Məhkəmə qərarları › İş №2(103)-10431/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10431/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10431/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işin baxılmamış saxlanılmasına dair mülki iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2(009)-2147/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcu tələbinə dair məhkəmədə iddia qaldıraraq, cəmi 20761.05 manat – bundan 7057.80 manat əsas, 6700.32 manat faiz, 5956.29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1046.64 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.09.2021-ci il tarixdə Cavabdeh iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 19.07.2017-ci il tarixli onunla "xxxx" ASC arasında bağlanmış 051T07170050 saylı kredit müqaviləsinə xitam verilməsi və "xxxx" ASC-nin ona borclu qaldığı 5142,28 manat icarə haqqının onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2147/2021 saylı, 16.09.2021-ci il tarixli qərardadı ilə Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmış, Cavabdeh “icarə haqqı borcunun ödənilməsi” tələbi ilə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli qərardadından şikayət vermiş, Məhkəmənin 23.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi ilkin iddia ərizəsi ilə birbaşa əlaqəlidir. Mülki Prosessual Məcəlləsinin 155.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etmirlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2(009)-2147/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası MPM-in 155.1-ci maddəsinin məzmununda dəyişiklik edilmiş və maddədə nəzərdə tutulan “işin baxılmasına başlanana kimi” sözləri “bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində” sözləri ilə əvəz edilmişdir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olmaqla, qərardadın ləğvinə səbəb olmadığından təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Cavabdeh qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2(009)-2147/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar