Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1040/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1790/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2012ci il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqlar analarının yanında saxalanılmış, cavabdehdən xx.xx.2015-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatan qədər saxlanılması üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat aliment tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)- 2738/2017 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 atasının yanında saxlanılması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X6 atası Cavabdeh himayəsindən alınaraq onun himayəsinə verilməsi və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X7 atasının himayəsinə verilməsinə baxmayaraq hazırda hər iki övladı iddiaçı ilə bərabər yaşayır və onların təhsili, maddi və mənəvi ehtiyaclarını iddiaçı qarşılayır. Buna görə də xx.xx.2007-ci il təvəllüdlü X9 ananın himayəsinə verilməli, həmçinin alimentin miqdarı artırılmalıdır.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1790/24 saylı iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 63, 73, 75.4, 78,1, 112.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin alimentin artırılması, habelə pulun iddiaçıya verilməsi hissəsində rədd edilməsini, alimentin uşaqlara məxsus bank kartına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, “X14” MMC-də satıcı vəzifəsində işləməklə ayda 364 manat məbləğində maaş alır. İşə baxan məhkəmə isə 470 manat aliment kəsməklə aylıq gəlirləri ilə ziddiyyət təşkil edən bir nəticəyə gəlmişdir. Lakin məhkəmə göstərilənləri nəzərə almadan yekun nəticəyə gəlmiş, bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Əli bugünə kimi onun himayəsində olmuş, tərəfindən onun qayğısına qalınmış və hər hansı yüksək məbləğ tələb olunmamışdır. Ötən müddət ərzində isə iddiaçı tərəfindən valideynlik vəzifələri yerinə yetirilməmişdir. Nəzərə alınmalıdır ki, Əli hazırda H.Əliyev adına hərbi liseyin müdavimidir və onun saxlanılma xərcləri dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçı isə apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Maddə 63.2. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Maddə 73.1 və 73.2. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
12. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən qismən – yalnız aliment tutulması hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə, yəni cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat məbləğində alimentin tutulması hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 108 manat məbləğində alimentin miqdarının artırılaraq hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi və bu məbləğin qətnamə qüvvəyə mindiyi gündən tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
16. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
17. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xx.xx.2007-ci il təvəllüdlü X9 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə anasının yanında saxalanılmış olsa da, sonradan Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)- 2738/2017 saylı qətnaməsi ilə o, atasının himayəsinə verilmişdir. Bu baxımdan, X8 münasibətdə Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı heç bir halda artırıla bilməz. X9 hazırkı iş üzrə çıxarılan qətnamə ilə yenidən anasının himayəsinə verilmiş və cavabdeh (ata) qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Belə olan vəziyyətdə, məhkəmə kollegiyası hesab edir ki, X8 münasibətdə iddiaçının tələbinə alimentin miqdarının artırılması kimi yox, ilk dəfə aliment təyin olunması kimi baxılmalıdır.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. İddia ərizəsi də məhz bu dövrdə, yəni 2024-cü ildə verilmişdir.
19. Məhkəmə kollegiyası iddia tələbini X8 münasibətdə alimentin məbləğinin 235 manat həddində müəyyən olunması hissəsində əsaslı sayır və hesab edir ki, ona münasibətdə alimentin miqdarı 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,68 mislində (345 x 0,68 = 235 manat) müəyyən edilməlidir.
20. Beləliklə, məhkəmə kollegiyası hazırkı iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə verildiyini nəzərə alaraq hesab edir ki, həmin tarixdən başlayaraq yetkinlik yaşına çatmayan X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment təyin olunmalıdır.
21. xx.xx.2012-ci il təvəllüdlü X4 münasibətdə alimentin miqdarının artırılması tələbinə gəldikdə isə Məhkəmə kollegiyası hesab edir ki, bu tələb təmin olunmamalıdır. Belə ki, iddiaçı həmin hissədə tələbini 2024-cü il üçün yaşayış minimumunun 235 manat müəyyən olunması ilə əsaslandırmışdır.
22. Məhkəmə kollegiyasının qənaətinə görə minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələbinin təmin olunması üçün əsas vermir. Bu halda söhbət yalnız sabit pul məbləğində tutulan alimentin indeksasiyasından gedə bilər.
23. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 №-li qərarının 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir.
24. Ona görə də iddiaçı qeyd olunanlar nəzərə alınmaqla icra icraatı qaydasında X4 münasibətdə alimentin indeksasiyası barədə ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilər.
25. Apellyasiya şikayətinin cavabdehin, yəni aliment ödəyən şəxsin qazancının az olması ilə bağlı dəlilinə gəldikdə məhkəmə kollegiyası həmin dəlili əsassız sayaraq qeyd edir ki, aliment ödəyən valideynin az qazanca malik olması və ya digər əlavə xərclərə məruz qalması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
26. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı apellyasiya şikayətinin alimentin uşaqlara məxsus bank kartına köçürülməsi ilə bağlı dəlilini də bunun üçün heç bir hüquqi və faktiki əsas müəyyən edilmədiyindən əsassız sayır.
27. MPM-ə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (maddə 372.7). Maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması isə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (MPM-in 385.1.1-ci maddəsi).
28. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 108 manat məbləğində alimentin miqdarının artırılaraq hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi və bu məbləğin qətnamə qüvvəyə mindiyi gündən tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin olunsun. xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 108 manat məbləğində alimentin miqdarının artırılması hissəsində təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.