Məhkəmə qərarları › İş №2(103)-1041/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1041/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1041/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4na və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, zaminlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4na və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-94/2023 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 09 yanvar 2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Badamdar filialı ilə X4 arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 48 ay müddətinə, illik 26,34 % hesabı ilə 20000 manat məbləğində kredit vermişdir.

2. "xxxx" ASC-nin Badamdar filialı ilə Cavabdeh2 arasında 09 yanvar 2019-cu il tarixdə bağlanmış Z-210GTKR3306851AA saylı zaminlik müqaviləsinə əsasən sonuncu həmin müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.

3. 07 dekabr 2020-ci il tarixli BBLK3280204A208 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sahil filialı ilə X4 arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank müştəriyə Birkart ödəniş kartı vermişdir.

4. Maliyyə arayışından görünür ki, X2 17 mart 2022-ci il tarixə 09 yanvar 2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə 10458?94 manat əsas, 2127,37 manat faiz, cəmi 12586,31 manat, 07 dekabr 2020-ci il tarixli BBLK3280204A208 saylı kredit müqaviləsi üzrə 6000 manat əsas, 1229,39 manat faiz borcu, cəmi 7229,39 manat borcu vardır.

5. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, bank onlara borcun qaytarılması barədə xəbərdarlıq etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC iddia ərizəsi məhkəməyə müraciət edərək, X4 və Cavabdeh2nlfy müştərək qaydada 09 yanvar 2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə 10458,94 manat əsas, 2127,37 manat faiz, cəmi 12586,31 manat pul vəsaitinin, cavabdeh X1 07 dekabr 2020-ci il tarixli BBLK3280204A208 saylı kredit kart müaviləsi üzrə 6000 manat əsas, 1229,39 manat faiz, cəmi 7229,39 manat və 149,44 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış 09 yanvar 2019-cu il tarixli 210GTKİR3306851AA saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 26,34 faiz dərəcəsi ilə X4na kredit verilərkən Cavabdeh2 Bank arasında 09 yanvar 2019-cu il tarixli, Z-210GTKR3306851AA saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənməsi üçün bank qarşısında borcalanla birikdə cavabdehlik daşıyır. İddiaçı "Kapital Bank” ASC ilə cavabdeh X4 arasında bağlanmış 07 dekabr 2020-cu tarixli BBLK3280204A208 saylı kredit müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6000 Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsədə, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmərmişdir. Nəticədə cavabdehin 17 mart 2022-ci il tarixə İddiaçı ASC-nə 09 yanvar 2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə 10458,94 manat əsas, 2127,37 manat faiz, cəmi 12588.31 manat və xx.xx.2020-cu il tarixli BBLK32802044A208 saylı kredit kart müqaviləsi üzrə 6000 manat əsas, 1229,39 manat faiz, cəmi 7229,39 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həl olunma) borcun qaytarılması təmin edilməmişdir

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli 9/3269 saylı ekspert rəyindən görünür ki, 09 yanvar 2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə X2 İddiaçı ASC-yə olan əsas borcu 10465,91 manat, faiz borcu 2121,14 manat, 07 dekabr 2020-ci il tarixli BBLK3280204A208 saylı kredit müqaviləsi üzrə 6000 manat əsas, 1229,39 manat faiz borcu təşkil edir

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)- 94/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər X1 və Cavabdeh2 09 yanvar 2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə əsas borca görə 10458,94 manat, faiz borcuna görə 2121,14 manat, cavabdeh X1 07 dekabr 2020-ci il tarixli BBLK3280204A208 saylı kredit müqaviləsi üzrə 6000 manat əsas, 1229,39 manat faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 149,44 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə zamin 09 yanvar 2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə cavabdehlərdən 09 yanvar 2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, bu müqavilə üzrə hesablanmış əsas borc tələb edilən borcdan yüksək olduğundan iddiaçı tərəfindən tələb edilən miqdarda, faiz borcu ekspert rəyində göstərildiyi kimi tutulmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın cavabdehə aid hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, iddiaçı tərəfindən fərqli olaraq, onun mülki hüquqlarının məhkəmə müdafiəsi təmin edilməmişdir. Hazırkı mülki iş üzrə mülki qanunvericiliyin həmin normaları əsassız olaraq tətbiq edilməmişdir. Hesab edir ki, onunla bağlı zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarsa da, onun zaminliyinə xitam verilməmişdir. Birinci instansiya məhkəməsi işin bu faktiki hallarının dərindən və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafeləri məhkəmədə təsdiq olunmamışdır. Belə ki, məhkəmə, mülki iş üzrə əsas borclu digər cavabdeh X2, eləcə də, iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştiraklarının təmin edilməməsi və onlardan qeyd olunan iddia tələbi ilə bağlı izahatlarının alınmaması göstərilən prosessual normaların düzgün tətbiq edilməməsinin əyani təzahürüdür. Birinci instansiya məhkəməsi həmin prosessual hüquq normasına da, əməl etməmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, iş üzrə tətbiq edilməsi zəruri olan prosessual hüquq normaları tətbiq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

18. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin yalnız Cavabdeh2 münasibətdə iddia təmin olunan hissəsi mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. İşdə olan mötəbər sübutların məcmusu ilə təsdiq olunur ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh X4na illik 26,34 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə zaminlik öhdəliyini götürmüşdür.

21. Cavabdeh2 iddianın ona münasibətdə təmin olunmamalı olması barədə dəlillərini əsaslandırarkən, onunla bağlı zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarsa da, onun zaminliyinə xitam verilməməsini bildirmişdir. Lakin, Cavabdeh2 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür, kreditorla X4 arasında bağlanmış kredit müqaviləsi üzə öhdəliyin icrası vaxtının 09 yanvar 2023-cü il tarixdə başa çatması nəzərə alınarsa bankın zaminə qarşı hazırki tələblə iddia müddəti 09 yanvar 2025-ci il tarixədək müəyən edilir. Kreditor hazırki iddia ərizəsi ilə məhkəməyə 01 aprel 2022-ci il tarixdə, yəni, müqavilə üzrə öhdəliklərin icrası müddəti başa çatmadan müraciət etdiyindən zaminliyə xitam verilməli üçün əsaslar mövcud deyildir.

22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)- 94/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)- 94/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar