddiaçı (12.170-4.975=) 7.195 manatın ona ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etsə də, bu nəticə verməmişdir. Odur ki, qeyd edilən həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı istifadəsində olan avtomobili yolnəqliyyat hadisəsi baş verdikdən sonra dayanacağa yerləşdirmək məcburiyyətində qalmış və bu xidmətə görə 205 manat məbləğində xərc çəkmişdir. İddiaçı hesab edir ki, cavabdehlər bu xərci də ona ödəməlidirlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 5.295 manat, dayanacaqdan istifadə olunması üçün çəkilmiş xərcin əvəzi olaraq 205 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məqsədi ilə 120 manat cavabdehlərdən müştərək qaydada tutularaq Dövlət büdcəsinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ekspert rəyində qeyd olunan məbləğ şişirdilmişdir, real zərəri əks etdirmir. İş materiallarında olan digər sübutlar da zərəri təsdiq etmir. Bundan başqa işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışının yeri və vaxtı barədə MMC-yə qanunda nəzərdə tutulmuş qaydada məlumat vermədiyi üçün MMC-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak edə və MMC-nin maraqlarını qoruya bilməmişdir. İş üzrə Cavabdeh2 və digər cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında Cavabdeh2 iştirak etməmiş, MMC isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı bildirir ki, iddianın bir qismi Rayon Məhkəməsi tərəfindən təmin edilməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Buna görə də, Məhkəmə, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslılığını yoxlamamışdır. Bundan başqa qeyd edilməlidir ki, Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayəti apellyasiya baxışının predmeti olmuş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə (iş № 2(103)-2944/2020) ilə həmin apellyasiya şikayətinin təmin edilməməsini və Rayon Məhkəməsinin qətnaməsini Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Buna görə də, Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin Cavabdeh2 aid hissədə əsaslı olub-olmamasını yoxlamamışdır. Göründüyü kimi, hazırki apellyasiya baxışının predmetini Rayon Məhkəməsinin iddianın cavabdeh MMC-yə münasibətdə qismən təmin edilməsi barədə nəticəsi təşkil edir. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, Cavabdeh2 tərəfindən idarə edilən “xxxx” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2019-cu il tarixdə, iddiaçının idarə etdiyi “Mercedes Benz” markalı **-RE- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İddiaçının sahibliyindən olan həmin avtomobil hadisə nəticəsində istismara yarasız vəziyyətə düşmüşdür. Hadisə ilə bağlı müvafiq polis orqanı tərəfindən aparılmış araşdırmanın nəticəsi ilə Cavabdeh2 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “xxxx” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh MMC-yə məxsusdur. “Mercedes Benz” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi tərəfindən iddiaçıya verilmiş etibarnamə əsasında avtomobil iddiaçının qanuni sahibliyindədir. Hadisə ilə bağlı olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən iddiaçıya sığorta ödənişi olaraq 4.975 manat məbləğində pul ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı sahibliyində olan avtomobilin təmiri ilə bağlı avtoservis xidməti göstərən müəssisəyə - “xxxx” MMC-yə müraciət etmiş və həmin müəssisənin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün cəmi 12.170 manat məbləğində pul vəsaiti tələb olunur. Bununla bağlı olaraq həmin müəssisə tərəfindən xx.xx.2019-cu il tarixdə 5 saylı “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirlməsi” barədə akt verilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, ziyanın qalan hissəsi, yəni (12.170-4.975=) 7.195 manat cavabdehlər tərəfindən ona ödənilməmişdir. İşə baxmış Rayon Məhkəməsi qeyd edilən məbləğin əsaslı olub-olmamasını araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyini almışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2019-cu il tarixli, 23836 saylı rəydən görünür ki, iddiaçının sahibliyində olan 2002-ci il buraxılışlı, “Mercedes Benz” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 10.270 manat (dəyişməli hissələrin qiyməti - 8.170 manat; təmirbərpa işlərinin qiyməti - 2.100 manat) təşkil edir. Rayon Məhkəməsi də, ekspert rəyini və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən iddiaçıya sığorta ödənişi olaraq 4.975 manat məbləğində pul ödənilməsini əsas götürərək nəticəyə gəlmişdir ki, iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə (10.270-4.975=) 5.295 manat iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh MMC bildirir ki, iddiaçının xeyrinə tutulmalı olan bu məbləğ ekspert tərəfindən düzgün müəyyən edilməyib, məbləğ şişirdilmişdir. Bu mübahisəli halın həlli ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddələr 14.2. və 77.1.). Buna baxmayaraq, cavabdeh MMC ekspertiza tərəfindən verilmiş rəyin əsassız olmasını təsdiq edə biləcək sübutları (məsələn: avtomobillərə texniki xidmət göstərilməsi sahəsində fəaliyyət göstərən hər hansı bir müəssisənin hesablamasını) Məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Rayon Məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməkdə və zərərin məbləğini ekspert rəyinə əsasən müəyyən etməkdə haqlı olmuşdur. Bundan başqa, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh MMC yüksək təhlükə mənbəyi olan avtomobilin sahibi olduğu üçün Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə əsaslanaraq cavabdeh MMC-yə münasibətdə yuxarıda qeyd edilən nəticəyə gəlməkdə də haqlı olmuşdur. Cavabdeh MMC-nin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışının yeri və vaxtı barədə MMC-yə qanunda nəzərdə tutulmuş qaydada məlumat vermədiyi üçün MMC-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak edə və MMC-nin maraqlarını qoruya bilməmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsaslı saymır. Belə ki, iş materiallarından görünür ki, bütün məhkəmə sənədləri, eləcə də məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər işə baxmış Rayon Məhkəməsi tərəfindən cavabdeh MMC-yə ünvan 1 ünvanı üzrə göndərilmişdir. “X1” edilmiş çıxarışdan görünür ki, həmin ünvan vergi ödəyicisi olan MMC-nin qeydiyyat ünvanıdır. Lakin məhkəmə sənədləri zərflər üzərində poçt xidməti tərəfindən edilmiş “bu ünvanda yoxdur” qeydi ilə Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, MMC-nin həmin ünvanda olmaması ilə bağlı bildiririşin ona çatmaması məhkəmə tərəfindən ona məlumat verilməməsi kimi qiymətləndirilə bilməz. Çünki iş materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş vergi qeydiyyatı məlumatlarında göstərilmiş ünvana göndərilmişdir. Ünvanın dəyişməsi ilə bağlı məlumatın verilməsi vergi ödəyicisinin vəzifəsi olduğu üçün onun bildirişi almamasında digər şəxslərin məsuliyyəti yarana bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ödənilmiş dövlət rüsumu MMC-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar