Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1041/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, x6 və x1 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi x5 və cavabdehin nümayəndəsi x3 iştirakı ilə, İddiaçı cavabdeh x2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2495/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında şifahi razılaşmaya əsasən ondan iş görmək adı ilə götürülmüş 42.000 ABŞ dolları və 28.000 manat pul vəsaitinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(009)-2495/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, qanunsuz və əsassız qətnamə qəbul etmiş və prosessual normaların kobud pozulmasına yol vermiş hakim barəsində intizam icraatı başlanması üçün Məhkəmə-Hüquq Şurasına göndərilməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakimin qətnamənin əsaslığı və mahiyyəti cavabdehin nümayəndəsinin yazılı təqdim edilmiş izahatı təşkil edir, baxmayaraq ki, həmin izahat və məhkəmədə verilmiş izahatlar tam şəkildə onu sübut edir ki, həqiqətən də onun tərəfindən verilmiş iddia ərizəsi əsaslıdır və təmin edilməlidir. İzahatda göstərilir ki, onlar tərəfindən qızına ev alarkən köməklik edərək həmin evdən qalmış pul əsasında biznes qurmaq təklifi 2014-cü ildə ona edilmişdir. Ancaq onların yalanı 05.11.2012-ci il tarixli onun qızının adına olan çıxarışla ifşa edilir. İzahatda göstərilir ki, onlar tərəfindən 9500 manata avtomobil, Vişnovka qəsəbəsində bağ sahəsi satılaraq, həmçinin də 30.000 ABŞ dolları bankdan götürülərək ona borclarından ödənilmişdir, ancaq çox təəsüflər olsun ki, hakim onlardan heç bir sübut və sənəd bu fakt üzrə istəməmişdir. Məhkəmə qətnaməsində 09.02.2018-ci il tarixli Səbail Rayon Məhkəməsinin qətnaməsini əsas sübut növü kimi göstərərək nəzərə almamışdır ki, qətnamənin mahiyyətindən bəlli olur ki, həqiqətən də cavabdehin atası Qayıbov Rasim izahat verərək bildirir ki, oğlu İsgəndər Qayıbovun iddia ərizəsində göstərilən faktlar üzrə ona borcu əmələ gəlmişdir. İzahatda bildirilir ki, 34 ay ərzində hər ay 1000 manat pul borcdan ödənilmişdir, ancaq bu fakt da digər faktlar kimi heç bir sübutla şahidlərlə və digər yazışmalarla sübuta yetirilmir. Nəhayət ən maraqlı amil ondan ibarətdir ki, cavabdeh 1997-ci ildə hansısa əmlakların satılmasından ona verilmiş məbləğlərdən söz açması absurd bir fikirdir, ona görə ki, onun tərəfindən 2012-ci ilin noyabr ayından hissə-hissə əmlakların əldə edilməsi üçün cavabdehə pul verilmişdir və o, bu günə iddia ərizəsində göstərilən məbləği qaytarmamışdır. İzahatda göstərilir ki, onlar tərəfindən mülki qaydada ona qarşı məhkəmədə iddia qaldırılaraq və sonradan onunla razılaşaraq həmin iddianı geri götürmüşlər. Bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x5 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi x4 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddiasını əsaslandırmaq üçün tərəflər arasında bağlanmış hər hansı bir müqavilə təqdim edilmədiyi kimi, həmin şifahi sözlər ümumiyyətlə onun iddiasını əsaslandırmaq üçün zəruri olan lazımi sübutlar da olmamaqla iddia tələblərinin həlli baxımından əhəmiyyətli deyil və buna görə də məhkəmə onların araşdırılmasını ümumiyyətlə zəruri hesab etmir. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən pulun cavabdehə hansı tarixdə verilməsi, hazırda tələb olunan borc məbləğinin hansı tarixə aid olması, ümumiyyətlə hazırda borcun mövcüd olmasına dair sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş x8 ifadəsində tərəflər arasında borc pulla bağlı bir neçə dəfə münaqişə olmasının şahidi olduğunu bildirsə də cavabdeh tərəfindən borcun alınması, həmin borc məbləğindən hansı miqdarda qaytarılması, hansı məbləğdə borcun qalması barədə hər hansı məlumat verməmişdir. Həmçinin iş materiallarında olan başqa bir məhkəmə qətnaməsində iddiaçı cavabdehin hazırda tələb edilən borc məbləğindən daha aşağı borcunun qalmasını bildirmişdir. Apelyasiya şikayətinə əlavə edilən və apelyasiya baxışı zamanı təqdim edilən digər sübutlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən iş üzrə nəzərə alına bilməz. Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiya məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(009)-2495/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-1041/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1041/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver