Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1039/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X6 (Cavabdeh2 məntəqəsinin sahibi, fərdi sahibkar) qarşı (İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, əhəmiyyətli dərəcədə korlanmış və yararsız vəziyyətə düşmüş əmlakının dəyəri kimi cəmi 1169 manatın cavabdeh Natiq Əliyevdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə 894 manatın Cavabdeh2 məntəqəsinin sahibi Natiq Əliyevdən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 154,16 manatın 117,90 manatının cavabdehdən, 36,26 manatının isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh Natiq Əliyev, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı xx.xx.2019-cu il tarixində cavabdehin sahibi olduğu kimyəvi təmizləmə məntəqəsinə “Balenciaga” əmtəə nişanlı boz- bej-ağ rəngli parça ayaqqabı (krosovka) cütlüyünü tozdan və ləkədən təmizlətmək məqsədilə vermiş və cavabdeh tərəfindən ona qəbz təqdim edilmişdir. Düzgün təmizlik, boya və baxım texnologiyası ilə ayaqqabı toz və kirdən tamamilə təmizlənmiş, iddiaçı isə ayaqqabısını götürmək üçün məntəqəyə gələndə əsassız olaraq bildirmişdir ki, guya ki, xidmət qüsurlu yerinə yetirilmiş və ayaqqabı rəngi dəyişərək geyinməyə yararsız bir hala gəlmişdir. Bundan sonra iddiaçı haqsız olaraq “əmalaka vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmadan əsassız olaraq iddia ərizəsini qismən təmin etmişdir. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyini rəhbər tutsa da, tamamilə nəzərdə qaçırmışdır ki, rəydə sadalanan hallar 640 dəfə böyüdülmüş mikroskopla müşahidə olunmuşdur. Ayaqqabını cavabdeh istehsal etmədiyimiz üçün bu qədər də dərin analizə gərək duyulmur çünki, cavabdeh ayaqqabını təmizlənməsi üçün təhvil götürəndə 640 dəfə böyüdüb qüsurlarını görə bilməmişdir. Yəni, bu, sübut etmir ki, cavabdehə verilməzdən əvvəl bu qüsurlar ayaqqabı da olmamışdır, hətta bu qüsurlardan bəziləri fabrikadan çıxdıqda belə ola bilən qüsurlardır. Çünki, belə qüsurların gözlə ayırd edilməsi heç bir halda mümkün deyil. Rəydə mötərizə işərisində qeyd edilmiş (yuma, qurudulma, ütüləmə və sair) hissəyə münasibətdə bunu qeyd edə bilərik ki, bu tip ayaqqabılar hər hansı bir avadanlıq ilə ütülənmir və ya qurudulmur. Belə ki, bu tip ayaqqabılar sadəcə olaraq otaq temperaturunda ayyaqqabı tipindən asılı olaraq 24- 72 saat ərzində quruyur. İkincisi, iddiaçı qeyd edir ki, ayaqqabının bej-boz-ağ rəngi yaşıla oxşar rəngə dəyişib. Lakin ayaqqabı yeni olmadığı üçün istifadə olunub, yəni ayaqqabı geyinilib və kirli olduğu üçün bizə təmizləmək üçün verilmişdir. Ayaqqabıda ən çox rast gəlinən problemlərdən biri də sürtünmələrin, günəş işığı və ümumi aşınma səbəbi ilə solma nəticəsində yaranan rəng zədələnməsidir. Ayaqqabı geyinildiyi zaman səthlərinin daşa, torpağa və ya hər hansı bir yad cismə dəyməsi, sürtülməsi zamanı təbii ki, kirlənmə və səthində zədələr, rəng getməsi və sair hallar baş verir. Həmçinin, ayaq hərəkətlərinin təsirindən liflərində qırışıqlar və sair olması çox normal haldır. Belə ki, hətta bizim və məhkəmənin xüsusi təyin etdiyi qrupun iştirakı ilə laboratoriyada yeni ayaqqabı alıb analiz etsok daha sonra onu müəyyən müddət geyinib sonra yenidən analiz etsək aydınlıqla görəciyik ki, heç bir kimyəvi təmizləmə olmadan belə, ayaqqabıda ciddi zədələr, rəng getmələri və sair baş verir. Yəni ayaqqabı geyinildiyinə görə, hətta Colourlock şirkətinin təcrübə və analizlərinə istinad olaraq ayaqqabı geyinilmədiyi halda belə, zamanla günəş şüaları və havanın təsirindən müxtəlif zədələrə, o cümlədən rəng dəyişikliyinə məruz qalır. Üçüncüsü, iddiaçı iddia edir ki, guya ki, ayaqqabısı orijinal olub və məşhur Fransa markalarından biri olan “Balenciaga” markasına məxsus olub. Sözügedən kimyəvi təmizləmə məntəqəsinin ümumi qaydalarının 6-cı bəndində qeyd olunmuşdur ki, orijinal olmayan mallara zəmanət verilmir. İddiaçının ayaqqabısı isə Fransada yox məhz Çində istehsal olunub. Belə ki, ayaqqabının içərisinə diqqətlə baxanda işərisində “Made in China” yazısını asanlıqla görə bilərik. Bundan başqa, nəinki “Balenciaga” firmasının, hal-hazırda demək olar ki, əksər firmaların bazarda A, B, C və sair class deyilən replikaları (kopyaları) mövcuddur. Mübahisə predmeti olan ayaqqabının isə orijinal olub-olmadığı məlum deyil. Bu məsələ sadəcə olaraq ayaqqabı istehsal olunduğu şirkət tərəfindən parçalanıb istifadə olunan məhsullar, tərkibi, çəkisi, rəng tonu və s. analiz edilərək aşkar edilə bilər. Eyni zamanda, iddia ərizəsində qeyd edilib ki, ayaqqabının dəyəri 615 Eurodur və onlayn qəbz təqdim olunub. Lakin ayaqqabının rəsmi saytındakı qiyməti 975 dollar təşkil edir, yəni 824 Euro. Məhsulun real dəyərindən 209 Euro aşağı satılmasından məhsulun orjinal olmadığı və ya qüsurlu olduğu qənaətinə gəlmək olar. Hətta rəsmi olmayan online saytlarda daha ucuz qiymətlərə bu məhsuldan əldə etmək mümkündür. Belə saytlarda qiymətlər 150-400 dollar arası dəyişir. Bunu “Google” axtarış saytında axtarış etməklə görə bilərik. Ayaqqabı və ya hər hansısa bir məhsulun dəyəri istehsal olunduğu ölkədəki qiymətindən ucuz ola bilməz. Belə ki, bir məhsul öz dəyərindən aşağı qiymətə satılarsa ya orijinal deyildir, ya hər hansısa bir qüsuru vardır, ya da outlet (istehsal olunduğu tarixdən xeyli müddət keçən) məhsuldur. Məhkəmə iclasında iştirak edən cavabdeh, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni apelyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, www.mytheresa.com internet saytından çıxarışdan görünür ki, 01 cüt “Balenciaga” əmtəə nişanlı boz-bej-ağ rəngli idman ayaqqabısının qiyməti 615 avrodur. İddiaçı ona məxsus 01 cüt “Balenciaga” əmtəə nişanlı boz-bej-ağ rəngli idman ayaqqabısını tozdan və ləkədən təmizləmək məqsədilə Cavabdeh2 məntəqəsinə vermişdir. Hazırda iddiaçı bildirir ki, kimyəvi təmizləmə məntəqəsində cavabdeh tərəfindən edilmiş öhdəliyin məzmununa uyğun olmayan kimyəvi və mexaniki təsirlər nəticəsində idman ayaqqabısının lif və polimer strukturu deformasiyaya uğrayaraq, keyfiyyəti aşağı salınmış və ümümi görünüşü korlanmışdır. Buna görə də, cavabdeh tərəfindən ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, malın məntəqə tərəfindən təlimata uyğun və lazımi qaydada təmizlənərək, ona hər hansı bir xətərin yetirilmədiyini və rənginin dəyişmədiyini bildirir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı mülki qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci və 779.1-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinin tələblərinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. MM-in 1128.1-ci maddəsinə görə malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Eyni zamanda, “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Həmin Qanunun 9.6-cı, 9.8-ci və 9.9-cu maddələrinə görə, icraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. İcraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. İcraçı əşyanın (materialın) korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səviyyəsi əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə, icraçı məsuliyyətdən azad edilmir. Birinci instansiya məhkəməsi tərəfindən, tərəflər arasında mübahisə yaradan halların aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən sözügedən idman ayaqqabısında mövcud olan qüsurlar və onların kimyəvi təmizləmə məntəqəsinin təqsiri ucbatından yaranıb-yaranmaması, müsbət halda kimyəvi təmizləmə nəticəsində ayaqqabıya dəymiş ziyanın məbləğinin və ayaqqabının hazırkı bazar qiymətinin müəyyən olunması barədə məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1845/46 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, 01 cüt “Balenciaga” əmtəə nişanlı boz-bej-ağ rəngli idman ayaqqabısının səthi üzərində kənar təsirlər nəticəsində (yuma, qurudulma, ütüləmə və s) lif mikrostrukturunda qırışıqların, süzülmələrin, liflərin xaricə doğru üflənməsi, sürtünmələrin olması həmçinin üzərində kənar təsirlər nəticəsində boya izlərinin olması və bəzi hissələrində rənginin tündləşməsi müşahidə edilmişdir. Yəni kimyəvi və mexaniki təsirlər nəticəsində idman ayaqqabısının lif və polimer strukturu deformasiyaya uğramış, hansı ki onun keyfiyyətini aşağı salır və ümümi görünüşünü korlayır. Ayaqqabının xarici görünüşü sadalanan əlamətləri daşıyır. Ekspertiza tədqiqatına tədqim edilən bu idman ayaqqabısının təzə vəziyyətdə orta bazar qiyməti təxminən 1168,00 (615 € x 1,90) manat, istifadədə olmasına görə təxminən 20% çıxılma tətbiq edilməklə qalıq qiyməti 934 manat müəyyən edilir. Qeyd edilən idman ayaqqabısının hal-hazirda ilkin əmtəə görünüşünü itirməsi (ilkin rənginin qarışması və yenidən rənglənməsi) nəzərə alınmaqla orta bazar qiyməti təxminən 40 manat müəyyən edilir. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, Kollegiya qeyd olunanlara əsasən cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini qismən təmin edərək, 894 manat (01 cüt “Balenciaga” əmtəə nişanlı boz-bej-ağ rəngli idman ayaqqabısının istifadədə olmasına görə təxminən 20% çıxılma tətbiq edilməklə müəyyənləşdirilmiş qalıq qiyməti olan 934 manatdan ayaqqabının hazırki orta bazar qiyməti olan 40 manat çıxılmaqla) məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə gəldiyi qənaət əsaslıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X4 (Cavabdeh2 məntəqəsinin sahibi, fərdi sahibkar) apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-875/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1039/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1039/2021
27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver