Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10395/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində alimentin miqdarının artırılması tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 1 uşağın – 24.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəlki (27.10.2017-ci il tarixli) məhkəmə qətnaməsinə əsasən cavabdehdən (atadan) tutularaq iddiaçıya (anaya) verilən alimentin miqdarı (hər ay üçün 136,60 manat) artırılaraq hər ay cavabdehin qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, aliment cavabdehin qazancının 1/3 hissəsinin yarısı miqdarında tutulsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdeh ikinci dəfə ailə qurub, ikinci evliliyindən bir uşağı – 12.06.2021-ci il təvəlüdlü X2 doğulub. Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, həmin uşağın saxlanması üçün hər ay atanın qazancının 1/4 hissəsi miqdarında aliment, uşaq 3 yaşına çatana kimi uşağın anasının saxlanması üçün 50 manat aliment tutulsun. İddiaçı hərbi hospitalda əməliyyat üzrə tibbi bacısı vəzifəsində çalışır, aylıq əmək haqqı və digər gəlirləri təxminən 900 manat civarındadır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, uşağın 6 yaşı var, 1-ci sinfə gedir, hazırkı alimentin miqdarı uşağın xərclərinin tam ödənilməsi üçün kifayət etmir. Özü tibb bacısı işləyir, ayda 640 manat əmək haqqı olur. Cavabdeh az miqdarda aliment ödəmək üçün ikinci evliliyindən olan uşaq üçün formal olaraq aliment tutulması barədə qətnamə qəbul edilməsinə nail olub. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə ərizə göndərərək işin baxılmasının təxirə salınmasını xahiş etmiş, bunu 18.10.2021-ci il tarixdən 07.11.2021-ci il tarixədək dənizdə növbəli iş rejimində çalışması ilə izah etmişdir. İddiaçı bunun həqiqətə uyğun olmadığını bildirmiş, cavabdeh isə istinad etdiyi halı təsdiq edən sübut təqdim etməmişdir. Ona görə də işə cavabdehin iştirakı olmadan baxılmışdır. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 2017-ci ildə müəyyən olunmuş 136,60 manat alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Belə ki, hazırkı dövrdə uşağın ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2017-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Bundan başqa, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Odur ki, məhkəmə düzgün olaraq alimentin miqdarını artırmış, 1/4 hissəsi miqdarında müəyyən etmişdir. Bu, nəticə etibarilə alimentin miqdarının artırılmasıdır. Çünki cavabdeh Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestində iş icraçısı işləyir, aylıq əmək haqqı 1.589 manat təşkil edir. Həmin məbləğin 1/4 hissəsi əvvəlki qətnamə ilə tutulan alimentin miqdarından (136,60 manatdan) çoxdur. Cavabdehin ikinci nikahdan 1 uşağı var. Həmin uşağın saxlanması üçün cavabdehin aylıq qazancının 1/4 hissəsinin tutulması barədə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 22.07.2021-ci il tarixli qətnamə var. Lakin qənamənin olması özözlüyündə hazırkı işdə almentin miqdarının 1/4 hissə müəyyən edilməsinə mane olmur. Belə ki, 1-ci, Göyçay RM-nin qətnaməsi hazırkı iş üzrə qətnamənin qəbul edilməsindən 3 ay sonra, uşağın doğulmasında isə 40 gün sonra qəbul olunub. Qətnamənin məzmunundan görünür ki, uşağın doğulmasından 13 gün sonra uşağın anası cavabdehdən aliment tələb edib. Bu isə ilk baxışdan belə təəssürat yaradır ki, uşaq doğulan kimi cavabdeh onu saxlamaqdan imtina edib, ona görə uşağın doğulmasından 13 gün sonra uşağın anası məhkəməyə müraciət edib. Lakin qətnamənin məzmununda cavabdehin uşağı saxlamqdan imtina etdiyini təsdiq edən heç bir sübuta istinad olunmayıb. 2-ci, hazırkı işdə 1/4 hissə aliment tutulaması barədə tələbə baxılarkən cavabdeh məhkəmə iclasında iştirak edib, iddiaya etirazını bildirib və qətnaməni mübahisələndirib. Bundan fərqli olaraq Göyçay RM-də 1/4 hissə aliment tutulması barədə tələbə baxılarkən cavabdeh məhkəmə iclasında iştirak etməyib, iddiaya etirazını bildirməyib və qətnaməni mübahisələndirməyib. 3-cü, Göyçay RM-nin qətnaməsinin icrası ilə bağlı heç bir sübut (cavabdehin əmək haqqından aliment tutulması üçün icra vərəqəsinin onun iş yerinə göndərilməsi və s.) təqdim olunmayıb. Aliment tutulması barədə qətnamənin olması aliment tutulması demək deyil, qətnamə icra olunmaya da bilər. 4-cü, Göyçay RM-nin qətnaməsinin məzmunundan görünür ki, cavabdehin ikinci nikahı pozulmayıb. Habelə həmin qətnamənin məzmununda tərəflərin münasibətlərinin pozulması və onların faktiki ayrılması barədə heç bir məlumat qeyd olunmayıb. Göstərilən hallar belə qənaətə gəlməyə əsas verir ki, ikinci nikahdan olan uşaq üçün cavabdehdən aliment tutulmur. Ona görə də hazırkı işdə alimentin miqdarının 1/4 hissə müəyyən edilməsi düzgündür. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10395/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10395/2021
29.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver