Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1042/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Pro Kredit” BOKT ASC-nin cavabdehlər Cavabdeh1 Fərhad oğluna və Cavabdeh2 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("kreditin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X2 və Cavabdeh1 Fərhad oğlunun nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "Pro Kredit” BOKT ASC-nin cavabdehlər Cavabdeh1 Fərhad oğluna və Cavabdeh2 qarşı "kreditin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3767/2022 saylı işi üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 Fərhad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh1 57 300 manat əsas borc, 2666 manat faiz, digər Cavabdeh2 5000 manat əldən çıxmış faydanın və 285 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-3767/2022 saylı işi üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 57 300 manat məbləğində əsas, 2666 manat faiz olmaqla, cəmi 59 966 manat pul məbləği, həmçinin ödənilmiş 262,20 manat dövlət rüsumunun Cavabdeh1 Fərhad oğlundan tutularaq "Pro Kredit” BOKT ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1,739.1, 739.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh1 iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Məhkəmə, digər Cavabdeh2 5000 manat əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Ona görə də, iddiaçı Cavabdeh2 Cavabdeh1 kredit verməməli olduğunu bildiyi halda sonuncuya kredit verildiyini sübut edə bilmədiyindən iddia təmin edilə bilməz.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı ilə Cavabdeh1 Fərhad oğlu arasında xx.xx.2021-ci il tarixdə PKLMB-0601 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaq şərtilə, 58 500 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödəniş 1365,24 manat müəyyən edilmişdir; - Sonradan iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli Əlavə razılaşma protokolu imzalanmış və sözügedən protokola əsasən xx.xx.2021-ci il tarixli PKLMB-0601 saylı kredit müqaviləsinə əsasən qalıq 58500 borcun müddəti əlavə olaraq 1 il 7 ay 15 gün müddətinə, illik 16 faiz olmaqla, aylıq 2057 manat ödəməklə uzadılmış və son ödəniş günü xx.xx.2024-cü il müəyyənləşdirilmişdir; - "Pro Kredit” BOKT ASC tərəfindən təqdim edilmiş 10 may 2022-ci il 18 nömrəli, 05 sentyabr 2022-ci il tarixli 18 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 Fərhad oğlu ilə təşkilat arasında bağlanmış xx.xx.2021-ci il tarixli PKLMB-0601 saylı kredit müqaviləsinə əsasən "Pro Kredit” BOKT ASC-dən götürdüyü 58500 AZN məbləğində kreditdən təşkilata xx.xx.2022-ci il tarixə ödənilməmiş 57300 manat məbləğində əsas borcu, 2666 manat faiz borcu olmaqla , cəmi 59966 manat məbləğində borcu qaldığı müəyyən edilmişdir(iş səh.7-11, 51, 55). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh1 Fərhad oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3767/2022 saylı qətnaməsini ləğv edib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1,385.1.1, 385.1.2, 385.1.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Kredit müqaviləsi üzrə hesabdan çıxarışda 1170 manat ödəniş öz əksini tapmamışdır. Bu isə öz növbəsində məhkəmə qərarının ziddiyyətli olduğunu, tələb irəli sürülərkən və qətnamə qəbul olunarkən hesablamaların düzgün aparılmadığını isbat edir."xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli PKLMB-0601 saylı kredit müqaviləsi üz öhdəlikləri təmin etmək məqsədi ilə tərəflər arasında xx.xx.2021-ci il tarixli PKLMB-0601 saylı Girov müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus qızıl-zinyət əşyaları girov qoyulmuşdur. Lakin iddiaçı öz tələbinin girov qoyulmuş qızıl-zinyət əşyalarına yönəlməsini istəmir və beləliklədə "xxxx" BOKT ASC həm kredit borcunu cavabdehdən tələb edir, həm də girov qoyulmuş qızılzinyət əşyalarını özündə saxlamaqla onları ələ keçirməyə çalışır. Qeyd edilən qızıl-zinyət əşyaları həmin vaxt məbləğində qiymətləndirilmiş və “Malların girovuna dair” AKT-a əsasən "xxxx" BOKT ASC-y verilmişdir. Bu məsələ cavabdehin Prokredit BOKT-a ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindədə öz əksini tapmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, faktiki mövcud olan borcun tutulması üçün öhdəliyin təmini olan girov əmlaka tutma yönəldilməlidir. Məhkəmə faktiki ödənişlərin məbləğini və yekun borcun faktiki məbləğini müəyyən etmək məqsədi ilə məhkəməmühasibatıq ekspertizası təyin etməli idi. Məhkəmə cavabdehin borcunu müəyyən edən sübut kimi iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslansa da, həmin arayışda ödənişlər öz əksini tapmadığından bu isə öz növbəsində arayışda göstərilmiş məbləğlərin düzgün olmadığından həmin sübut özlüyündə ziddiyyət təşkil edir. Məhkəmə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləğini aydınlaşdırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, “girov qoyan”ın B.O.K.T qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə "xxxx" BOKT ASC-nin direktoru X3 və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli PKLMB-0601 nömrəli girov müqaviləsi bağlanmışdır; - PKLMB-0601 xx.xx.2021-ci il tarixli qəbzə əsasən Cavabdeh1 tərəfindən 1170,00 AZN ödəniş edilmişdir(iş səh.76, 79).
6. Cavabdeh1 Fərhad oğlunun nümayəndəsi Vəkil cavabdehin xx.xx.2021-ci il tarixdə 1170 manat ödəniş etdiyini, lakin həmin məbləğin kredit müqaviləsi üzrə hesabdan çıxarışda öz əksini tapmadığını, iddiaçı tərəfdən məbləğin ödənilməsi barədə hər hansı məlumatın təqdim edilmədiyini, bundan əlavə tərəflər arasında girov müqaviləsinin olduğunu,həmin girov müqaviləsinə əsasən iddiaçıya qızıl-zinət əşyalarının təqdim edildiyini və bununla bağlı məhkəməyə heç bir məlumat verilmədiyini, eyni zamanda tərəflərindən cavabdehə həmin aktın və digər sənədlərin sürətlərinin onlara təqdim edilməsi barədə sorğu verdiklərini, lakin bu günə qədər sorğularına cavab verilmədiyini bildirmiş, iddiaçı tərəfin həm girovda olan əşyaları saxlamaqla hüquqdan sui-istifadə etdiyini, həm də borcu artıqlaması ilə tələb etdiyini qeyd etmiş, qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X2 57300 manat məbləğində pulu cavabdehdən tələb etdiklərini, girov müqaviləsinə münasibətdə isə təminat olduğunu halda kredit müqaviləsinə görə tələbin həmin təminata yönəldilməsinin iddiaçının hüququ olduğunu, vəzifəsinin olmadığını, qanununvericilikdə belə bir göstərişin olmadığını bildirmişdir.
8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432-ci maddəsində əsasən 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 432.2. Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir.Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir.Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
11. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
12. Məcəllənin 458-ci maddəsinə əsasən 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər; 458.2. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.
13. Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 324, 385-390, 425.1, 427, 442, 443.1, 445.1, 448.1, 467, 560, 739, 741,743; Mülki Prosessual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.
16. Cavabdeh kredit münasibətləri üzrə girov qoyulduğunu və 1170 manat məbləğındə etdiyi ödənişin nəzərə alınmadığını şikayətinin dəlilləri kimi irəli sürmüşdür. Qeyd edilməlidir ki, tələb üzrə borcun girova yönəldilməsi iddia predmeti olmağından onun müzakirəsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir və borc ödənildiyi təqdirdə cavabdehin girov qoyulmuş əmlakını geri tələb etmək hüququ vardır. Ödənilən məbləğ üzrə isə borcun hesablanmasında uyğunsuzluq müəyyən edilmir. Belə ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "Pro Kredit” BOKT ASC-dən götürülən 58500 AZN məbləğində kreditdən xx.xx.2022-ci il tarixə ödənilməmiş 57300 manat məbləğində əsas borcu tələb edilir ki, xx.xx.2021-ci il tarixli qəbzə əsasən Cavabdeh1 tərəfindən 1170,00 AZN ödəniş nəzərə alınanda sadə riyazi hesablama ilə, əsas borcun düzgün müəyyən edildiyi öz təsdiqini tapır.
17. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 Fərhad oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3767/2022 saylı işi üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.